Hicablı düşüncəyə azadlıq!

Oktyabrın 7-də Bakıda iki məhkəmə prosesi keçirilib. Hər ikisi siyasidi. Biri islamçıların, biri demokratların. Lakin hər iki məhkəmədə müttəhim kürsüsündə əyləşənləri bir əsas faktor birləşdirir – onlar insandı – Allahınmı, təbiətinmi yaratdığı insan və o insanların istədiyi bircə şey var – Azadlıq!

Hərə bu azadlığı bir cür istəyir. Deyək ki, islamçıların narazılığı hicaba yasaqdan başlayır. Sanki bu yasaq olmasaydı, onlar özlərini azad sayaraq, daha azadlıq istəyində bulunmayacaq, hakimiyyəti, dövlət başçısını sərt sözlərlə tənqid etməyəcək, onu Yezidə bənzətməyəcəkdilər.
“Hicaba yasaq”… “Hicaba azadlıq”… Bu iki ifadədən qəribə bir paradoks doğur. Yəni məsələyə sözcüklər bucağından baxanda adam çıxılmaz dalana dirənir.
Hakimiyyət hicaba yasaq qoyur. Hicab – pərdə, qapanma, örtük anlamına gələn bu baş örtüsü bütün dünyaca azadlığın, xüsusilə də qadın azadlığının məhdudlaşdırılması, bəzən isə hətta köləliyi simvolizə edir. Və hakimiyyət hicaba yasaq qoymaqla sanki köləliyə, qapalılığa, geriçiliyə, qadın hüquqlarının əngəllənməsinə yasaq qoyur, Avropa dəyərlərinin, insan azadlığının tərənnümçüsü təsiri bağışlayır. Özünü az qala belə bir mütərəqqi hakimiyyəti alqışlamağa borclu kimi hiss eləyirsən. Faktlar isə bu hakimiyyətin sadəcə özgürlük düşməni olmasından başqa heç nə demir.
Hicaba azadlıq – bu ifadə, bu tələb isə, tam əks nəticə təəssüratı yaradır. Elə bil, insanlar köləliyə azadlıq tələb eləyirlər. Hakimiyyət isə “köləlik” düşməni kimi sərt addımlar atır və insanların azad olması üçün… onları azadlıqdan məhrum eləyir, qanına bələyir. Ilk baxışda “köləliyə” can atanlar kimi təsir bağışlayanları alqışlamaq mümkün deyil. Əslində isə məsələ dərindi və heç də hicabda deyil.
Bu ölkədə dövlət dindən ayrıdı. Ayrı olduğu üçün də bəzi dövlət müəssisələrində (təhsil sistemi, DIN və başqa rəsmi uniformaları olan orqanlar) hicaba yasaq qoymaq, hətta yasaq qoymasa belə, onun istifadəsi məntiqsizdi. Təsəvvür eləyək ki, bir xanım prokuror və ya hakim hicabla dolanır. Bəli, dövlətin dindən ayrı olması bunu tələb edir. Lakin iş ondadır ki, dövlət allahsızlıq səviyyəsində dindən ayrıdı – qanunlar səviyyəsində deyil. Qanunların saat kimi işlədiyi, ədalətin mövcud olduğu demokratik toplumda hamı öz həddini zora, yasağa uğramadan da anlaya bilər. Yəni hamı Allah qarşısında olmasa da, qanun qarşısında bərabər olarsa, prezidentin adi vətəndaşdan heç bir artıq hüquqi üstünlüyü olmazsa, kimsə cızığından çıxmaq haqda düşünməz belə. Ama dediyim ki, məsələnin kökü dövlətin allahsızlıq səviyyəsində dindən ayrı olmasındadı. Bu, istər-istəməz anormal, xaotik, çox vaxt məntiqə, reallığa əsaslanmayan etiraz görsənişləri doğurmalıdı və doğurur da. Insan gerçək azadlığın olmadığı yerdə hətta yanlış, bəzən cılız formalarda olsa da, azadlıq istəyində bulunacaq – o, hətta köləliyə azadlıq tələb etmiş olsa belə…
Islamçıların qanının tökülməsi də həmin allahsızlığın və nə qədər təəccüblü olsa da, qorxunun görsənişidi. Halbuki üzdən baxanda allahsızlar qorxusuz təsir bağışlayır. Görünür, heç də elə deyil. Polis “Allahu-əkbər” hayqırışlarının fonunda daha da amansızlaşır. Bu nidalar çoxaldıqca dəhşət də çoxalır. Belə çıxır, hakimiyyət Allahın böyüklüyündən pişik itdən qorxan kimi qorxur. Belə çıxır, Allahın böyüklüyünün dilə gətirilməsi onları çilədən çıxarır. Bunu Əliyevlərin gücsüzlüyü kimi qavrayırlar. Vicdan məhbusu, 2 aprel tutuqlusu Əhəd Məmmədli isə bunu belə səsləndirir: “Buradan Ilham Əliyevə demək istəyirəm ki, sən ölməkdən qorxursan, mən isə əksinə. Ona görə də sən mənim qarşımda acizsən”.
Islamçılarla demokratları azadlıq istəyi, hakimiyyətləsə özgür düşüncəyə qarşı olmaları birləşdirir və hakimiyyət də onları sırf düşüncəyə görə həbs edib. Düşüncəyə görə 66,6 il və qarşıda daha neçə illər. Demək, savaşı birinci özündən başlamalı və hakimiyyətdən də bunu tələb etməli: Özgür düşüncəyə azadlıq! Rejimin hicab örtdüyü düşüncəyə.