kiv-df

Azərbaycanın poçt markaları

Markaların «mister poçtalyon»la başlanan tarixi

Hələ çox qədim zamanlardan Azərbaycanda uzaq məsafələrlə yazışmalar xüsusi qasidlər vasitəsi ilə həyata keçirilmişdir. Amma zaman keçdikcə bu xəbərləşmələrin daha təkmilləşmiş formaları üzərində düşünən insanlar nəhayət, poçt rabitəsini kəşf etdilər. Bu önəmli informasiya ötürücüsü növünün nizamlı dövrü 1501-ci ilə təsadüf edir. Həmin ildə Azərbaycan Səfəvilər dövlətinin başçısı Şah Ismayıl Xətai ölkəni iqtisadi cəhətdən inkişaf etdirmək, onun ərazisini yadelli işğalçılardan qorumaq, həmçinin möhkəm dövlət idarəetmə sistemi yaratmaq məqsədilə poçt rabitəsi yaratmışdı. Bu rabitə ölkənin ucqar əyalətlərindən və xarici ölkələrdən məlumatlar toplamaq üçün müntəzəm şəkildə çalışırdı.
Tarixən poçt ödəniş nişanı kimi markadan istifadə olunması haqqında müxtəlif fikirlər var. Bəzi mütəxəssislər poçt markasının avstriyalı Lourens Kaşmir, bəziləri isə ingilis Ceyms Çalmersin yaratdığını iddia edirlər. Lakin bir sıra faktlar onu göstərir ki, poçt markası məhz Roumend Hill öz layihəsini təcrübədən keçirdikdən sonra Ingiltərədə yaranıb. Belə ki, 1837-ci ildə R.Hill Londonda “Poçt idarəsinin reformu, onun əhəmiyyəti və həyata keçirilməsi” adlı layihəni dərc edib. O, ölkə üzrə poçtu vahid şəklə salmağı – məktubun üzərinə poçt markası və möhür vurularaq yola salınması layihəsini xüsusi qeyd etmişdir. Beləliklə, 1840-cı il mayın 6-da ilk dəfə olaraq üzərinə pul şəkli (1 penni) təsvir olunmuş poçt markası rəsmi şəkildə Ingiltərədə məktubların üzərinə vurulmaqla poçt ödəniş nişanı kimi istifadə edilməyə başlamışdır. Bununla da demək olar ki, Roumend Hill poçt markasının “atası” kimi tarixə düşmüşdür. Onu Ingiltərədə “mister poçtalyon” adlandırırlar.
Məlumat üçün bildirək ki, üzərində Mavrikiyanın təsviri olan marka dünyada uzun müddət ən qiymətli markalardan biri hesab olunmuşdur. Hazırda onun dəyəri təqribən 15 milyon dollardır.
Azərbaycanda müasir formada poçtun yaranması XIX əsrin 1-ci onilliyinə təsadüf edir. 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılmışdır. 1818-ci ilin iyun ayının 1-də Azərbaycan ərazisində ilk poçt rabitəsi yaradılmış, 1826-cı ildə Bakıda, 1828-ci il martın 12-də isə Naxçıvanda poçt ekspedisiyası təşkil edilmişdir.
Rusiya ilə Zaqafqaziyanın ticarət əlaqələrini inkişaf etdirmək üçün 15 iyun 1830-cu ildə Şamaxı və Şuşa şəhərlərində də 1-ci dərəcəli poçt kontorları yaradılmışdır. Bununla da, 1830-cu ildə Azərbaycan ərazisində – Şuşada, Şamaxıda, Bakıda və Naxçıvanda 1-ci dərəcəli, Gəncə və Qubada isə 2-ci dərəcəli poçt kontorları meydana gəlmişdir.
Azərbaycanda poçtun dəmiryol nəqliyyatı ilə daşınması 9 may 1883-cü ildə Bakı-Tiflis, 1900-cü ildə isə Bakı-Dərbənd arasında başlamışdır. 1861-ci ildə ilk dəfə olaraq Xəzər dənizi ilə Qafqazın və Iranın Rəşt və Astarabad limanları arasında dəniz poçt mübadiləsi yaranmışdır. 1863- 1872-ci illərdə Iran tranzit ticarətinin müdafiəsi məqsədilə Tiflis və Culfa arasında poçt rabitəsi qurulmuşdur. Culfada poçt şöbəsi yaradılaraq Iranla Azərbaycan arasında ilk beynəlxalq məktub korrespondiyası təsis edilmişdir.

Azərbaycanın Poçt və Teleqraf Nazirliyi

28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikası öz müstəqilliyini elan edərkən 6 oktyabr 1918-ci ildə hökumətin tərkibində Poçt və Teleqraf Nazirliyi yaradılmışdır.
15 mart 1919-ci ildə Azərbaycanla Gürcüstan arasında poçt korrespondensiyası, pul baratları, qiymətli məktubların və bağlamaların mübadiləsi təşkil edildi. 1920-ci ilin aprelin 6-da isə Azərbaycanla Iran arasında poçt-teleqraf əlaqələri yaradıldı. Keçən əsrin 20-ci illərindən başlayaraq Azərbaycanda poçtun dinamik inkişafı başlamış və 1913-cü ilə nisbətən göstəricilər xeyli artırılmışdır. Belə ki, 1913-cü ildə əgər rabitə müəssisələrinin sayı 19, qəbul edilmiş məktubların sayı 3 milyon idisə, 1920-ci ildə rabitə müəssisələrinin sayı 59-a, məktubların sayı isə 5 milyona çatdırılmışdır.
1920-ci ilə nisbətən 1928-ci ildə poçt rabitəsi müəssisələrinin sayı 1,95 dəfə və ya 95%, poçt qutularının sayı 2,33 dəfə və ya 233%, bağlama mübadiləsi 17,3 dəfə, pul baratlarının miqdarı 4 dəfə, qəzet və jurnalların miqdarı 125%, məktubların sayı 2 dəfə və ya 200%-dən çox artmışdır.
II Dünya müharibəsi ərəfəsində respublikada iqtisadiyyatın və mədəniyyətin inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşması poçt xidmətlərinə olan tələbatı daha da artırmışdır. Bu dövrdə 1920-ci ilə nisbətən poçt rabitəsi şəbəkələrinin sayı 9 dəfə artaraq 524-ə çatdırılmışdır. Poçt müəssisələrinin 402 ədədi və ya 76,7% kənddə yerləşirdi.
Poçt marşrutlarının məsafəsi 1940-cı ildə 2,6 dəfə artaraq 6767 km. təşkil etmişdir. Əgər 1920-ci ildə poçt yalnız at arabası nəqliyyatı ilə daşınırdısa, 1940-cı ildə avtomobil nəqliyyatı ilə poçtun daşınması 1884 km. təşkil etmişdir.
1945-ci ildə Bakıda Beynəlxalq Poçt Ekspedisiyası təşkil edildi. Bu tədbir beynəlxalq bağlama korrespondensiyasının hərəkətinə, qorunub saxlanılmasına və yaxşı nəzarət edilməsinə imkan yaratmışdır. Magistral aviareyslərlə poçtun daşınmasının uzunluğu 2078 km., respublika daxili aviareyslərlə 1042 km. təşkil edirdi.
1945-ci ilin sonunda respublikada poçtalyonların sayı 1687, onlardan 1449-u piyada, 238 atlı, o cümlədən müəssisələrə aid piyada 55 nəfər, atlı 1 nəfər, kolxozçu piyadaların sayı 1390 və atlıların sayı 237 nəfər təşkil edirdi.
1940-cı ilə nisbətən 1950-ci ildə poçt mübadiləsinin həcmi məktub korrespondensiyası üzrə 140%, bağlama 80%, barat 237%, qəzet və jurnal 80%, poçt qutularının sayı isə 3000 ədədə qədər yüksəlmişdir.
1955-ci ildə ildə poçt marşrutlarının uzunluğu 8668 km təşkil edirdi. Poçt nəqliyyat məsafəsi 5906,4 min km., o cümlədən avtomobil 2967 km., at-araba 2939,4 min km. təşkil edirdi. Aviareyslər üzrə daşınma həcmi 736,1 ton, dəniz yolu üzrə 4212 ton təşkil edirdi. Dəmir yol nəqliyyatı üzrə məsafə 152,5 km. təşkil edirdi.
XX əsrin sonunda keçmiş SSRI-nin dağılması və respublikamızın müstəqillik əldə etməsi ilə poçt rabitəsinin inkişafında da yeni mərhələyə start verilmişdir. Respublikada poçt və elektrik rabitəsinin təşkili və xidmətlərin göstərilməsi “Azərpoçt” Istehsalat Birliyi tərəfindən həyata keçirilməyə başlamışdır.

Dünyada 18 milyon “markaman” var

Ilk dəfə marka yığmaq tembrofliya və ya tembrologiya  adlandırılmışdır. Sonradan marka yığmaq həvəsinə markamaniya adı verilmişdir. 1864-cü ildə fransalı Corc Erena marka yığmağı filateliya adlandırmışdır.
1899-cu ildə bütün dünyada filatelistlərin sayı 1 milyona yaxın olmuşdur. On il sonra isə Ingiltərənin “Ştamp Adventiser” jurnalının yazdığına görə, marka yığanların sayı daha 500 min nəfər artmışdır. Birinci dünya müharibəsindən sonra isə marka yığanların sayı 2,3 milyon, 1940-cı ildə 7,5 milyon, 1967-ci ildə isə marka yığanların sayı 18 milyon nəfərə çatmışdır.
Filatelistlər hər hansı ölkənin poçt markasını topladıqda, istər-istəməz həmin ölkənin tarixini, memarlığını, flora və faunasını, dahi şəxsiyyətlərini, idman aləmində nailiyyətlərini öyrənir. Filateliya dünyada dərin məzmunlu bir elm sahəsi kimi tanınır. Markalarda dövrlər üzrə yaranan ən yeni texnologiyaların təsvir olunması onu toplayanlarda istənilən sahə üzrə dərin biliklər, ensiklopedik məlumatlar toplamasında kömək edir.
Dünyada Rokfeller, Ruzvelt, Yelizaveta, Monako şahzadəsi kimi şəxslər böyük marka kolleksiyalarına sahib olublar.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir