Beynəlxalq Bankın prezidenti məhkəməyə verilir

Cahangir Hacıyevin adı “Bakı Quşçuluq”la bağlı qalmaqalda hallanır

 

Sentyabrın 30-da “Bakı Quşçuluq” ASC-nin səhmdarlarının növbədənkənar ümumi iclası keçirilib. Iclas cəmiyyətin 93 faizinin sahibi olan “Xəzər Menecments Sistems” MMC-nin tələbiylə çağırılıb. Bu barədə “Azadlıq”a “Bakı Quşçuluq” ASC-nin səhmdarı Şahin Əlizadə məlumat verib.  Onun sözlərinə görə, MMC cəmiyyətin idarəetmə orqanlarına müraciət edərək cəmiyyətin ləğv məqsədilə yığıncaq çağırılmasını tələb etmişdi. Bu mənada iclasda cəmiyyətin ləğv edilməsi və ləğvetmə komissiyasının formalaşdırılması məsələsi gündəliyə salınıb. Iclasa cəmiyyətdə işləmiş 40-a yaxın  səhmdar və birja vasitəsilə və ya çek hərraclarında iştirak edərək səhmləri əldə edən 20-yə yaxın  səhmdar qatılıb.
Idarə heyətinin sədri Dünyamin Xəlilov yığıncağa gəlməyib. Payçılar bunun səbəbilə maraqlananda bildirilib ki, Şəkidə keçirilən yığıncaqda IH sədri başqa adam seçilib və D.Xəlilovun artıq cəmiyyətə aidiyyəti yoxdur. Lakin tezliklə səhmdarlar bunun yalan olduğunu aydınlaşdırıb: “Iclasda Xəlilovun köməkçisi iştirak edirdi. Sonradan həmin xanım ləğvetmə komissiyasının üzvü seçilərkən, kollektivin üzvü olan səhmdarlar ondan D.Xəlilovla görüşü təşkil etməyi tələb edəndə müsbət cavab aldılar. Kollektiv üzvləri tələbi onunla əsaslandırdılar ki, həmin şəxs uzun illərdi onların müdiri olub və onlara vədlər verib, qoy gəlib bütün olanlara izahat versin”.
Şahin Əlizadənin sözlərinə görə, səhmdar cəmiyyətin idarəetmə orqanlarının dəvət olunmuş auditorla hazırlanmış hesabatından bəlli olub ki, cəmiyyətin külli miqdarda borcu var: “Haçansa quşçuluğun inkişafını təmin etmək üçün avadanlığın alınması məqsədilə alınan 1 milyon manata yaxın borc, torpaq vergisinin ödənilməsi, yeni texniki pasportun alınması üçün ödənilən 65000 manat və digər borclar. SC-nin borc içində olduğu və vəziyyətdən çıxmaq üçün onun ləğvi yeganə yol kimi müəyyənləşdirildi. Müzakirələrdə bəlli oldu ki, cəmiyyətin əldə etdiyi yeni texniki pasporta əsasən, onun torpaq sahəsi 30 ha-ya yaxındır. Uzun illər cəmiyyətdə işləyən şəxslər isə torpaq sahəsinin 42-46 ha olduğunu dedilər. Görünür, satılmış 12-16 ha torpaq sahəsinin mövcudluğunu ört-basdır etmək məqsədilə  rəhbərlik yeni texniki pasport sifariş verib və cəmiyyətin üzərinə 65ÿ000 manatlıq borc yükləyib. Səhmdarların bəzisi cəmiyyət ərazisindəki torpaqların hamısının satıldığını iddia edərək faktın ört-basdır edilməsi üçün yığıncaqların Şəki Olimpiya Kompleksi və Bakıda kafedə keçirildiyini bildirirdi. Səhmdarların əksəriyyətinin etirazına baxmayaraq, cəmiyyətin ləğv edilməsi qərarı qəbul edildi. Səhmlərin birinin neçə manata qiymətləndirilməsi məsələsi müzakirə olunmasa da, kollektiv üzvü olan səhmdarlar belə başa düşdü ki, onlara səhmlərin biri üçün iki manatdan pulunu ödəməyə cəhd edirlər.
Digər oliqarxlardan fərqli olaraq Cahangir  Hacıyevin (söhbət Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevdən gedir – red.) səhmləri yığmaq üçün bu cür kobud metodlardan istifadə etməsi misli görünməmiş haldır. Cəmiyyət mövcud  olduğu dövrdə onun minor səhmdarlarının ”Xəzər” MMC-nin fəaliyyəti nəticəsində işsiz qalmış səhmdarlarının mülkiyyət hüquqlarını bərpa məqsədilə hüquq-mühafizə orqanlarına müraciət istəyi cəmiyyətin idarəetmə orqanlarındakı şəxslərə ciddi problemlər yaradacaq. Lakin ləğvetmə prosesləri digər “Xəzər” MMC, “Pərvanə” MMC və Cahangir Hacıyev- Xaqani Bəşirov cütlüyünə aid MMC-lərin major səhmdarı olduğu  ASC-lərdə də baş alıb gedəcək, yoxsa bu hal istisna təşkil edir, bilinmir”.

 

Sosial şöbə