Avropadan anonim zəng

Avtoritarizmin eybəcər uşaqları demokratiya mərkəzlərinin də zibilini çıxarıblar

FACE nə qədər qorxulu bir forumdur?

 

Istər Türkiyədə, istərsə də burada, Fransada olanda mühacirətdə yaşayan azərbaycanlılarla təmaslarım olur, bu adamların şəxsi həyatı, Azərbaycanla əlaqələri, yaşadıqları ölkədə ictimai uzlaşma problemləri ilə bağlı söhbətlər edirəm. Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, onları vətəndən didərgin salan səbəblərin müzakirəsi çox maraqlı nəticələr verir. Və dəhşətli mənzərə yaradır. Bu adamların əksəriyyəti qorxur.
FACE xaricdə yaşayan azərbaycanlıların çox maraqlı və perspektivli bir mərkəzi kimi meydana çıxıb. Zaman-zaman təşəbbüskarların kimliyindən asılı olmayaraq, vaxtaşırı ciddi ictimai-siyasi polemikaların təşkil edilməsi xaricdəki azərbaycanlıların məfkurə ətrafında birləşməsinə yardımçı ola biləcək bir forumdur. Amma özünü ciddi və böyük idealların sahibi kimi təqdim edən adamlar bu tipli tədbirlərdən yayınırlar. Niyə?

Istanbul aeroportunda zahiri görkəmindən ziyalılıq yağan, bazburutlu, 55-60 yaşlarında bir kişi mənə yaxınlaşdı. Məni tanıdığını, böyük hörməti olduğunu bildirdi. Sonra da Azərbaycandakı problemlərdən, korrupsiyaçı və müstəbid hökumətin yaratdığı istibdadın fəsadlarından danışdı. 10 ildən artıqdır ki, Almaniyada yaşadığını söyləyən bu adam sonda mənə qəribə bir xitab etdi:
– Qənimət bəy, sizin qəzetinizdə anonim yazı yaza bilərəm?

Elə bil başımdan bir vedrə qaynar su tökdülər. Adama dişimin dibindən çıxanı dedim. Mağmın-mağmın gözünü döyüb sifətimə baxdı:
– Bəy, Bakıda qohumlarım var, onlara görə qorxuram…
– Cəhənnəmə-gora qorxursan,- dedim. Əgər qorxursansa, o zaman özünü nəcib göstərmək naminə mənə yaxınlaşıb müqəddəs dəyərlər haqqında danışma.

Avropada yaşayan azərbaycanlıların əksəriyyəti bu gündədir. Onlar qorxurlar. Azərbaycandakı rejimin əlindən baş götürüb qaçan, ən azı bunu iddia edən adamlar bir neçə min kilometrlik məsafədə belə qorxa-qorxa yaşamağa davam edirlər.
Amma onlar yalan deyirlər. Onlar Azərbaycanda yaşayan qohumlarına görə qorxmurlar. Qorxaqlarda belə müqəddəs duyğular olmur ki, kiminsə həyatına və sağlamlığına görə əndişələnsinlər. Onları qorxudan səbəblər ya onların öz içində, ya da elə buralardadır.

Fransada yaşayan bir tələbə mənə qəribə şeylər anlatdı:
– Burada oxuyanlar, əsasən dövlət hesabına təhsil almağa gələnlərdir. Bunları çox ciddi şəkildə seçirlər. Siyahını birbaşa Ramiz Mehdiyev təsdiq edir. Burada oxuyan tələbələrin mütləq əksəriyyətinin valideynləri və ya qohumları YAP hakimiyyəti ilə bağlı adamlardır. Buna baxmayaraq, biz xüsusilə Avropanı görəndən sonra Azərbaycanda hansı tipli bir hakimiyyətin olduğunu daha yaxşı müqayisə edə bilirik. Amma bizi burada da boş buraxmırlar. Ildə bir neçə dəfə Təhsil Nazirliyinin və ya hansısa başqa bir dövlət Idarəsinin nümayəndəsi gəlib bizə “baş çəkir”. Tələbələrə verdiklər dövlət təqaüdünü onların gözündən tökürlər. Bu tələbələr valideynlərindən bu qədər qorxmurlar. Dövlət təqaüdü dövlət adına cəza asılılığı kimi onların hamısının başının üstündədir. Azərbaycanda təhsil alan tələbələrin üzərində bu qədər inzibati nəzarət yoxdur.

Parisdə sığınacaq alaraq yaşayan bir azərbaycanlı səfirliklərin içindən uzanan hədə-qorxunun bütün Azərbaycan icmalarının boğazından yapışdığını söyləyir. Diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkənin ictimaiyyəti və dövlət təsisatları ilə əlaqəyə yox, həmin ərazidəki azərbaycanlılar üzərində qəribə bir basqıya üstünlük verirlər. Burada – Avropada “filankəs agentdir!” kimi sözləri hər üç adamdan ikisi, hər dörd adamdan üçü haqqında eşidərsiniz. Bu “agentlər” əməlli-başlı nəzarət şəbəkəsinə çevrilmiş diaspor təşkilatlarının rəhbərlərinə, səfirliklərə davamlı olaraq danos ötürməkdə ittiham olunurlar. Indi Azərbaycan diaspor şəbəkəsində 400-dən artıq təşkilatın fəaliyyət göstərdiyi bəllidir. Bunların mütləq əksəriyyəti dövlətin, Azərbaycan dövlətinin maddi himayəsi altındadır. Azərbaycan hökuməti isə korrupsiyaçı bir hökumətdir.

Bir həftə, 10 gün əvvəl əlaqə saxladığım, FACE-in forumuna qatılıb-qatılmayacağını soruşduğum adamların, demək olar, hamısı “təbii, hökmən!” deyə dil-boğaza qoymur. Bir həftə sonra yavaş-yavaş zənglər gəlir: kiminsə məişət problemi yaranıb; kimsə açıq etiraf edir ki, …səfirlikdən xəbər göndəriblər ki, orada iştirak etmək məqsədəuyğun deyil (?); bir başqasının Bakıda yaşayan hansısa qohumuna hədə-qorxu gəliblər…

Şübhəsiz, FACE öz forumunu keçirəcək. Hətta Azərbaycan hökumətini əlinin rahatca uzandığı Türkiyədə belə keçirilə bildisə, burada da rahatca keçiriləcək.
Çünki, Avropada yaşayan azərbaycanlıların bəlli bir qrupu prinsiplərindən geri durmayan, özünü Azərbaycanda demokratiya və insan azadlıqları uğrunda mübarizənin sıra nəfəri hesab edən və buna uyğun olaraq da buradakı davranışını müəyyən edən insanlardır. Amma buradakı mühacirlərin (mən onları siyasi mühacir adlandırmaq istəmirəm) əhəmiyyətli bir hissəsi də buraya özləri ilə yalnız qorxularını sürüyüb gətirmiş adamlardır. Onlar burada, azadlığın və hürr insan təşəbbüslərinin cövlan etdiyi Avropada öz qorxularını bəsləməklə məşğuldurlar. Bunlar demokratiya beşiyində yırğalanaraq qucaqlarında avtoritarizmin iyrəncliklərini böyüdən qaramat adamlardır.

Siz belələrini orada, Azərbaycanda addımbaşı görə bilirsiniz: “telefonda hər şeyi danışma”; “gəl bir az kənarda görüşək”; “üstüörtülü danış, qulaq asa bilərlər”…
Bu yaramazlar bu cür yaramazlıqları özləri ilə Avropaya daşıyıb buraların da azadlıq havasını zəhərləyiblər.

FACE və buna bənzər toplantılar təkcə Azərbaycanlıların azad təşəbbüs və azad fikir mərkəzlərini gücləndirmək naminə deyil, həm də bu cür yaramaz düşüncələrin belini qırmaq, onları aktuallığın sırasından rədd eləmək naminə əhəmiyyətlidir…