İran prezidentinin administrasiyası korrupsiya qalmaqalına görə istintaqa cəlb olunub
İranda prezident Mahmud Əhmədinejada qarşı vəziyyət yenidən gərginləşməyə başlayıb. İranın parlament komissiyası ölkə tarixində ən iri maliyyə qalmaqalının araşdırılması çərçivəsində prezident Mahmud Əhmədinejad administrasiyası ilə bağlı istintaq əməliyyatlarının keçirilməsini labüd hesab edib. ANS PRESS-in CNN-ə istinadən verdiyi məlumatda belə yazılıb.
Xüsusi olaraq qeyd edilir ki, bu qərardan az öncə komissiya İranın ali dini lideri Əli Xameneinin ətrafından məktub alıb. Məktubda mühafizəkarlar (İran İslam İnqilabı Keşikçiləri Korpusunun) xahiş edirlər ki, tədqiqat zamanı M. Əhmədinejada yaxın olan şəxslər, xüsusilə də prezident administrasiyasının rəhbəri İsfəndiyar Rahim Maşeini diqqətdən kənarda qalmasın.
Bir çoxları hesab edir ki, M. Əhmədinejadın korrupsiya qalmaqalı ilə mümkün əlaqəsi onun siyasi nüfuzuna xələl gətirəcək. “Reuters” isə anonim qalmaq istəyən iranlı siyası elitanın nümayəndəsinə istinadən yazır ki, artıq M. Əhmədinejad bu fırıldağa bulaşıb… O, xalq qarşısında zəiflədilmiş görünür. Əhmədinejadı elə vəziyyətə saldılar ki, 2012-ci ilin mart ayında keçiriləcək parlament seçkisində hər hansı siyasi addımlar atması olduqca çətin olacaq.
Korrupsiya ilə bağlı İran tarixində ən iri qalmaqala gəlincə isə məsələ belədir. Belə ki, 2011-ci ilin sentyabr ayının sonlarında İran bank sistemindən 30 trilyon rial (2 milyard yarım dollardan artıq) pul oğurlanır. Güman edilir ki, dələduzluqla bağlı saxlanılanlarla İran prezident administrasiyasının rəhbəri İ. R. Maşeinin yaxın əlaqəsi olub. Lakin dövlət başçısı M. Əhmədinejad dəfələrlə bu işdə nə özünün, nə hakimiyyət nümayəndələrinin əlinin olmadığını bəyan edib.


