Demokratiya – düşüncənin dadlı məhsulu (II yazı)

AXCP sədrinin müşaviri Sahib Kərimov məhbəsdən «Azadlıq»a yazır ABŞ və Avropa, o cümlədən konkret beynəlxalq qurumlar nə zaman YAP hakimiyyətindən demokratik islahatlar tələb etsə, həmən onlara qarşı amansız təbliğat cəbhəsi açılır. Efirdən, “nakişi Avropa neft lazım olan kimi üstümüzə gəlir”, “Amerika imperialistdir” kimi ifadələr rəsmi təbliğatın leksikonuna düşür. Maraqlıdır, biz enerji resurslarımızı Avropaya satmayıb da kimə satacaqdıq? Şimal qonşumuz neft-qaz ölkəsi Rusiyaya, ya cənub qonşumuz Irana? Bəlkə hər mənada qaz ölkəsi Türkmənistana? Dövlət büdcəsinin 80 faizini formalaşdıran enerji resurslarımızın əksəriyyətini həmin Qərb ölkələrinə satmırıqmı? Üstəlik, enerji daşıyıcılarına, infrastruktur layihələrinə, neft kəmərlərinə yan-yörədən olan təhdidlərə qarşı daim bu ölkələrin təminatı bizə rahatlıq vermirmi? Xəzər dənizindəki hərbi kater ABŞ vətəndaşlarını qoruyur?

əvvəli ötən sayımızda

Sabitlik önəmlidir, yoxsa islahat?

Beynəlxalq Inkişaf Agentliyi, Avropa Yenidənqurma və Inkişaf Bankı kimi qurumların ölkəmizdə infrastruktur layihələrinə ayırdığı qrantlar, həyata keçirilən pilot layihələr, göstərilən yardımlar fonunda islahatlar keçir “daha güclü ol” məsləhətinə və bu, heyrət doğurur.
Islahatlardan önəmli sabitlikdir deyib, Iraqı ABŞ-a baş qaxıncı edən zehniyyət bu gün fərqindədirmi ki, Həcc ziyarətinin marşrutunu illərin “sabitlik” ölkəsi Suriyadan Iraqa keçirir. Tarix və zaman beləcə cavablandırır. YAP rəsmiləri vaxt tapıb Rusiyadan niyə danışmırlar? Ermənistanı silahlandırmasından niyə narazılıqlarını dilə gətirmirlər? Neftimizi yüz il təmənnasız daşıyıb, dünya müharibəsinin udulmasında həlledici rol oynayan bu təbii sərvətin qarşılığında bizi qələbəsinə belə, şərik etməyən Rusiyadan hansı dostluq görmüşük, yardım almışıq?
Demokratik Yaponiya Rusiyanın şərqindən qərbinə uçub gəlib burda məktəb, uşaq baxçası tikir, kəndlərdə artezian quyular qazır da, qonşumuz evimiz yananda niyə su gətirməyi bir dəfə özünə borc bilmir? Aydındır! Demokratiyanın gözəlliyi burda da görünür. Demokratik dünyanı haqsız tənqid etmək, avtoritar ölkəni haqlı tənqid etməkdən asandır.
Yazının bu hissəsində oxucuya təəccüblü gələr ki, Türkiyə ilə bağlı heç nə yazmayaq. Türkiyə mövzusu fərqli yanaşma tələb etdiyindən, ayrıca bir yazının mövzusu ola biləcəyindən qısa qeydlə kifayətlənirəm.
Türkiyə bizim üçün elə bir dövlətdir ki, zaman-zaman ictimai müzakirəyə çıxan Azərbaycanla konfederasiya məsələsinə münasibətdə bütün zümrələrdən olan çoxluq buna müsbət yanaşır, etirazı olan azlıq isə bunu dilinə gətirməyə belə, cəsarət etmir. Deməli, Türkiyə bizim özümüzdür.

Demokratiya həm də təbii istəkdir

Əvvəllər YAP iqtidarı xalqımızı inandırmağa çalışırdı ki, biz hələ demokratiyaya xalq olaraq hazır deyilik. Amerika, Avropa demokratiyasının iki yüz illik təcrübəsi var, odur ki, hələ tələsməyin. Şərqi Avropa ölkələrindəki islahatlara, Ukrayna, Gürcüstan və Moldovadakı məlum proseslərə qarışıq, bitkin olmayan reaksiyalar verirdilər. Düşüncələri müxtəlif istiqamətlərə yönəltməyə cəhdlər olurdu. Demokratiyaya keçidin ləngiməsini neft amilinə, müsəlman ölkəsi olmağımıza bağlamaq cəhdləri cəmiyyətin fəal hissəsinə inandırıcı gəlməsə də, sıradan insanlarda buna inanmaq meylləri yox deyildi.
“Ərəb baharı” həqiqətən dünyanın rəngini dəyişən hadisə oldu. Al bu da sənə neft ölkələri, bu da müsəlman dünyasının istəyi.
Indi hakimiyyət siyasi leksikonunu dəyişib. Sən demə, biz demokratik ölkəyik. Hansı dəyişiklik oldu görən? Demokratiyaya 5-6 il öncə hazır olmayan xalqımız necə oldu ki, birdən özünü demokratik cəmiyyətdə gördü? Kim dəyişdi? Xalq, yoxsa iqtidar?
Bu ölkənin insanı demokratiyanın nə olduğunu bilir və onun gerçəyini istəyir. Bu başqa mövzudur ki, o, istəyini necə ifadə edir? Bu istəyi açıq ifadə edib repressiya olunanlar da var, onlarla həmrəy olub, hələlik fəallıq göstərməyə tələsməyənlər də. Bu iki zümrənin ölkə insanının əksəriyyəti olduğuna şübhə yoxdur. Yerdə qalan azlığın da demokratiyanı özünə təhdid görən qrupla birgəliyi zahiridir. Onlar da belə davam edə bilməz düşüncəsindədirlər və zərurəti dərk edirlər. Sadəcə fərqləri budur ki, həlledici səlahiyyətli qrupun nəhayətində dəyişikliklərə və islahatlara qapı açacağına inam var.
Demokratiya və islahatlar bu ölkədə təbii istək halına gəlib. Siyasi azadlıqlar olmadan, hüququn aliliyi təmin edilmədən, əmlak toxunulmazlığına təminat verilmədən sahibkarlıq inkişaf edə bilməz. Vətəndaşa iş yerini sahibkar açmalıdır və bizneslə sərbəst məşğul ola bilməlidir. Dövlət bizneslə nə qədər çox məşğul olsa, korrupsiya bir o qədər çox olacaq. Dövlətin görəvi iş adamı üçün ölkənin daxilində və xaricində münbit şərait yaratmaqdır. Təbii ki, şəffaf idarəetmə və tənzimləmələrlə. Tənzimləmə dedikdə isə burda da demokratik hakimiyyətlərlə antidemokratik hakimiyyətlərin fərqləri ortaya çıxır. Birincilər inkişaf edən biznesdən bərabərliklərin pozulması, monopoliyaların yaranması, vətəndaşların əmək hüquqlarının pozulması kimi halları qoruyurlar. Həm də dövlətçi mənafedən çıxış edərək daha çox sahibkar olmasında maraqlıdırlar. Onlar, həmçinin bir ölkənin qüdrətinin belə vətəndaşlarının sayı ilə ölçüldüyünün fərqində olurlar.
Demokratik seçki ilə iqtidara gələn siyasi qüvvənin güclü və zəngin fərdlərdən qorxusu olmur. Çünki sıradan vətəndaşla iri biznes sahibi arasındakı hüquq və siyasi bərabərliyi daim təmin edən iqtidarlar əksəriyyətin etimadını qazana bilir.
Antidemokratik iqtidarlar isə, azad biznesə rəqib kimi baxmaq məcburiyyətindədirlər. Belə iqtidarların özlərinə inamı olmur, xalqın onlardan narazı olduğunu bilirlər. Cəmiyyətdə güclü fərdlərin olması. Üstəgəl böyük biznesin xeyrini, meylləri daim alternativ ola biləcək parlaq adamlar yarada bilər deyə. Azad biznes antidemokratik sistemin düşmənidir.
Inkişaf edən biznes ilk növbədə azad düşüncə mühiti formalaşdırır, vətəndaşı ələbaxımlıqdan azad edir. Böyüməyə can atan biznes yeni sahələr axtarışında olur. Media sektoru, yeni texnologiyaların yaradılması kimi sahələrə investisiya qoymağa və sahələri inkişaf etdirməyə çalışır. Azad biznesin təqdim etdiyi yeniliklər, böyük korrupsiya mənbəyi olan sahələrin, su, qaz, elektrik təchizatı kimi xidmət sektorunun onun idarəedilməsinə verilməsini zərurət halına gətirir ki, bu da nəzarətin olmadığı antidemokratik ortamda iqtidarlara sərf etmir.
Göründüyü kimi, demokratiyanın olmaması bazar münasibətlərini, azad rəqabəti, sahibkarlığı və nəticədə iqtisadiyyatı təhdid edir. Bu isə o deməkdir ki, əhalinin gəlirləri artmır, insanlar inkişaf edə bilmir. Adamlar gündəlik müşahidələri ilə işsizliyin, monopoliyanın, korrupsiyanın onların həyatında oynadığı mənfi rolu təhlil etdikcə səbəbin demokratiyada olmadığı qənaətinə gəlirlər.
Bir ölkədə bütün seçkilər saxtalaşdırılırsa, gənclik gələcəyə hansı ümidlərlə baxa bilər? Mövcud status-kvo axı ona heç bir perspektiv vəd etmir…
Orta məktəbin ibtidai sinfində oxuyan şagirdin illər sonra övladı da məktəbə gedəndə təhsil naziri eyni adamdırsa və dövlətin başqa bir qurumu təhlil nəticəsində elan edirsə ki, təhsilin səviyyəsində illərdir irəliləyiş yoxdur, bu, anormallıq deyilmi?
Dəyişiklik, yeni nəfəs, rəqabət yoxdursa, eyni adamlar on illərlə nazir olaraq qalırsa, bizdən başqa bu ölkəni heç kim idarə edə bilməz deyirlərsə, bu, insanları təhqir etmək deyilmi? Günümüzün əsas real problemləri kimi bunları çox sadalamaq olar. Ictimai Palatanın təqdim etdiyi demokratiyaya keçidin “yol xəritəsi” milli həmrəyliyə uzanan əldir, hamının həqiqəti dərk edəcəyinə inamın ifadəsidir, problemləri sivil yollarla həll edə bilən xalq kimi dünyanın rəğbətini qazanmaq imkanıdır, xalqımızın xoş gələcəyi naminə keçmişdəkiləri unuda bilərik mesajıdır, bir sözlə, gerçək dövlətçilikdir.

Dərdimizdən özünüzə dərman düzəltməkdənsə, dərdimizə dərman tapaq

Demokratiya tələblərinə hakim zehniyyətin “bizim Qarabağ kimi dərdimiz var” münasibəti heç bir əndazəyə sığmır. Ölkənin ən böyük dərdinə çarə tapa bilməməyin məsuliyyətini dərk etmək əvəzinə, bu problemdən hakimiyyətlərin uzadılması məqsədi ilə istifadə etmək, yalnız avtoritar düşüncənin məhsulu ola bilər.
Təəssüf ki, regionun Avroatlantik məkana inteqrasiyasında maraqlı olan mərkəzlərin bəziləri, Qarabağ münaqişəsinin bu inteqrasiya prosesinə və investisiyaların qoyuluşuna əngəl olduğunu dərk etməklə yanaşı, müəyyən zaman kəsiyində avtoritarizmin güclənməsinin danışıqlarda güzəşt mühitinin yaranmasına kömək edəcəyi qənaətinə gəlmişdilər. Bu dönəmdə beynəlxalq səviyyədə gedən Qarabağ müzakirələrində, hər iki tərəf güzəşt etməlidir bəyanatları fonunda, ölkə daxilində vətəndaş cəmiyyəti institutları sıradan çıxarıldı. Kövrək beynəlxalq reaksiyalara isə incə demokratik cavablar verildi ki, güzəşt mühiti yaradılır. Xeyli itkilərdən və geriləmələrdən sonra Qarabağ danışıqlarında vasitəçiliyi üzərinə götürən və Demokratiyaya sadiqliyini ifadə edənlər fərqində oldular ki, xalqımız torpaq itkisi ilə barışmaz və iqtidar xalqın iradəsinə qarşı bu məsələdə addım atmağa cəsarət etməz. Hakimiyyət bu dönəmdən avtoritar idarəetməni möhkəmləndirmək üçün istifadə etdi.

ardı var