Bir öz Əliyevinizə baxın, bir də bizim Əliyevimizə

Mehman Əliyevə hökumətin rəsmi divar qəzetlərindən hansınınsa baş redaktoru Bəxtiyar Sadıqovun atdığı daşlara dostumuz Şahvələd Çobanoğlu dünən “Azadlıq”da tutarlı bir cavab yazmışdı. Söhbəti həmin yazı ilə bitirmək də olardı.

Üstəlik, düşünürəm ki, Mehman bəyin hətta bizim də müdafiəmizə ehtiyacı yoxdur. Onun bütün qarayaxmalara, hücumlara qarşı ən gözəl müdafiəsi, ən layiqli cavabı tərcümeyi-halıdır, bu ölkəyə, onun azadlıq və demokratiya mücadiləsinə xidmətləridir.
Mən Mehman Əliyev haqqında keçənlərdə “Azərbaycanın ən vicdanlı Əliyevi” yazmışdım. Yazdıqlarımın üstündə durur və Bəxtiyar Sadıqova deyirəm: indi bir özünüzün Əliyevinizə baxın, bir də bizim Əliyevimizə, sonra danışın.

***

Şahvələd bəyin dünənki o çox tutarlı yazısının hər cümləsinin, hər sözünün altına mən də buradan imza atarkən həm də kiçik bir əlavə etmək istəyirəm.
Ey Bəxtiyar Sadıqov! Bu gün sənin qaralamağa, ləkələməyə çalışdığın Mehman Əliyev Azərbaycanda prezident, nazir demirəm, Allahın bir komitə sədri olsaydı, indi sən onun haqqında nələr yazırdın, bilirəm. Onu necə göylərə qaldırırdın, tərifin dozasını haracan artırırdın, təsəvvür edirəm. Sən və sənin kimilər sadəcə, imtiyazlı, səlahiyyətli adamlara xidmət üçün yaranıblar. Sən və sənin kimilər yalnız heç bir imtiyazı, səlahiyyəti, inzibati gücü olmayan insanlara şeşələnə bilirlər.
Mehman Əliyevin yeganə suçu odur ki, onun babat bir vəzifəsi yoxdur. Heç olmasa, komitə sədri, icra başçısı deyil. Olsaydı, indi “ermənipərəst” adlandırdığın Mehman bəy haqqında rəsmi divar qəzetinin səhifələri “ən böyük vətənpərvər”, “millətinin aşiqi” kimi bəlağətli təriflərlə aşıb-daşırdı.

“Eks-prezidentlər” haqqında qanun və Səid

Bir haqsızlığa etiraz etmək istəyirəm.
Son vaxtlar ən çox müzakirə olunan mövzulardan biri eks-prezidentlər haqqında qanun layihəsidir. Camaatı bu qanunun Elçibəy və Ayaz Mütəllibova şamil edilib-edilməyəcəyi düşündürür. Əcaib mənzərə yaranıb: ölkənin cəmi iki qanuni prezidenti olub, amma indi qanunun məhz onlara aid edilib-edilməyəcəyi dartışılır.
Ancaq etiraz etmək istədiyim haqsızlıq bu deyil. Məni maraqlandıran budur ki, niyə həmin qanunun kimləri əhatə edəcəyindən danışılarkən hazırda həbsdə yatan Səid Dadaşbəyli unudulur? O, niyə eks-prezidentlər barədə qanundan payına düşəni almamalıdır?
Bilməyənlərə xatırladım: Səidin həbsinə rəvac verən ittihamnamədə açıq yazılıb ki, o, 2006-cı ilin noyabrında prezidentin səlahiyyətlərini ələ keçirib və 2007-ci ilin yanvarınadək faktiki olaraq Azərbaycan prezidenti vəzifəsini yerinə yetirib.
Düzdü, xalq bundan gec – Səid həbs edilib barəsində ittihamnamə hazırlanandan, məhkəmə də o ittihamnamə üzərindən bu gənci 14 il azadlıqdan məhrum etdikdən sonra xəbər tutub, amma nə dəxli var? Onun haqqında ittihamnamə – onun eks-prezidentlik statusunun təsdiqidir, etirafıdır.
Qısası, Ayaz Mütəllibov tamam… Elçibəy tamam… Mən indi təzə qafiyə açmaq istəyirəm: eks-prezidentlər haqqında qanun Səid Dadaşbəyliyə necə, şamil olunacaqmı?

Həzz mövsümünün gəlişi

Keçən bazar “Rövşən Qənbərov Kamal Abdullanın pullarını necə batırdı?” başlıqlı bir yazı yazmışdım. Yazarkən də arı yuvasına çöp soxduğumun, vızıltıdan qulaq tutulacağının fərqindəydim.
Buyurun, həngamə başlayıb. Ana Vətən Partiyasının keçmiş sədr müavini, “balaca Fəzail Ağamalı” deyə biləcəyimiz, ədəbiyyatın mərsiyyədeyəni Salam Sarvan imzalı birisi artıq dünən Kəmaləddin müəllimin saytlarının birində ağzının qatığını o ki var, dağıdıb. Hər cümlədə, sadəcə, təhqir, hədə, hədyan, söyüş. Bir sözlə, çarəsizliyin son silahları. Arqumentsizlərin son sığınacaqları. Döşəyin gəlsin e! Buna görə evinizə bir qismət çörək aparacaqsınızsa, nə mutlu mənə!
Mən indi, sadəcə, arxasını gözləyirəm. Növbədə hansı muzdla qələmə sarılananlar var, onlar nə zəvzəkləyəcəklər, necə yaxa-başlarını cıracaqlar, onları gözləyirəm. Hiss eləyirəm ki, çox əyləncəli olacaq, çox.
Bir yazar üçün yazdığının bu qədər dəqiqliklə hədəfə dəyməsini seyr etməkdən gözəl heç nə ola bilməz. Dadını çıxarmağa, həzz almağa çalışacağam. Belə fürsət hər zaman ələ düşmür.