Tarixi dəyişən qanlı Türkmənçay müqaviləsi
1813-cü ildə Qarabağda Zeyvə çayı yaxınlığında Gülüstan kəndində rus ordugahında məşhur Gülüstan müqaviləsi bağlanır. Bu o vaxt idi ki, rus çarı I Aleksandr Napoleon Bonaparta qarşı Leypsiqdə müharibə cəbhəsində idi. Ancaq Iranla sülh müqaviləsi ona Fransadan daha vacib idi. Müqavilənin bir bəndinə əsasən Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı, Talış xanlığı, Şərqi Gürcüstan və Dağıstan Rusiyaya təslim edildi. Xəzər dənizində yalnız Rusiyaya hərbi donanma saxlamaq hüququ verilirdi. Həmin müqavilə sərhədlərin dəyişdirilməsinə əsas təmin edirdi.
1826-ci ildə II Rusiya-Iran müharibəsi başladı. Bu müharibədə ruslar Naxçıvanı, Xoyu, Mərəndi, Ərdəbili və Təbrizi tutdular.
1828-ci il fevralın 9-da Təbriz yolunun üç verstliyində yerləşən kiçik Türkmənçay kəndində ikinci sülh sazişinin sonuncu iclası keçirildi. Fevralın 10-na keçən gecə münəccimin təyin etdiyi vaxtda barışıq paktı imzalandı. Müqaviləni Rusiya tərəfindən Ivan Paskeviç, Iran tərəfindən isə Mirzə Əbdül Həsən xan imzalamışlar.
Elə həmin an müqavilənin bağlanması münasibətilə rus toplarından 101 yaylım atəşi açıldı. Səfir Qriboyedov sabahı gün bu “xoş xəbəri” Rusiyaya çatdırdıqdan dərhal sonra Petropavlovsk qalasından da top atəşləri açıldı. Azərbaycanın tarixi taleyində faciələrə yol açan bu müqavilənin xəbərini hökmdara çatdıran Paskeviç qraf elan edildi. Türkmənçay sazişinin digər iştirakçısı “Ağıldan bəla” komediyasının müəllifi Qriboyedova 4000 çervon ənam verildi, Obrezkovun nişanlısına isə üç yüz minlik cehiz hədiyyə edildi.
Iran şahı həzrətləri öz adından və öz vərəsələri adından Arazın o tayı və bu tayı üzrə Irəvan xanlığını və Naxçıvan xanlığını Rusiya Imperiyasının tam mülkiyyətinə güzəştə getdi.
Müqaviləyə görə Irəvan və Naxçıvan Rusiyaya verildi. Iranda yaşayan ermənilər Irəvana, Naxçıvana və Qarabağa köçürüldü. Xəzər dənizi Rusiyanın daxili dənizi hesab edildi.
Bundan sonra ermənilərin kütləvi sürətdə Azərbaycan ərazilərinə köçürülməsi başladı. Xüsusi köçürülmə komitəsi yaradıldı. 1828-1829-cu illərdə Irandan 40-50 min, Türkiyədən 90 min erməni Azərbaycana köçürüldü.
Gülüstan müqaviləsindən fərqli olaraq, Türkmənçay müqaviləsinin şərtləri daha tez reallaşdı. 1828-ci il martın 21-də Iranla müharibənin başa çatması və barışıq imzalanması haqqında sülh sazişi təsdiqləndikdən sonra çox sərt şəkildə Azərbaycan torpaqlarının işğalı üçün etnik mənsubiyyətin cidd-cəhdlə dəyişdirilməsinə dair dövlət siyasəti və strateji məqsədin yerinə yetirilməsinə başlandı.
“Türkmənçay övladları” ermənilər
Yeni işğal olunmuş Irəvan və Naxçıvan xanlıqlarının torpaqları ermənilərin əlinə keçdi. 1828-ci il martın 21-də Rusiya ilhaq olunmuş iki Azərbaycan xanlığı ərazisində “erməni vilayəti” yaradılması barədə fərman verdi. Bu sənəd Rusiya imperiyası qanunlarının tam külliyyatında nəşr edilmişdir.
Halbuki qədim Irəvan torpaqları lap qədimdən müsəlmanların yurdu olmuş, düşmən qüvvələri qarşısında möhkəm dayanmışdı. Hətta rus-Iran müharibəsində burada yaşayan azərbaycanlılar çarın işğalçı qoşunlarına qarşı qəhrəmancasına döyüşmüşdülər. Lakin ermənilərin xəyanəti üzündən Iran həmin müharibədə məğlub oldu.
Ermənilər bu sazişdən və onun şərtlərindən çox məmnun idilər. Bu sazişlə çar Rusiyası ermənilərin Cənubi Qafqazda dövlət yaratmasına və qan tökməsinə imkan verdi. Tarixçilər erməniləri Türkmənçayın övladları adlandırır. Çünki tarix elminin də təsdiq etdiyi kimi, Türkmənçayadək ermənilər vətənsiz olublar. Onları ruslarla birləşdirən din birliyi idi və eyni zamanda, I Pyotrun vəsiyyətinə və siyasətinə uyğun gəlirdi. Bu yerdə erməni tarixçisi Anahid Terminasın sözlərini yada salmamaq olmur: “Ermənilər 1917-ci ilədək Qafqazın heç bir məntəqəsində çoxluq təşkil etməmişlər və onların müəyyən bir əraziləri də yox idi…”. Çarizmin xristianlaşdırma siyasətinin davamı kimi XX əsrin əvvəllərinə qədər Azərbaycanda bir milyondan çox erməninin məskunlaşması həyata keçirildi. Türkmənçay müqaviləsi xalqımızın tarixini və ərazilərini dəyişdi.
Sazişin birinci şərti Azərbaycan torpaqlarının bölünməsini təsdiqlədi. Gülüstan müqaviləsi Türkmənçay müqaviləsi ilə əvəz olundu. Irəvan və Naxçıvan xanlıqlarının ilhaqı təsdiqləndi. I Nikolayın 1828-ci il 21 mart tarixli fərmanı ilə rəsmən Azərbaycan torpaqlarında “Erməni vilayəti” adlı qurum yaradıldı, gürcü knyazı, şair, general-mayor Aleksandr Çavçavadze həmin vilayətə rəis təyin edildi. 1840-cı ildə “Erməni vilayəti” qurumu ləğv edildi, 1849-cu ildə onun yerində Irəvan quberniyası təşkil olundu. Müqavilənin daha bir ağır şərtinə əsasən, Qafqaz sıra dağları və Xəzər dənizi arasında yerləşən bütün torpaqlar Rusiyaya tabe olundu.
Qriboyedov Iranda nazir-rezident təyin edildi. Bu adam bütün qüvvəsi ilə çarizmin Iranda müstəmləkəçilik siyasətini reallaşdırmağa çalışırdı. Lakin bu siyasət ölkədə qalmaqallarla müşayiət olunurdu. Odur ki, 1829-cu il yanvarın 30-da Qriboyedov missiyanın bir neçə üzvü ilə birlikdə Iranda qətlə yetirildi.
Araz üzərindən asılan əbədi ayrılıq körpüsü
Gülüstan müqaviləsindən fərqli olaraq, Türkmənçay müqaviləsi haqqında manifest özünü çox gözlətmədi. 1828-ci il martın 21-də Iranla müharibənin başa çatması və Rusiya ilə Iran arasında sülh bağlanması haqqında manifest verildi. Ən geci çar I Pyotrun (1689-1725) zamanından Azərbaycan torpaqlarının işğalı üçün onun etnik mənsubiyyətinin ciddi-cəhdlə dəyişdirilməsinə dair dövlət siyasəti və strateji məqsədin yerinə yetirilməsi burada təsbit edildi. Yeni işğal olunmuş Irəvan və Naxçıvan xanlıqlarının torpaqları …qədim Ermənistanın bir hissəsi elan olundu.
Elə həmin gün – 1828-ci il martın 21-də Rusiyaya ilhaq olunmuş iki Azərbaycan xanlığı haqqında belə bir adda vilayət yaradılması barədə fərman verildi.
Türkmənçay müqaviləsi preambula və 16 maddədən ibarət idi. Gülüstan müqaviləsinin ayrı-ayrı maddələrinin məzmunu Türkmənçayda əks olunmuş, onun IX və X maddələrində nəzərdə tutulmuş məsələlərə aid xüsusi ticarət aktı imzalanmışdı.
Türkmənçay müqaviləsinin preambulasında sülhün zərurətindən və onu imzalayanların (I.Paskeviç, A.Obrezkov və Abbas Mirzə) səlahiyyətindən bəhs olunurdu.
Birinci maddə ilə əbədi zamanadək sülh elan olunurdu. Türkmənçay müqaviləsi əsasən, 1917-ci ilin oktyabrında bolşeviklərin hakimiyyəti ələ alması ilə, rəsmən isə RSFSR və Iran arasında 1921-ci ildə bağlanmış müqavilə ilə qüvvədən salınmışdı. Yeni müqavilə imzalanarkən təkrarən tarixi ədalətsizliyə yol verilmişdir. Gülüstan və Türkmənçaydan sonra bu müqavilə də Azərbaycanın bölüşdürülməsini təsdiq etdi.
Ikinci maddə ilə Gülüstan müqaviləsinin qüvvədən düşdüyü və onun Türkmənçay müqaviləsilə əvəz olunduğu bildirilirdi.
1917-ci il fevralın 27-də Rusiyada Türkmənçay müqaviləsini bağlamış Romanovlar sülaləsi devrildi, Müvəqqəti hökumət (1917-ci il mart-oktyabr) quruldu. Yeni hökumət çar Rusiyasının xarici siyasət xəttinə sadiq qaldığını bildirdi. Əsas dəyişikliklər bolşeviklərin hakimiyyəti ələ alması ilə baş verdi.
Bolşeviklər hakimiyyəti ələ aldıqdan sonra elan olunmuş dövlət sənədlərində xarici siyasətin ümumi istiqamətləri, o cümlədən Şərq ölkələrinə münasibət əksini tapmışdır. Rusiyanın elan etdiyi xətlə konkret siyasəti arasında mahiyyət etibarı ilə bəzən kəskin fərqlər vardı. Şübhəsiz, sovet Rusiyası çar hökumətinin 1828-ci il Türkmənçay müqaviləsi ilə Azəbaycan torpaqlarını parçalamasına da etinasız yanaşdı…
O zamandan bəri bir xalqı iki yerə parçalayn bu müqavilə ilə Azərbaycanın böyük faciələri başlandı. Araz çayı üzərindəki Xudafərin körpüsü parçalanmış xalqımızın ayrılıq və həsrət simvoluna çevrildi…
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir