Bakıda daha bir dəhşətli tikinti maxinasiyası

«Kamran» MMC şirkəti əhalini aldadaraq insanların ümumilikdə 4,5 milyon manat pulunu mənimsəyib

Dünən Media Mərkəzində hüquq müdafiəçisi Ələkbər Məmmədovun təşkilatçılığı ilə çoxmərtəbəli binanın sakinləri ilə bir sıra tikinti şirkətləri arasında yaranan problemlərlə bağlı mətbuat konfransı keçirilib.
Hüquq müdafiəçisi Ələkbər Məmmədov bildirib ki, Bakı şəhəri Yasamal rayonu 3-cü yeni Yasamal massivi, D.Bünyadzadə küçəsi 34-B ünvanda yerləşən və tikintisi yarımçıq dayandırılan binanın gələcək sakinləri dələduzluq yolu ilə aldadılıblar. Onun sözlərinə görə, “Kamran-B-Ə” MMC, “Şaiq və Şərur” tikinti şirkətləri onları aldadaraq pullarını mənimsəyiblər. Belə ki, 2008-ci ildən təməli qoyulan binanın tikintisi yarımçıq qalmasına baxmayaraq, mənzillər 2-6 və daha çox nəfərə satılıb. Ələkbər Məmmədov bildirib ki, adı çəkilən binanı tikən “Kamran” MMC şirkətinin rəhbəri Ələkbər Babayev əhalini aldadaraq insanlara ümumilikdə 4,5 milyon manat ziyan vurub. Bu məbləğ bank hesabına köçürülməyib. Öz növbəsində, zərərçəkən Əli Əliyev bildirib ki, şirkətin sahibkarı və direktorları ilə 2008-ci ildə ilkin müqavilə bağlayıblar. “Ilkin müqaviləni bağlayarkən ”Kamran-B-Ə” MMC-nin rəhbərliyi bizə bildirdilər ki, iki bloklu binanın bir bloku Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına məxsusdur və heç bir problem olmadan bina 30 ay müddətinə tikilib başa çatacaq”, – deyə Əliyev əlavə edib.
Onun sözlərinə görə, 2010-cu ildə tikintisi başa çatdırılmalı olan binanın tikintisi 2010-cu ilin iyununda dayandırılıb və heç bir səbəb göstərilməyib.
Zərərçəkən Əli Əliyev yaranmış acınacaqlı şəraitlə bağlı şirkətin rəhbəri ilə görüşsə də, şirkət rəhbəri baş verənlərə biganə yanaşıb. Daha sonra mətbuat konfransında digər zərərçəkənlər şikayətlərini dilə gətiriblər.
Sonda onlar dövlət başçısı ilham Əliyevə müraciət edərək, tez bir zamanda şirkət sahibi və onun nümayəndələri barəsində ölçü götürülməsi və pulların geri qaytarılması üçün köməklik göstərilməsini istəyiblər(Turan).