aliyev-putin

YAP-ın Putin sevgisinin səbəbi nədi?

Ibrahim Ibrahimli: «Azərbaycandakı avtoritar rejimlə Rusiyadakı avtoritar rejimin mahiyyətində heç bir fərq yoxdur»

«Dünyada diktatorlara qarşı açılan savaşda avtoritar rejimləri ancaq avtoritarlar müdafiə edə bilər»

Rusiyanın baş naziri Putinin növbəti prezident seçkilərində iştirak etməklə bağlı verdiyi qərar Azərbaycan hakimiyyətini də razı salıb. Hakimiyyət təmsilçilərinin səsləndirdiyi fikirlər bunu deməyə əsas verir. Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı Putinin hakimiyyətə qayıtmasının Azərbaycanla münasibətlərə müsbət təsir edəcəyini deyib. Hərçənd ki, Medvedevlə Putinin prezidentlik dövründə Azərbaycana münasibətdə fərqli heç nə olmayıb. Belə olan halda, YAP-ın Rusiyada avtoritarizmin başında dayanan Putinə bu rəğbəti nədən irəli gəlir?

Siyasi şərhçi Ibrahim Ibrahimli Rusiyanın Azərbaycanda avtoritar rejimin saxlanmasında ən ciddi dayaq olduğunu deyir. Dünyada diktatorlara qarşı açılan savaşda avtoritar rejimləri ancaq avtoritarlar müdafiə edə bilər. O baxımdan Azərbaycandakı avtoritar rejimlə Rusiyadakı avtoritar rejimin mahiyyətində heç bir fərq yoxdur.
Lakin ekspertin fikrincə, kriminallaşmış oliqarxların müdafiə etdiyi Putinin prezident olacağı hələ sual altındadı. Çünki Rusiyanın daxilində ölkənin mənafeyini düşünənlər Putinin yenidən hakimiyyətə qayıdışını ciddi təhlükə sayır.
I.Ibrahimlinin sözlərinə görə, Ilham Əliyev hakimiyyəti həmişə Putinə söykənib, onun tərəfindən müdafiə olunub. Onun təklif etdiyi yeni Avrasiya birliyi də Azərbaycan iqtidarının maraqlarına uyğundur. Çünki Əliyev hələ uzun müddət hakimiyyətdə qalmaq istəyir. Məhz bu səbəbdən YAP Rusiyadakı rejimi, Putini müdafiə edir: “2013-cü ildə Ilham Əliyevin yenidən prezident seçilməsi sual altındadı. Bu məsələ artıq cəmiyyətdə müzakirə olunur. Putinin bu qərarı isə YAP-ı çox ciddi şəkildə ruhlandırıb. Onlar Putinin qələbəsindən istifadə edib Ilham Əliyevin növbəti seçkilərdə qalib gəlməsi modeli üzərində düşünürlər. Məhz bu səbəbdən də Putini dəstəkləyir, müdafiə edirlər. Ancaq dünyadakı demokratik proseslər geriyə dönməz xarakter alıb. O cümlədən Azərbaycanda başlanan demokratik prosesləri geriyə döndərmək mümkün deyil. Bu səbəbdən də Putinin Rusiyanın prezidenti olması daha ciddi proseslərə rəvac verəcək”.

Fizzə