Bakıdakı dəhşətli faciənin təfərrüatları

İki az yaşlı uşağı evqarışıq yanan redaktor «Azadlıq»a nələri danışdı?

Vasif Turan: «Hadisədən bir gün öncə evimizin qarşısında «Toyoto» markalı maşın hərəkət edirdi»

Ölüm haqdır, deyiblər. Insan ölmək üçün doğulur. Ancaq həmən yox. Həyatdan heç nə dadmayan insanın ölməsi və yaxud öldürülməsi qədər faciəli bir şey yoxdur. O iki məsum körpənin həyat yaşantısı kimi…
Bir anın içərisində hər şey külə döndü və o iki çocuq bu dünyaya əlvida dedi…
Söhbət Rüfət və Əhməd Sultanov qardaşlarından gedir. Rüfətin 9, Əhmədin 11 yaşı vardı. Onlar o gecə – oktyabrın 8-də evdə tək qalmışdılar. Valideynləri nənələrinə baş çəkməyə getmişdilər. Ancaq onların gedişi bir neçə dəqiqədən o yana keçmədi. Evin yanması xəbərini verən qəfil zəng hər şeyi alt-üst etdi.

“Bu, mənim peşə fəaliyyətimlə bağlıdır”


Hadisə Abşeron rayonunun Qobu qəsəbəsində olub. “Yeni məhəllə” adlanan ərazidə Bolgexeber.com saytının redaktoru Vasif Turana (Sultanlı) məxsus yaşayış evində baş verən yanğın nəticəsində onun iki uşağı yanaraq tələf olub.
Ailəyə yaxın şəxslər ilk gündən yanğının qəsdən törədildiyini deyirlər. Əllərində konkret faktlar olduğunu söyləyən şəxslər bildirirlər ki, yanğın zamanı mənzilin qapısı arxadan bağlı olub. Yanğın gecə saatlarında qəfil baş verib. Həmin vaxt Vasif Turan həyat yoldaşıyla qayınanasıgildə olublar. Gec olduğundan uşaqları özləri ilə aparmayıblar. Qayınanasıgilə çatdıqdan 15 dəqiqə sonra onlara evin yandığını xəbər veriblər. Onlar qayıdıb mənzillərinə çatana kimi alovun bütün evi bürüdüyünü görüblər.
Ailənin yaxınları evin bu şəkildə yandığını anlaya bilmir: “Boş olan mənzildə belə alov necə ola bilər? Vasifin mənzili təmirsiz idi. Bir otaq orta təmirli idi. Ailə də həmin otağa sığınmışdı. Yanğının bu şəkildə dəhşətli olması hələ də qaranlıqdır. Bu, qəsdən törədilib”.

Vasif Turan deyir ki, evdən çıxanda qapını arxadan bağlamayıblar: “Tez gedib qayıdacaqdıq deyə, qapını arxadan bağlamadıq. Evin qapısını isə içəridən bağlamaq mümkün deyil. Məni şübhələndirən də budur. Yanğın törədilib. Hadisə yerinə gələn prokurora da bu barədə məlumat verdim. Düşünürəm ki, bu, mənim peşə fəaliyyətimlə bağlıdır. Çünki evin qapısının arxadan bağlı olması, hadisənin şahidinin dediyinə görə, evdə partlayışın baş verməsi şübhələnmək üçün yetərincə əsas verir. Prokurorluq işçiləri də mənə bildirdilər ki, ilk olaraq peşə fəaliyyətimə görə bu olayın baş verməsi versiyasını araşdıracaqlar”.

Vasif Turan son günlər bir neçə nəfərin onu təhdid etdiyini söyləyir. Kimlərin təhdid etdiyi barədə isə hələlik danışmaq istəmir. Fikrini belə izah edir: “Bir müddət idi ki, yazdığımız yazılarla əlaqədar təhdid olunurdum. Hələlik onların kimliyi barədə danışmaq istəmirəm. Məclisi yola verdikdən sonra bu barədə geniş araşdırma aparacam”.

Ev partlamazdan öncə…


Baş redaktor deyir ki, hadisənin şahidi ona maraqlı məlumat verib: “Şahid deyir ki, ev partlamazdan öncə yaxınlıqdan iki nəfər keçdi. Həmin o iki nəfər öz aralarında pıçıldaşırmışlar. Daha sonra bu bədbəxt hadisə baş verib”.
Vasif Turan deyir ki, olay baş verməzdən öncə evlərinin qarşısında “Toyoto Prado” markalı ağ rəngli avtomobil “peyda” olub: “Yoldaşımın da halı indi pisdir. Bir neçə dəfə bayılıb. Oktyabrın 7-də evimizin qarşısında ağ rəngli ”Prado” olub. Onu uşaqlarım da görübmüş. Həmin maşını idarə edən şəxs bir neçə dəfə evimizin qarşısından ötüb yuxarı başa gedib-qayıdıb. Hətta uşağım onlara “atam gələn kimi ona deyəcəm ki, evimizin qarşısında gəzirsiniz” deyib. Onlar evimizin arxa hissəsinə keçib ətrafa diqqət yetiriblər. Indi onların kim olduğunu bilmirəm. Ancaq işi araşdırıb onların kim olduğunu üzə çıxaracam”.

Vasif Turan hazırda doğulduğu Yardımlı rayonunda uşaqlarının yas mərasimindədir. O, yanğın zamanı aldığı xəsarətlərdən müalicə olunur: “Yanğın zamanı bir neçə dəfə evə girmək istədim. Sonuncu dəfə cəhd zamanı evdə partlayış oldu. Bu zaman başımdan, ayağımdan və qolumdan yanıq xəsarətləri almışam. Hadisə vaxtı əraziyə gələn Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları ilkin yardım göstərdilər. Indi isə tam müalicə prosesi keçirəm”.
Yanğının başvermə səbəbləri barədə ekspertiza rəyi barədə baş redaktor bildirdi ki, hələlik ona heç nə deyilməyib: “Rayonda olduğum üçün hələlik ekspertizanın rəyindən xəbərim yoxdur. Yəqin ki, yaxın bir-iki gün içində məsələ ilə ciddi şəkildə məşğul olacam”.

Qaz balonu partlamayıb!

35 kvadratmetr ərazidə tikilmiş evdən yalnız dörd divar yadigar qalıb. Baş redaktorun evi dəhliz, iki otaq və bir mətbəxdən ibarət idi. Divarlar yalnız suvanıb, başqa təmir işləri aparılmayıb, boya və ya divar kağızı isə hələ çəkilməyib. Evin bir divarı tamamilə qaraya bürünüb. Bu otaqdan ümumiyyətlə, istifadə edilməyib. Hətta az istifadə edilməyən əşyaları da bura yığmırdılar. Bir sözlə, yanğına səbəb ola biləcək heç nə bu otaqda yox idi. Suvağı olan divarın hansı səbəbdən bu qədər qaralması başadüşülən deyil. Qaralmanın yaranması üçün hansısa yandırıcı maddə olmalıdır. Bütün bu hallar yanğının qəsd olması ehtimalını gücləndirir.
Mətbəxdə qab-qacaq yanıb, kiçik qaz balonu isə bir küncdədir. Qaz balonuna heç nə olmadığı üçün yanğına bu əşyanın səbəb olması inandırıcı deyil. “Yeni məhəllə”də qaz xətti yerli-dibli yoxdur. Yanğının hansı səbəbdən baş verməsi qobulular üçün maraqlıdır. Hadisə zamanı iki partlayışın baş verməsi bəzi qaranlıqlara qismən də olsa işıq salır.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda Vasif Turana məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli, 2 otaqlı evin yanar konstruksiyaları və əşyalarının yandığı qeyd olunub: “Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər tərəfindən yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın saat 23:09-da söndürülüb”.

Ramin DEKO