Demokratiya – düşüncənin dadlı məhsulu (III hissə)

AXCP sədrinin müşaviri Sahib Kərimov məhbəsdən «Azadlıq»a yazır

Qarşı tərəfin xəstə erməni millətçiliyini, separatizmi və düşmənçiliyi daha da körükləyən avtoritarizmdir, qaranlıqlardır. Hətta indi, azadlıqların olmadığı zamanda, erməni cəmiyyətinin içində Qarabağın onların olmadığını, bu münaqişədən ən çox itirən tərəfin ermənilər olduğunu dilə gətirənlər tapılırsa, demokratik ortamda aparılan ictimai müzakirələrdə bu meyllərin güclənəcəyi şübhəsizdir.

əvvəli ötən saylarımızda

“Cinayət də” pərdələnib

Silkələnmək və ayılıb XXI əsrdə yaşadığımızı dərk etmək zamanıdır. Demokratik islahatların gecikməsi xalqımıza qarşı haqsızlıqdır. Demokratiyanı, azadlıqları tələb etməkdən dolayı bu gün dustaq həyatı yaşayırıq. Həbsimizə səbəb elə qanuni tələblərimizdir. Məqsəd bizim timsalımızda cəmiyyətin gözünü qorxutmaqdır. Amma faydasızdır. Ilk növbədə ona görə ki, “cinayət” dosyemizdə “demokratiya istəyinə görə həbs edilir” yaza bilmirsiniz. Daha sonra ona görə faydasızdır ki, bu istəyi tək biz tələb etmirik, bu, çoxluğun iradəsidir. Hamının yerləşdiyi zindanlar isə dağılır, yox olur.
Həbs edildiyim gün müstəntiqlərin biri mənə dedi ki, mitinqdə avtobus sürücüsündən qapını açmağı tələb etdiyimə görə həbs olunuram. Qarabağ qaçqını olan vətəndaşın avtobusuna mitinq iştirakçısı təpik vurub deyən müstəntiq, üzünə ciddi görkəm verib, bunu müxalifətin Qarabağa münasibəti kimi xarakterizə etdi.
Azadlıq və demokratiyanın qapısını açın tələbimi pərdələyib, “vətənpərvər” notlarla yazılan “cinayət” dosyesi tarixin ironiyasıdır. Avtobus sürücüsü Sərvan Məhərrəmov həqiqətən Qarabağdan qaçqın düşüb. Amma onun evini yandıran, qohumlarını öldürən, dədə-baba yurdundan didərgin salan cani Sərkisyanla dinc müzakirə, bitməyən dialoq mühiti qorunub saxlanır. Hər cür sayıqlaması təklif olunan yol xəritəsinin müzakirəsinə əngəl olmur. Mənim Sərvana “avtobusun qapısını aç, içəridəkilər polisin püskürtdüyü qazdan boğulmasın” tələbim isə 2 (iki) il azadlıqdan mərhum edilməyimlə nəticələnir. Ictimai Palatanın təqdim etdiyi demokratiyaya keçidin yol xəritəsi isə heç müzakirəyə belə, layiq bilinmir.
Məhbəsdən xalqımızın gələcəyinə, demokratiyaya açılan sabahlar ümidi ilə, hər kəsə, hətta bizi azadlıqdan məhrum edənlərə azadlıq diləyi ilə…