Üzündə dəhşətli dərəcədə, başqa heç bir vaxt görünmədiyi şəkildə sevinc ifadəsi ilə yeraltı keçidlərin, yolların, körpülərin açılışında iştirak elədiyinə, sevimli qayçısı ilə qırmızı lenti kəsdiyinə görə Dövlət başçısını tənqid eləyirlər, dodaq büzürlər, daha doğrusu dodaqları qaçır. Ama nahaq yerə!
Həmin anlarda onun üzündə görünən gülüş, sevincdən gözlərin qıyılması, ağız künclərinin yuxarı dartılması mənə yaxşı tanışdı, başıma çox gəlməsə də, gəlib; adam heç cür ağzını yığa bilmir, beyindən gələn fərəhli siqnallar adamın üzünü istədiyi səmtə dartdıqca dartır. Hərçənd ki, mən ömrüm boyu belə halı iki, ya üç dəfə yaşamışam, ya yox. Dövlət başçısı isə, ən azı keçidlərin sayı qədər sevinə bilib.
Sözün açığı, heç vaxt inanmamışam ki, adam açılış eləməklə bu cür idarəolunmaz ölçüdə sevinə bilə. Illah da Əliyev kimi kədərli birinin bir lent kəsməyə görə bu cür sevinci inandırıcı deyil. Ama dünən Qubad Ibadoğlunun açıqladığı faktları oxuyanda anladım. Sən demə, 2 km yol üçün büdcədən, Neft Fondundan 63 milyon manat pul ayrılıbmış. Nə bilim şəhərin işıqlandırılmasına 198 milyon və s. Səmimi deyirəm, mən də sevinərdim, sevindiyimdən ağzımın əyilməsi də mümkün idi.
Dünən yenə də AzTV-də keşmiş iş yoldaşımız, alovlu inqilabçı Ibrahim Məmmədli qaşlarını çataraq Buzovnadakı açılışdan süjet verirdi. Prezident yenə də keçid açırdı. Yenə də eyni qaydada sevinirdi. Hə, yeri gəlmişkən, həmin idarəolunmaz gülüşü Fransa prezidenti Nikola Sarkoziylə Fransız liseyinin açılış törənində də müşahidə elədim. Halbuki onların brifinqi zamanı hər ikisinin üzü son dərəcə ciddi, hətta deyərdim, sərt və acıqlı idi. Elə bil çox ağır söhbətdən çıxıb gəlmişdilər. Bir-birinə xoş sözlər deyə-deyə kədərlənir və qəzəblənirdilər.
Fransa prezidenti demişkən, yadıma onun Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycana gəlişi və gedişi düşdü. Bütün bu səfərdən mənim hafizəmdə ancaq bir şey qaldı, ancaq bir assosiasiya yaşadım.
Elə bil, Sarkozi o boyda göyü uça-uça Azərbaycana bir liseyin açılşına görə gəlibmiş. Üz qatda bundan başqa bir şey bilən varsa, mənə də xəbər eləsin. Qalanları boş şeydi – kiminə zabit rütbəsi verdi, kiminə vermədi, kiminin öpdü, kimini yox. Sanki dünya siyasətinin üslubu kökündən dəyişib. Hər şey semiotik forma alıb. Indi danışılanları yox, deyilənləri yox, həmin danışıqlarda iştirak eləyən işarələri, rəmzləri tutmaq lazımdı. Daha heç kim açıq demir ki, mən kiməm, səni kim sayıram, sabah necə olacaq. Üz qatda hər şey sadəcə rəngdir.
Adamı heyrətə gətirir – məgər bir liseyin açılışından ötrü bir dövlət başçısının başqa bir dövlətə səfəri əbləhlik deyilmi? Əbləhlikdi. Özü də dünyanın bu qanlı-qadalı vaxtı. Ama dediyim kimi, bu, üz qatda olandı və özü də bir işarədi. Yəni sizinlə bizimki bir bağça-lisey səviyyəsindədi və biz bu günə yox, upuzun sonrakı sabaha inanırıq. Hər halda bu səfər hakimiyyətin ürəyincə olsaydı, onun pərdəarxası məqamlarını yaxşı bilən Mehdiyevin göstərişi ilə dövlət qəzetləri və televiziyalar dayanmadan Sarkozini topa tutmazdılar. Lisey söhbəti isə bir yandan bu səfərə qlamur cild vermək, o biri yandan da mesajı ötürməkdi – “biz sabahın fransızca danışa, düşünə və idarə eləyə bilən Azərbaycanına inanırıq və o Azərbaycanın da Fransaya inanmasını istəyirik”.
Təməli qoyulan o liseydə də rüşvət, korrupsiya olacaqmı, bunu bir Allah bilir. Hər halda Əliyev gülürdü. Ürəyi açılmışdı. Sadə Azərbaycan vətəndaşının da ürəyi nə vaxtsa açılacaqmı? Bunu bəlkə heç Allah da bilmir. Ama Sarkozinin bildiyinə yüz faiz inanıram. Bəlkə hələ Əliyevə də pıçıldayıb…