Güney Qafqaz – aktiv geopolitika obyekti

Ərəb ölkələrində baş verənləri indiyədək biz yalnız demokratik proseslər olaraq dəyərləndirmişik, bundan uzağa getməmişik. Kimi bilərəkdən, kimi bilməyərəkdən. Indi açıq yazmaq gərəyi yaranır: mən başda olmaqla biz indiyədək bu prosesləri bir (anlamlı olaraq bəlli siyasi konyunkturaya uyğun dəyərləndirmişik. Ərəb ölkələrində zəncirvari reaksiya xarakteri alan proseslərə başqa bir prizmadan – geopolitik maraqlar prizmasından yanaşma, dəyərləndirmə kimi obyektiv gerçəklik faktorundan qaçmışıq. Başqalarını bilmirəm, mən bunu bizim çağdaş milli maraqlarımızı güdərək etmişəm.

Fransa prezidenti Sarkozinin Güney Qafqaza indiki qaçaraq turnesi bizə indiyədək demədiyimizi, demək istəmədiyimizi dedirdir: ərəb ölkələrində baş verən zəncirvari demokratik proseslərin arxasında çağdaş dünya güclərinin toqquşan geopolitik maraqları, Hantinqtonun dililə desək, “sivilizasiyaların savaşı” durur. Bunu biz bir daha Sarkozinin Güney Qafqaza indiki gəlişindən, başlıcası da, demək olar, yüz il qabağın Batı Azərbaycanında, sonralar terror, qanlı qırğın yolu ilə “Ermənistana” çevrilmiş əlaltı dövlətin başkəndi Irəvanda etdiyi çıxışdan da görürük. (Yeri gəlmişkən, ADR hökuməti bir sıra böyük dövlətlərin basqısı altında 1918-ci ildə Irəvanı 99 illiyə ermənilərə arendaya verib. 2017-ci ildə arendanın çağı bitir!)
Sarkozidən çağa uyğun sərt, konkret demokratiya mesajları gözləyirdik. Sarkozi çağ baxımından yerinə düşməyən (eləcə də yeri olmayan!), yalnız bir sıra bəlli dövlətlərin geopolitik maraqları sarıdan özünü doğrulda biləcək bir çıxışda bulundu. Sarkozinin Irəvandakı çıxışı Fransa dövlətinin prezidentindən qat-qat artıq erməni yönlü, yəhudi kökənli bir yetki yiyəsinin demarşına bənzəyir. Getdikcə kəskinləşən Türkiyə-Israil konflikti fonunda bu DEMARŞ sözü istər-istəməz ayrıca aktuallıq qazanır. (“Liberasyon” başda olmaqla Fransanın bir sıra qəzetləri Sarkozini Irəvan çıxışına görə qınadılar).

***

Sarkozinin çıxışının sonundan başlayaq: “Fransa Türkiyəyə ultimatum verə bilməz, bununla biz iki xalqın birləşməsinə yardım göstərə bilmərik. Ancaq qəbul olunması üçün 1915-ci ildən bu yana çox keçib, Fransanın Türkiyə başqanlığının addımlarına cavabı tez addımlar olacaq”. Göründüyü kimi, Sarkozi açıq-aydın ultimativ bir dillə danışaraq yalançı, qondarma “erməni soyqırımını” tanıması üçün Türkiyəni qorxudub, geri çəkilməyə, daha doğrusu, ermənilər,  yəhudilər qarşısında Türkiyənin əlini yerə qoymasına – təslim olmasına çalışır.
“Fransa Türkiyəyə ultimatum verə bilməz, bununla biz iki xalqın birləşməsinə yardım göstərə bilmərik”. Bununla Sarkozi nə demək istəyir? Türkiyə güclü dövlətdir, onunla ultimativ dildə danışmaqla istəyimiz baş tutan deyil. Onların istəyi nədir? “Iki xalqı” – “Ermənistan” erməniləri ilə Qarabağ ermənilərini bir araya gətirmək. Hansı yolla? Əski planlara uyğun olaraq, Azərbaycan torpaqlarında yeni bir erməni dövləti yartmaqla, sonradan bu iki erməni dövlətini birləşdirib, “Böyük Ermənistan” yolunda daha bir addım atmaqla. Burada başlıca amac, başlıca istək erməni ideyasına uyğun “Böyük Ermənistan” yaratmaq deyil, 20-ci yüzilin başlanğıcında qanlı qırğın, terror yoluyla Azərbaycanla Türkiyə arasına vurulmuş “Ermənistan” pazını daha da genişləndirməkdir – budur geopolotika! Çox ilginc bir görsənişdir: Sarkozi Türkiyə ilə bağlı qorxu da sərgiləyir, qorxutma da. Yada itlə bağlı bir pritça düşür: “Itdən soruşurlar: ”Niyə hürürsən?”. Deyir: “Qorxuduram”. Soruşurlar: “Niyə quyruğunu bulayırsan?”. Deyir: “Qorxuram”.
“Fransa Türkiyəyə ultimatum verə bilməz”, – deyən Sarkozi çıxışını ultimatumla bitirib. Bəs Sarkozi çıxışını necə başlayıb? Ultimatumla. Türkiyə erməni soyqırımını danaraq dursa, Fransa erməni soyqırımının danılmasının kriminallaşması ilə bağlı qanunvericiliyə dəyişiklik edəcək”, –  Sarkozi belə deyib. Bu, ultimatum deyil, nədir? Bəlli olduğu kimi, son çağlar Israil hökuməti də Türkiyəyə yönəlik oxşar ultimatumlar səsləndirməkdədir. Beləliklə, Türkiyə istər-istəməz düşmən üçbucaqla üzləşməli olur.
Sarkozi bildirir: “Türkiyə ötən yüzilin başlanğıcında öz tarixinin qara səhifəsini boynuna alsaydı, Fransa ilə Ermənistan bunu barış yönündə güclü jest, barışığa doğru böyük addım sayardı”. Biz indiyədək “Ermənistanı” Rusiyanın PROTEKTORATI bilirdik, sən demə, “Ermənistan” eləcə də Fransanın PROTEKTORATI imiş! “Öz gözündə tiri görməyib, özgə gözündə tük axtarmaq” buna deyirlər. Belədirsə, Əlcəzair başda olmaqla dünyanın bir çox yerlərində Fransanın tökdüyü qanlara görə kim cavab verməlidir? Buna qalsa, Avropanın, Amerikanın bir sıra dövlətləri törətdikləri bəlli soyqırım faktlarına görə çoxdan məhkəməyə çəkilməli idi. Qondarma “erməni soyqırımına” gəlincə, bir sıra fransız tarixçilərinin də yazdığı kimi, Rusiya başda olmaqla bəlli Avropa dövlətlərinin yardımı ilə 1860-cı illərin başlanğıcından Türkiyədə ermənilər Türkləri qırmağa girişmiş, bu qırğınları, yenə də Rusiya başda olmaqla bəlli Avropa dövlətlərinin yaxından yardımı ilə Güneyli-Quzeyli bütün Azərbaycana yaymışdılar. Türkiyə dövləti gecdən gec olaraq ÖZÜNÜQORUMA hüququndan yararlanmışdı!
Sarkozinin çıxışındakı bir yer, daha doğrusu, bir mesaj ayrıca maraq doğurur. O, Türkiyənin “erməni soyqırımını” tanıması üçün deyir: “Tez-tez öz cəsarətini göstərən Türkiyə kimi böyük ölkə özündə güc taparaq buna gedərsə, Fransa üçün soyqırımı qanuni şəkildə tanımaq yetərli oardı”. Istər-istəməz Israil hökuməti, konkret olaraq, bu hökumətin Fələstinə yönəlik aqressiyası ilə bağlı Ərdoğanın sərt təpkiləri, kəskin, CƏSARƏTLI çıxışları yada düşür! Bir də Türkiyə hökumətinin “Özgürlük donanması” ilə bağlı baş verənlərdən dolayı Israil hökumətinə sərt, CƏSARƏTLI təpkiləri… Bunlar hamısı Azərbaycana, Azərbaycan hökumətinə görk olacaq görsənişlərdir.

***

“Ermənistan” prezidenti, terrorbaşı Sərkisyan bu yaxınlarda erməni gənclərinə üz tutaraq demişdi: “Biz Qarabağı almışıq, sizin də borcunuz Ağrı dağını (Türkiyə) almaqdır”.

***

Ermənilər Naxçıvanı Azərbaycandan qoparmağa yönəlmiş qurum yaradıblar.

***

Ermənilər eləcə də Gürcüstanı parçalamağa yönəlmiş qurum yaradıblar.

***

Bugünlərdə AŞ PA-nın 25 avropalı deputatı qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanıdığını bildirib. Bizdə kimlərsə bunu ölkəmiz üçün qorxulu görsəniş saymırlar. Ola bilsin, deputat sayı indilikdə qorxulu deyil, bu say artaraq getsə necə? Ermənilər Dağlıq Qarabağı almağa girişəndə də biz beləcə düşünürdük: “Qorxusu yoxdur. Ala bilməzlər. Gücləri çatmaz”. Onlar terror, qanlı qırğın yoluyla alıb yiyələndiklərini indi diplomatik çalışmalarla dünyaya tanıtmağa çalışırlar. Başında satqın YAP yetkililərinin, korrupsioner generalların, kommunist-nomenklatura elementlərinin durduğu əliyevçi Azərbaycan diplomatiyası bizə yalnız uğursuzluq qazandırmağı bacarır…
Enerji resursları ilə zəngin Azərbaycan Türkiyə kimi güclü bir qardaş dövlətlə gerçəkdən qardaşlıq ilişkilərində bulunsaydı, ermənilər, erməni yandaşları sarkozilər üstümüzə indiki kimi toplu-tüfəngli gəlmək CƏSARƏTINDƏ bulunmazdılar. Onlar, onlar kimilər Azərbaycanla Türkiyənin bir-birindən çox uzaqlaşdığını, ayrı düşdüklərini gözəl bilirlər. Bildiklərinə görə də onlar o yanda Türkiyəni, bu yanda Azərbaycanı təkləyib yenmək siyasəti yürüdürlər. Burası ayrıca vurğulanmalıdır: onlar Ilham Əliyevdən, Ilham Əliyevin ata kursuna bağlı antitürk-antimilli siyasətlərindən bütünlüklə arxayındılar – bu siyasət bizə düşmən güclərin GEOPOLITIK maraqlarına uyğun siyasətdir!
Irəvanda qondarma erməni “soyqırım” anıtına baş əyən Sarkozi Bakıda Şəhidlər xiyabanına getməyi gərəksiz saydı. Belə bir deyim var: bir adamın ölümü faciə, yüz adamın ölümü statistikadır. Sarkozi kimilər üçün bir erməni qaniçəninin, bir erməni terrorçusunun ölümü faciə, Qarsdan Qubayadək ermənilərin minlərlə Türkü qırması faktı statistikadır. Yeri gəlmişkən, Şəhidlər xiyabanında erməni qırğınlarına tanıqlıq eləyən ayrıca Türkiyə Şəhidliyi var. Görünür, Sarkozi bir də buna görə Şəhidlər xiyabanına getmək istəmədi. Volter, Hüqo, Sartr ölkəsinin prezidentinə bax – erməni daşnak mafiyasının əlində oyuncaq olub!
Faktlardan göründüyü kimi, Sarkozinin “Ermənistanla” Gürcüstana gəlişi SIYASI, Azərbaycana gəlişi BIZNES xarakterli idi. Sözsüz, bütün dünya liderləri kimi Sarkozi də əliyevçi hakimiyyətin BIZNES-BAZAR hakimiyyəti olduğunu gözəl bilir.
Sarkozinin Güney Qafqaza gəlişi çoxdan planlaşdırılmışdı. Sarkozi Irəvandan sonra Azərbaycana gələcəyini də qabaqcadan bilirdi. Enerji resursları ilə zəngin Azərbaycan-Türk ölkəsinə Sarkozi, sonradan göründüyü kimi, biznes bağlaşmaları bağlamaq üçün gəlirdi. Ən azı, bu bağlaşmaların baş tutması, Azərbaycana gəlişinin uğurla sonuclanması üçün Sarkozi Irəvanda o sayaq kəskin antiTürkiyə – antiTürk çıxışlarında bulunmamalı idi. Bulundu – Əliyevlər hakimiyyətinin antimilli hakimiyyət, antiTürk hakimiyyəti olduğunu, “bir millət – iki dövlət” formulunun bu hakimiyyət üçün keçərli olmadığını bildiyinə görə! Sarkozi Irəvanda necə danışmağından, hansı siyasəti sərgiləməyindən asılı olmayaraq, Bakıda Ilham Əliyevin ona geniş qucaq açacağından arxayın idi…

P.S. Sarkozinin ardınca əlaltı TV-lərdə antiSarkozi propaqandası yapıldı. Görünür, Sarkozi rejimin yaralı yerinə toxunmağı da unutmayıb: “Demokratiya! Bizə bir az da demokratiya verin – Azərbaycan üçün!..”.