Vasif Sultanov mənzilinin yandırıldığını və övladlarının qisas məqsədilə öldürüldüyünü deyir
«Qapının bağlı olması şübhələnməyə əsas verir, çünki biz qapını arxadan bağlamamışdıq, onu içəridən bağlamaq isə mümkün deyil»
Dünən Qobu qəsəbəsində iki azyaşlı uşağın ölümüylə nəticələnən yanğın baş verib. Hadisə qəsəbədəki “Yeni məhəllə” adlanan ərazidə qeydə alınıb. Qobu sakini, “bolgexeber.com” saytının redaktoru Vasif Sultanlıya (Vasif Turan) məxsus yaşayış evində baş verən hadisə nəticəsində 9 yaşlı Rüfət Vasif oğlu Sultanov və 11 yaşlı Əhməd yanaraq ölüblər.
Fövqəladə Hallar Nazirliyinin olayla bağlı yaydığı məlumatda göstərilib ki, ümumi sahəsi 60 kv/m olan birmərtəbəli, 2 otaqlı evin yanar konstruksiyaları və əşyaları yanıb. Yanğınsöndürənlər tərəfindən yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın tez bir zamanda söndürülüb. Amma yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin övladları Rüfət və Əhmədin cəsədləri aşkarlanıb. Hadisə ilə əlaqədar araşdırma aparılır.
Vasif Turanın yaxınları “tia.az”a bildiriblər ki, yanğının qəsdən törədildiyinə dair əllərində konkret faktlar var. Məsələn, yanğın zamanı mənzilin qapısının arxadan bağlı olduğu üzə çıxıb.
Baş redaktorun yaxınları deyir ki, yanğın gecə saatlarında qəfil baş verib. Həmin vaxt Vasif Turan və həyat yoldaşı yaxınlıqdakı qayınanasıgildə olublar. Gec olduğundan uşaqları özləri ilə aparmayıblar. Qayınanasıgilə çatdıqdan təxminən 15 dəqiqə sonra onlara evin yandığını xəbər veriblər. Onlar qayıdıb mənzillərinə çatana kimi, alovun bütün evi əhatəyə aldığını görüblər. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası alovun qarşısını gec də olsa alıb.
Vasif Turanın qohumu, hadisənin şahidi olan Niyaməddin Muradov deyib ki, evin bu şəkildə yandığını anlaya bilmir. Onun sözlərinə görə, boş olan mənzildə bu qədər alovun necə meydana gəlməsi hələ də onun üçün qaranlıqdır: “Vasifin evi təmirsiz idi. 2-3 kvadratmetr həcmində lambrin vurulmuşdu. Bir otağını ala-babat təmir etdirərək, ailəsini ora yığmışdı. Yanğının bu şəkildə dəhşətli olması mənim üçün hələ də qaranlıqdır. Bunun qəsdən törədilə biləcəyini düşünürəm”.
Yanğının qəsdən törədildiyi ehtimalı araşdırılır. Buna səbəb isə Vasif Turanın evinin qapısının çöldən bağlı olması olub. Vasif Turan özü də “tia.az”a açıqlamasında məlumatı təsdiqləyib. O deyib ki, evdən çıxan zaman qapını arxadan bağlamayıblar: “Tez gedib qayıdacaqdıq deyə, qapını arxadan bağlamadıq. Evin qapısını isə içəridən bağlamaq mümkün deyil. Məni şübhələndirən də budur”.
O, həmçinin yanğının qəsdən törədildiyini bildirib. Deyib ki, bununla bağlı hadisə yerinə gələn prokurora da bu barədə məlumat verib: “Düşünürəm ki, bu mənim peşə fəaliyyətimlə bağlı olsun. Çünki evin qapısının arxadan bağlı olması, hadisə şahidlərinin dediyinə görə, evdə partlayışın baş verməsi şübhələnmək üçün yetərincə əsas verir. Prokurorluq işçiləri də mənə bildirdilər ki, ilk olaraq peşə fəaliyyətimə görə bu olayın baş verməsi versiyasını araşdıracaqlar”.
Vasif Turan son günlər onun bir neçə nəfər tərəfindən təhdid olunduğunu da deyib. O bildirib ki, hələlik bu təhdidlərin kimlər tərəfindən edildiyi barədə danışmaq istəmir: “Bir neçə müddət idi ki, yazdığımız yazılarla əlaqədar təhdid olunurdum. Hələlik onların kimliyi barədə danışmaq istəmirəm. Bu dəqiqə o halda da deyiləm ki, bu məsələ ilə bağlı danışam. Övladlarımın dəfnindən və məclisi yola verdikdən sonra mətbuat konfransı keçirərək, açıqlama verəcəm”.
Yanğından dərhal sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyi və Daxili Işlər Nazirliyinin ekspertləri gəliblər. Bundan başqa, Abşeron rayon Icra Hakimiyyətinin başçısı Zakir Fərəcov, rayon prokuroru, Baş Prokurorluqdan nümayəndələr də hadisə yerinə gələrək, baxış keçiriblər. Ekspertlər yanmış evdən ekspertiza üçün nümunələr götürüblər. Abşeron rayon prokurorluğundan verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Allah rəhmət eləsin!