Sual edə bilərsiniz ki, iqtidar təbliğatçıları niyə zaman-zaman Mehman Əliyevi hədəfə alır? “Turan”“” informasiya agentliyinin direktoru, əslində, intriqadan uzaq, iddiasız, kifayət qədər mədəni bir adamdır. Amma bəzən onun sakitcə, emosiyasız söylədiyi düz sözlər çoxlarını yerindən oynadır. Yandırıb-yaxır. Sərt üslubdan uzaq olan Mehman bəy durub-durub birdən elə sözlər deyir ki, bu sakit həqiqətlər öz hədəflərinin əsl ifşasına çevrilir.
Mehman bəy indi təkcə jurnalist deyil. Çox nüfuzlu ictimai xadimdir, Azərbaycanda ictimai ovqata yüksək təsirə malikdir. Azərbaycan siyasəti haqda, iqtisadi durum barədə aydın təsəvvürləri və əsl vətəndaş mövqeyi ilə seçilən bir adamdır. O, söz azadlığının canlı təmsilçisidir. Bunları onu tərifləmək üçün demirəm. Biz jurnalistlərin ona böyük hörməti onsuz da heç kimdə şübhə yaratmır. Bütün bunlar niyə Mehman Əliyevin zaman-zaman hədəfə alındığını aydınlaşdırmaq üçündür. Azərbaycanın yalanla idarə edildiyi, talanla dağıdıldığı bir vaxtda bu cür dürüst və fəal adamın tez-tez Bəxtiyar Sadıqov kimilərinin hədəfinə gəlməsi isə təbiidir.
Olsun. Amma bu, nəyi dəyişəcək? Bəxtiyar Sadıqovun fikri nəyisə dəyişsəydi, təriflədiyi hakimiyyətə münasibəti dəyişərdi. Bir az öncə işçiləri bu adamı öz kitabını onlara yazdırtmaqda ittiham edib… Bəxtiyar Sadıqov isə Mehman bəyi ermənipərəstlikdə ittiham edir. Mövqeli adamlara belə yarlıkların yapışdırılması artıq iflasa uğramış üsuldur. Kaş ki, nəinki Bəxtiyar Sadıqov, hətta onun tərif dediyi adamlar Azərbaycanı Mehman bəy qədər sevəydi. Onda Mehman bəy təqaüdə çıxıb dincələrdi. Baxmayaraq ki, bütünlüklə ölkəni idarə etməyə qabiliyyəti və ədaləti çatar…
Bəxtiyar Sadıqovun tərifi bu hakimiyyəti daha da gözdən salırsa, onun tənqidi nə təsirə malik olacaq?! Bunlar yalnız Mehman bəyin fikirləri qarşısında darmadağın olmasını gizlətməyə yönələn səylərdir. Bunlar yalnız Mehman bəyin nüfuzunu möhkəmlədir. Onun davasını möhkəmlədir. Sadəcə, adam ölkənin halına acıyır…
Donos da işə düşüb
Hakimiyyət Vəkillər Kollegiyasını müstəqil vəkillərə qarşı prokurorluğa çevirdikdən sonra yeni-yeni biabırçılıqların şahidi oluruq. Vəkillər Kollegiyası cinayətlə məşğuldur, siyasi sifarişlə müstəqil vəkilləri sıradan çıxarmaqla insanların ədalətli mühakimə haqqını pozur. Nəticədə hakimlər sifarişli hökmləri daha asan həyata keçirir, daha asan sənədləşdirir.
Görün, bu işlər nə həddə çatıb ki, heç kimin tanımadığı bir adamın ağlasığmaz məktubu ilə vəkil Elçin Sadıqova təzyiqlərə başlayıblar.
Həmin vətəndaşın yazdığı məktubda deyilir ki, guya Elçin Sadıqov vəkili olduğu Eynulla Fətullayevi 2013-cü ildə prezident seçdirmək istəyir və özü də Vəkillər Kollegiyasının sədri olmaq istəyir. Bunun əsasında vəkilin fəaliyyətini yoxlamaq olar? Lap tutaq ki, bu ağlasığmaz iddialar doğrudur, burada qanunsuz nə var axı? Kiminsə prezident olmasını istəmək heç bir qanuna zidd deyil. Vəkillər Kollegiyasının sədri olmağı istəmək qanunsuzluqdursa, indiki sədr də ittiham edilməlidir.
Elçin Sadıqov bir qayda olaraq məhkəmələrdə jurnalistləri müdafiə edir. Kifayət qədər savadlı, peşəkar bir vəkildir. Prinsipialdır, cəsarətlidir. Ona qarşı əvvəllər də təzyiqlər olub. Ona qarşı yeni təzyiqlərin başqa müstəqil vəkillərin sıradan çıxarılması dövrünə təsadüf etməsi isə hər şeyi deyir. Bu da həmin repressiyadan, həmin cinayətdəndir.