Vicdan məhbusu “Azadlıq”a məqalə yazdı

Demokratiya – düşüncənin dadlı məhsulu

Həbslər, demokratiyanın genini dəyişmək cəhdi düşünə bilən hər kəsdə bu məhsuldan dadmaq istəyini daha da artırır

Sahib Kərimov

“Dövlət”, “dövlətçilik” sözləri iqtidarın tez-tez işlətməyi xoşladığı ifadələrdir. Bu sözlər uzun illər müstəqil dövlətə təşnə olan xalqımızı yormaz, bezdirməz. Bir şərtlə ki, müstəqil dövlətin qurulmasında müstəsna və həlledici əməyi olan M.Ə.Rəsulzadə başda olmaqla, Cümhuriyyət qurucularının, eləcə də Ə.Elçibəy başda olmaqla, Xalq Hərəkatının rolu, fəaliyyəti qiymətləndirmələrdə xüsusi qeyd olunsun. Eyni zamanda, insanlar gərək dövlətin güclənməsinə, ədalətin artmasına, vətəndaşın onu günbəgün daha çox sevməsinə yönəlik addımları, fəaliyyətləri də müşahidə etsinlər.

Təbii sərvətlər, yerləşdiyi əlverişli coğrafi məkan, hətta güclü ordu belə, hüquqlarına hörmət olunmayan vətəndaşı “güclü dövlətim var”, deyə qürurlandıra bilməz. Dövlət yalnız azad və təminatlı vətəndaşlarıyla güclü ola bilər. Çağdaş dünyamızda dövlətin gücü, onun vətəndaş cəmiyyətinin gücü ilə ölçülür.
Antik düşüncədən üzü bəri deyilir ki, dövlət xalq üçündür. Amma qoca tarix nələrə şahidlik etməyib?! “Xalq ideya üçün, dolayısıyla ideoloji dövlət üçündür” deyənlər insanlığın faciəsi olublar və bəziləri hələ də bu statusda qalmaqdadırlar. Belə totalitar sistemin zülmündən pay almaq, zamanında xalqımızın da nəsibi olmuşdur. Xalqımızın böyük bir hissəsi isə bu gün də cənubda “ideyanın mühafizəsi” adı altında zülm görür.
“Dövlət də, xalq da, ideologiyalarda mənim üçündür” deyən tiranlar, diktatorlar gəlib keçmiş bu dünyadan. Onlar “insanlıq mənə xidmət etməlidir” düşüncəsində olurlar.
Həm Allahın iradəsi olan dinin hökmünə, həm də mütərəqqi fəlsəfi düşüncəyə qarşı durmaq dəli cəsarətilə mümkündür. Qəzzafinin timsalında üzdə olan sonuncu dəlidən insanlıq xilas olmaq üzrədir.

Insan hər şeydən üstün varlıqdır və hər təşəbbüs, hər fəaliyyət ona xidmətə yönəlməlidir. Özü də hər bir insana. Bəşəriyyət düşünüb, ən mükəmməl formanı tapıb. Bu, demokratiyadır! Dövlət demokratik yolla idarə olunduqda gerçək görəvində olur və xalqı təmsil edir.
Demokratiya durmadan cazibəsini artırır, hamıya potensialını səfərbər etməyə imkan yaradır. Yalnız demokratiya sayəsində güclü vətəndaş olub, güclü dövlət yaratmaq olar. Demokratiya insan hüquq və azadlıqlarına hörməti təmin edir, şəxsi toxunulmazlıq hüququ verir. Şəxsiyyətin təməl mənafelərinin qorunması, inkişaf etmə imkanları, sosial ədalət və siyasi bərabərlik kimi mütərəqqi ideyalar yalnız demokratik idarəetmə ilə mümkündür. Bütün vətəndaşların dövlət hakimiyyəti sistemində iştirak etməsinə imkan verən bu modeldən daha mütərəqqisi hələ ki, yoxdur. Yəqin ki, heç olmayacaq da.
Totalitar sistemlərlə mübarizədə demokratiya ardıcıl qələbələr qazanır. Tam fərqli düşüncələrlə və bu düşüncəsini açıq ifadə edənlərlə rəqabətdə təbii üstünlüyə malik olan demokratiya təəssüf ki, bu əngəllərlə yanaşı, yeni növ maneələrlə də rastlaşır.
Dəmir pərdələri qaldırmaq üçün sərt mübarizə aparan və qalib gələn demokratiya yeni ipək pərdələri məxməri yollarla qaldırmağa çalışır.
Demokratik ideyaların cazibəsi o qədər böyükdür ki, artıq dünyada demokratik olmayan rejimlərin bəziləri “demokratiya” və “seçki”lərin köməyilə maskalanırlar, özlərinə “demokratik hakimiyyətik” deyirlər.

Azadlıq işığının parıltısından isə maskalanmaq indi hər keçən gün daha da çətinləşir. Yeni informasiya texnologiyaları, qloballaşan dünya vətəndaşlarında demokratiya istəyini hər gün artırır. Insanlar iqtidarlarını özləri müəyyən edən, iqtidar tələblərinə cavab vermədikdə isə onu sivil formada dəyişə biləcəkləri mexanizmləri olan idarəetmə sistemləri arzulayırlar.
“Demokratiya tələb edənlər xalqı yox, özlərinin hakimiyyətə gəlməsini düşünür” şantajı da keçərli olmur və bayağıdır. Həqiqəti dərk etmək üçün insanlara düşünmək yetərlidir. Demokratiya hamıya gərəkdir.
Bu yerdə Con Stüart Millin “hər bir şəxsin hüquq və mənafelərinə yalnız o halda hörmət edilir ki, bu şəxs adəti üzrə həmin hüquq və mənafeləri müdafiə etməyi bacarsın və buna həvəs göstərsin”, eləcə də Tokvilin “Var-dövlətin yayılması cəmiyyətin bütün üzvləri arasına mülkiyyət anlayışı gətirdiyi kimi, demokratiya da ən sadə vətəndaşlar səviyyəsinə siyasi hüquqlar təsəvvürü gətirir” fikirlərini xatırlamağa dəyər. Amma heç də hamının bu fikirləri bilməsi mütləq deyil. Amma A.Linkolnun bu fikrini birilərinin diqqətlə oxumasında fayda var: “Bir adamı həmişə aldatmaq olar, bəzi adamları müəyyən vaxt aldatmaq olar, lakin bütün xalqı daim aldatmaq olmaz”.
Düşündüyümüzdən kiçik dünyanın təhlükəsizlik problemi

Hədəflənən dialoq mühiti nədir və kim kimdir?

Iqtidar beynəlxalq birliyin demokratiya tələbinə çox vaxt sərt, isterik bəyanatlarla cavab verir. Əllərindəki informasiya resurslarından ABŞ və Avropaya qarşı anti-təbliğata start verirlər. Bu yerdə aşağıdakı iki suala cavab verməyə çalışaq:
1. Beynəlxalq birlik niyə demokratiya tələbi səsləndirir?
2. ABŞ və Avropa Azərbaycan üçün kimdir?

Ikinci dünya müharibəsindən sonra hamı tərəfindən yekdil bir fikir qəbul edildi: dünyadakı problemlərə, tiranlara,  yoluxucu xəstəliklərə, təbii fəlakətlərə, hamını təhdid edə biləcək bütün hallara qarşı mübarizə aparmaq.
Hadisələrə çevik reaksiyalar verilməsi üçün beynəlxalq təşkilatlara və əməkdaşlığa ehtiyac vardı. Qlobal həmrəylik naminə xeyli uğurlara da imza atıldı. Idman, mədəniyyət yarışlarında, hətta turizm kimi biznes sahəsində həmrəyliyin notları arandı. Amma təhlükəsiz dünya uğrunda çabalar dünyanı tam təhlükəsiz hala gətirmədi.
Dünya iqtisadiyyatı inkişaf edib sahələrini genişləndirdikcə, yeni texnologiyaların kəşfilə informasiyaların bir qitədən o birisinə anında ötürülməsinin baş verdiyi mexanizmlər yarandıqca, bütün bunlar insanları bir-birinə daha çox yaxınlaşdırdı. Planetin bir guşəsində baş verən hadisə məsafə tanımadan təsirini hər kəsin üzərində hiss etdirir.
Beləcə “kiçilən” dünya daha çox təhlükəsizliyin qayğısına qalmağa məcbur oldu. Artan terror, hədəf halına gələn beynəlxalq kommunikasiyalar dünyanın əsas müzakirə mövzusudur. Elmi mərkəzlər araşdırmalar aparır, siyasilər, sosioloqlar, alimlər, bir sözlə, hər kəs müzakirələr açır, konsepsiyalar, nəzəriyyələr yazılır. Sivilizasiyalar, mədəniyyətlərarası toqquşmalar adı altında ümumiləşən bu problemin həlli üçün təbii ki, ortaq dəyərləri bölüşən dövlətlərin yaratdıqları qurumlar daha fəaldır. Toqquşmalar, aqressiya, dözümsüzlük, terror bütün dünyanı təhdid etdikcə ona bəzən isterik münasibətlər oldu. Problemin səbəblərini fundamental islamda, bəzi mədəniyyətlərin geridə qalmasında görən yanlış axtarış cəhdlərini tezliklə dialoq mühiti axtarmaq cəhdləri əvəz etdi.

Adına “mədəniyyətlərarası dialoq” deyilən yeni mərhələdə problemlərin səbəbləri əsasən tapılıb. Ədalətsizlik, hüquqsuzluq, gəlirlərin qeyri-bərabər bölgüsü, hökumətlərin insanların sosial hüquqlarını təmin etməməsi, azadlıqların olmaması, siyasi hüquqların məhdudlaşdırılması insanlarda aqressiyanı artırır, dözümsüzlük yaradır.
Xalqlar, mədəniyyətlərin daşıyıcıları dialoq və anlaşma mühitində problemlərin həlli yollarını tapmalıdır. Dialoq isə beynəlxalq birlikdə, xalqların, ölkələrin təmsilçisi olan iqtidarlar arasında baş tutur. Bəs nədən problemlər çözülmür, danışıqlar dalana dirənir? Səbəb yenə də çox sadədir. Danışıqlarda bütün tərəflər təmsil olunmayıb. Daha təhlükəsiz dünya uğrunda göstərilən çabalar nəticəsizdir. Ona görə ki, xalqların, mədəniyyət daşıyıcılarının bir çoxunu danışıqlarda təmsil edənlər, xalqlardan həqiqi mandat almayan saxtakarlardır. Belələri üçün xalqın problemləri həmişə arxa plandadır.
Ölkə əhalisinin həqiqi təmsilçisi yoxdursa, deməli, bu insanlar həmin dialoqdan kənarda qalıblar. Beynəlxalq təşkilatlar indi məhz bunun fərqindədirlər və demokratiya tələbinin kökündə bu amil durur.

Antidemokratik hakimiyyətlər isə ölkəmizin daxili işinə qarışırlar deyə, gülünc bəyanatlar verməklə, bu təşkilatlar  qarşısında götürdükləri öhdəlikləri görməzdən gəlirlər.
ABŞ və Avropa, o cümlədən konkret beynəlxalq qurumlar nə zaman YAP hakimiyyətindən demokratik islahatlatr tələb etsə, həmən onlara qarşı amansız təbliğat cəbhəsi açılır. Efirdən, “nakişi Avropa neft lazım olan kimi üstümüzə gəlir”, “Amerika imperialistdir” kimi ifadələr rəsmi təbliğatın leksikonuna düşür.