Sabirabad təhsil sistemi haqda Ilham Əliyev bir, Məleykə Abbaszadə isə başqa söz deyir
7 oktyabrda Sabirabad rayonunun 80 illiyi qeyd olundu. Bu tarixin hardan peyda olması hələ uzun illər tarixçilər üçün sirr olaraq qalacaq.
Əslində, sirlik bir hadisə də yoxdur. Ictimai Palatanın Sabirabad şöbəsi 80 illiklə bağlı sərrast qiymətləndirmə edib. Qurumun dünən yaydığı bəyanatda Sabirabadın 80 illik yubileyi “qondarma, siyasi və tarixi cəhətdən səhv və yersiz tədbir” elan edilib, etirazla qarşılanıb.
Dövlət başçısı Sabirabadın 80 illiyilə bağlı rayonda 15 nəfərə “Tərəqqi” medalı verib. Onların çoxunun tərəqqi anlayışıyla bağlılığı yoxdur. Məsələn, medal alanlardan ikisi Sabirabad rayon orta məktəblərində direktordur: Böyükağa Həmidov (Kürkədi kəndi) və Vaqif Xəlilov (Nizami). Bu yerdə qeyd edək ki, Vaqif Xəlilov seçki saxtakarlığı yolu ilə ikinci müddətdir ki, Sabirabaddan deputat olan Rüstəm Xəlilovun qardaşıdır. Qəribə burasıdır ki, Vaqif Xəlilovun uzun illərdir rəhbərlik etdiyi təhsil müəssisəsi Sabirabadda ən aşağı göstəriciləri olan orta məktəblərdəndir. Bu fakt Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) hesabatlarında da əks olunub. TQDK-nin 2010-cu ilin qəbul imtahanlarının nəticələri barədə hesabatından oxuyuruq: “S.Ağayev adına Axtaçı-Muğan kənd, 6 saylı şəhər, Qaratəpə kənd, Qarağac kənd, Qalaqayın kənd, Nizami kənd, Xəlfəli kənd, Axısxa kənd, Balvar kənd, Şıxsalahlı kənd və Çiçəkli kənd orta məktəblərinin abituriyentlərinin topladığı orta bal 100-dən aşağıdır”.
TQDK-nın hesabatına görə, 2010-cu ildə rayonun orta ümumtəhsil məktəblərini 1998 şagird bitirib və onların cəmi 145-i tələbə adını qazanıb. TQDK qeyd edir: “Rayonun abituriyentlərinin bütün imtahan fənləri üzrə göstəriciləri respublikanın orta göstəricilərindən 13.5 faiz aşağıdır”.
TQDK-nın saytında yerləşdirilən 10 illik hesabatların heç birində Sabirabad təhsil sistemi və onun tərkib hissəsi olaraq Kürkədi, Nizami kənd orta məktəbləri heç bir tərəqqipərvər göstəricilərilə fərqlənməyib. Əksinə, hər iki məktəb bərbad mənzərə və göstəricilərilə göz deşib. Lakin bunların heç biri Ilham Əliyev üçün önəmli olmayıb. Bir halda ki, o, Səməd Səmədova “Xalq artisti” adı verə bilir, nədən Vaqif Xəlilova “Tərəqqi” medalı verməsin…
“Tərəqqi” medalı alanlardan başqa biri ötən parlament seçkisində marionet kimi “kullanılan” doktor Ənvər Lümənovdur. Rayon əhalisi arasında ümumi rəy bundan ibarətdir ki, Ənvər Lümənov həkim kimi fəaliyyətinə görə yox, məhz keçən il parlament seçkisində yalançı alternativ rolu oynadığı və Rüstəm Xəlilovun deputat təyin olunmasını asanlaşdırdığı üçün təltiflənib.
Tərəqqi medalı alanlardan daha biri Züleyxa Həsənovadır. Züleyxa xanım da gec də olsa, siyasi sədaqətinə görə mükafatlandırılanlardandır. O, 2003-cü ilin prezident seçkisində Məmişlər kəndində saxtakarlığa etiraz etdiklərinə görə 4 müsavatçının üzünə duraraq, onları tutduran şəxs kimi tanınır.
“Tərəqqi”yə çatan Mirnizami Ağayev də seçki saxtakarlığında zəhmətkeş fəaliyyətilə seçilənlərdəndir.
Natiq


