Onun kimisi Avropada hələ doğulmayıb

(«Bazar günü» layihəsində)

Bu bazar bir filosofdan yazmağa qərar verdim. Amma o, həm də çox məşhur yazıçıdır. Hələ sağlığında etirazçı gəncliyin idealı, Avropanın ən məşhur intellektuallarından idi.  Sonuncu fikrə bir az izah verim. Tarix göstərir ki, çox vaxt böyük kəşflərə imza atmış nəhəng bir alim dünyanın nüfuzlu intellektualı adını qazana bilmir, amma alim olmayan biri bunu əldə edir. Çünki məhz o adamlar intellektual adını qazanır ki, onlar dünyanın gedişinə, ictimai xarakterinə fikirləri ilə təsir edir və yaxud etməyə çalışır. Bu adam isə hərtərəfli idi. Ona heyrət etməmək olmur. Onun ölümündən sonra elə birisi Avropada hələ doğulmayıb…
Jan-Pol Sartr (1905-1980) Parisdə doğulub, orada da ölüb. Amma adama elə gəlir ki, onun həyatı bütün dünyanı əhatə edir. Hələ də o, dünyanı fərqli görmək istəyən gəncliyin simvolu olaraq qalır. Filosof, yazıçı, dramaturq, esseist, pedaqoq, ideoloq – onu təqdim etmək üçün seçim çoxdur. Sartr həm də yeni inqilabların, ictimai etirazların  bir simvoludur. 1968-ci il inqilabında iştirak edirdi. Sarbonna Universitetini tutan üsyançı tələbələr içəriyə yalnız onu buraxmışdılar. Bu, ölçüyəgəlməz etimad və inam idi…
Sartrı hərə özü kimi təqdim edir, hərə özü kimi sevir. Amma o elə də sadə bir şəxsiyyət deyil ki, onu özün istədiyin adama çevirəsən. Məsələn, onu solçu saymaq da olar, amma tam bir marksist də deyildi. Kuba inqilabını müdafiə edirdi, amma orada qurulan rejimin avtoritarlığına ilk etiraz edənlərdən də biri oldu. Onun təqdimatını yalnız belə sadələşdirmək olar: azadlıq üçün etirazçı.
Çox istedadlı yazıçı olan Jan-Pol Sartr 1964-cü ildə Nobel mükafatına layiq görüldü. Lakin ona da etiraz etdi, qəbul etmədi. Sartr həm də ekzistensialist (varoluşçuluq) fəlsəfənin əsas nümayəndələrindən idi. Onun fəlsəfi ideyaları ədəbi yaradıcılığı, ictimai fəaliyyəti ilə çox doğmadır. Onun fikirləri şəxsən mənə də çox doğmadır…
Faşizm Avropa intellektuallarını bərk sarsıtmışdı. Onlar baş verənlərə inana bilmirdi, onlar şokda idi. Axı nələr o boyda Avropanı faşizmə yuvarladı? Bu gün biz də məhz o cür sarsılmışıq. Biz də sual etmirikmi: meydanlarda azadlıq hayqıran xalq indiki köləliyi necə qəbul etdi? Müstəqilliyin 20 ili budurmu? Sadə suallar deyil bunlar…
Ekzistensializm o biri fəlsəfələrə bənzəmir, o tarixin ziqzaqından yaranıb, dəhşətlərdən törəyib. O, Avropa insanına yeni yol axtarır, böyük və utanc gətirən faciədən sonra necə var olmağın düşüncələridir. O, sanki bir hərəkat idi…
Sartr insan haqda nə deyirdi? O, deyirdi ki, insan özü özünün məhsuludur. Özü özünün layihəsidir. Sartr deyirdi: biz olmaq istədiyimiz adamlarıq. Həm də inanırdı ki, insan məhz istədiyi ola bilər. O, insanın gücünə çox inanırdı.
Sartr deyirdi, mənşəyi etibarilə həyatın mənası yoxdur, amma gərək biz ona məna verək.
O deyirdi ki, bizim azadlıqlarımızı əlimizdən almaq istəyənlər olacaq, amma biz özümüz öz azadlığımızıq. Insan azadlığa məhkumdur – bu da onun sözüdür.
“Azadlıq”“ qəzetinin saytından xeyli əvvəl yazdığım Sartrın məşhur “Bağlı qapılar arxasında”“” əsəri haqda yazını oxuya bilərsiniz. Sartr deyirdi ki, insanın insan üçün yaratdığı cəhənnəmin yanında qır qazanlarının qaynadığı cəhənnəm toya getməlidir. O, insanın cəhənnəm də yarada biləcəyini xəbərdar edirdi. Sartr deyir ki, hər bir insan həm də başqalarının həyatına görə məsuliyyət daşıyır. O, əsl humanist idi.
Sartr deyirdi: insan varoluş prosesində (var olduqca, həyatın özündə) yaradılan, qurulan varlıqdır, ilk yaranışdan isə onun mövcudluğu heç bir məna kəsb etmir. O, insanı heç kimi gözləmədən özünü yaratmağa çağırırdı. Onun fəlsəfi fikirləri də bədii əsərləri, şəxsi həyatı kimi dəyişməyə, dəyişdirməyə bir səslənişdir. O, həm də insanı özünü dəyişməyə, özünü başqasına kömək etməyə səsləyir. Və bunu heç kim onun kimi səsləyə bilmir.