İmişlidəki qətllə bağlı ilginc məlumat

Qətlə yetirilən bələdiyyə sədrinin oğlunun üzərindəki güllə satılıb?

Imişli rayonunun Qulubəyli kənd bələdiyyəsinin sədri Qalib Nağıyevin oğlu Mirnahid Nağıyevin qətli ilə bağlı redaksiyamıza ilginc məlumat daxil olub. Mirnahid Nağıyev iyulun 16-da qətlə yetirilib. Hadisədə Qulubəylinin icra nümayəndəsinin qardaşı, həmin kənddə yaşayan Hənifə Əliyev təqsirli bilinir. Rəsmi məlumatlara görə, o, bələdiyyə sədrinin oğlunu kustar üsulla hazırlanmış odlu silahla qətlə yetirib.
Nağıyevlər ailəsi isə qətlin Hənifə Əliyevin tərəfindən törədildiyinə inanmırlar. Onların fikrincə, Mirnahid Nağıyevi Hənifə Əliyevin oğlu Ilham Əliyev öldürüb.
Bu barədə “Azadlıq”ın ötən saylarında geniş yazı dərc etmişik. Ona görə də təkrarçılığa yol vermək istəməyərək əldə etdiyimiz yeni məlumatı oxucuların diqqətinə çatdırmaq istəyirik.
Məlumatda deyilir ki, Mirnahid Nağıyev qətlə yetirilən gün ekspert Fazil Bayramov onu müayinə edərək hazırladığı rəydə qeyd edib ki, mərhumun kəllə sümüyünə pərçimlənmiş güllə aşkar olunub. Lakin şərait həmin gülləni çıxarmağa imkan verməyib. Rəy avqustun 10-da verilib. Lakin mərhumun yaxınlarının təkidilə meyit eksqumasiya olunduqdan sonra bəlli olub ki, güllə yoxa çıxıb.
Əldə etdiyimiz məlumatda iddia olunur ki, güllə elə ilk gündən aşkar edilərək götürülüb və saxta rəy hazırlanıb. Bildirilir ki, bunun üçün Hənifə Əliyevin yaxınlarından “şirinlik” də alınıb. Bəs bu hansı məqsədlə edilib?
Bildirilir ki, məqsəd məhkəmə istintaqı zamanı Hənifə Əliyevin, ümumiyyətlə, bu qətl hadisəsinə aidiyyəti olmadığı barədə iddiasını əsaslandırmaqdır. Yəni, o məhkəmə zamanı “əgər mən onu odlu silahla öldürmüşəmsə, bəs güllə hanı?” deyərək təqsiri olmadan həbs edildiyini iddia edə bilər.  
Məlumatda deyilir ki, Fariz Bayramovu bu oyuna Imişlinin prokuroru Nizami Göyüşov salıb. Təsadüfi deyil ki, artıq dindirilməyə çağırıldığı bildirilən ekspert bəzi yerlərdə  “mən həbs ediləcəyəmsə, Nizami Göyüşov da həbs ediləcək” kimi bəyanatlar verməyə başlayıb. Bəs Nizami Göyüşov nə üçün belə bir cinayətə imza atıb?
Növbəti sayımızda bu suala aydınlıq gətirəcəyik.

Informasiya şöbəsi