b.esed2

Çin də Əsədə xəbərdarlıq etdi

Suriya diktatoruna yönəlik sərt addımlara mane olan Pekin indi onun qarşısında islahat tələbi qoydu

Suriya hakimiyyətinə qarşı sərt sanksiyaların qəbuluna veto qoyan BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri Çin də artıq Əsəd rejiminə xəbərdarlıq ünvanlayıb. Çin Xarici işlər nazirliyi Suriya hakimiyyətini ölkədə köklü islahatlar keçiriləcəyinə dair verdiyi sözə dərhal əməl etməyə çağırıb. Nazirliyin sözçüsü Liu Veymin keçirdiyi mətbuat konfransında bildirib ki, Əsəd rejimi dərhal ölkədə demokratik iqtisadi-siyasi islahatların həyata keçirilməsinə başlamalıdır.

Bu arada “The New York Times” qəzetinin yazdığına görə, ABŞ və Türkiyənin fikrincə, tətbiq olunan iqtisadi sanksiyalardan sonra vəziyyəti getdikcə pisləşən Bəşər Əsədin 6-18 ay ərzində vəzifəsini tərk edəcək. Məqalədə qeyd olunur ki, Türkiyə və ABŞ-dakı analitiklər 7 aydan bəri davam edən hökumət əleyhinə nümayişlər qarşısında duruş gətirməyi bacaran Əsəd rejiminin legitimliyini qorumasında mühüm rol oynayan ölkə iqtisadiyyatının böyük zərbələr aldığı qənaətindədir.

Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına görə, pul vahidinin dəyər itirməsi, iqtisadi çöküşü getdikcə sürətlənən, turizm sektoru ciddi zərər görən və ən əhəmiyyətli sektorlarının beynəlxalq sanksiyaların hədəfinə gələn Suriyanın bu il 2 faizdən artıq iqtisadi tənəzzüllə üzləşəcəyi gözlənilir.

ABŞ və Türkiyə rəsmiləri Əsəd rejiminin qısa zamanda devrilməyəcəyinə, hökumətin bu ilin sonuna qədər duruş gətirə biləcəyini düşünürlər. Ancaq sanksiyaların və daxili etirazların Əsəd hakimiyyətini 6 -18 ay ərzində çökdürəcəyini ehtimal edirlər. Obama administrasiyasının adı açıqlanmayan rəsmisinin sözlərinə görə, beynəlxalq birlik Əsəd rejiminin yıxılmasını sürətləndirəcək prosesləri gözləyir. Bəşər Əsədə qarşı bütün suriyalıları ayağa qaldıracaq amilin iqtisadi faktor olduğunu söyləyən amerikalı rəsmi bildirib ki, iqtisadi tənəzzüllə üzləşəcək Əsədin yaxın ətrafı və onu dəstəkləyənlər də Suriya diktatorundan üz çevirəcək.

Xatırladaq ki, Avropa Birliyinin Suriyaya qarşı snaksiyaları bu ilin noyabrnda tamamilə həyata keçirildiyində Suriyanın valyuta ehtiyatlarının üçdə birini təşkil edən təbii qaz və neft ixracatı ciddi zərbələr görmüş olacaq. Bundan əlavə, Suriyada yaşanan xaos illik 7.7 milyard dollar gəlir gətirən turizm sənayesinə də böyük zərər vurub.

İnformasiya şöbəsi