YAP-çılar da narahatdırmı?

Müxalifətçilər narahatdır – bunu heç kim inkar edə bilməz. “Nə? Nə vaxt? Necə?” sualları diapazonunda onlara aydın olmayan hələ çox şey var. Üstəlik, basqılar, təzyiqlər, çətin həyat şərtləri… Bunlar başdan-ayağa narahatlıqdır. Ürəklər həyəcan və sorğu ilə vurur: necə olacaq, bu rejimdən qurtula biləcəyikmi?  Düzdür, onlar əvvəlki kimi bədbin və ümidsiz deyillər, çox ağır illərdən sonra Azərbaycanın hakimiyyətdən narazı hissəsi və onun siyasi müxalifət sayılan fəal kəsimi xeyli dirçəlib, ümidlidirlər. Hətta hamı əmindir ki,  dünyanın indiki gedişində onların narazı qaldığı uzunömürlü  hakimiyyətin yaşamı uzun çəkməyəcək, qırılıb tarixə gömüləcək. Amma bu, nə vaxt olacaq? Onların yeni səyləri nə ilə bitəcək? Həbsdəki yoldaşları buraxılacaqmı? Yeni mitinq cəhdləri yaxşı nəticələnəcəkmi? Daha sonra nə olacaq? 2013-də nə baş verəcək? Yəni, narahatlıq dolu suallar çoxdur. Biz bunu bilirik, yaşayırıq. Bəzən bir-birimizə təsəlli veririk, bir-birimizi ürəkləndiririk…

Bəs YAP-çılar? Onlar necə, narahatdırlarmı? Işlərin bu cür gedişi onları heçmi qayğılandırmır? Onlar da suallar arasında var-gəl edirmi? Axı Azərbaycan kimi balaca bir ölkədə dünyanın ağası kimi rahat oturmaq asan deyil? Televizorda hamı görür ki, tarix yaşda görünən qocaman rejimlər çökür, hakim partiyalar keçmişin qınaq obyektinə çevrilir, diktatorlar ölkələrindən qaçır… 
Bu halda doğrudanmı onlar Azərbaycanda YAP rejiminin əbədiliyinə əmindirlər?!Şəxsən mən belə düşünmürəm. Bu il baş tutan mitinqlər zamanı (11 mart, 12 mart, 2 aprel, 17 aprel) YAP-çı deputatların hadisə yerinin həndəvərində hərlənməsini gördüyümdən sonra mən belə düşünmürəm. Fəzail Ağamalı mitinq zamanı YAP qərargahının balkonundan boylanandan sonra mən inandım ki, hakimiyyətdəkilər özləri çox narahatdırlar. O ərəfədə Prezident Administrasiyasının şöbə müdiri  Əli Həsənovun ANS telekanalında çaşqın çıxışı da yadımızdan çıxmayıb. Tez-tez deyirdi: “Mən demirəm ki, bizdə hər şey yaxşıdır”“.” Bilirsiniz ki, Əli Həsənov danışmağı yaxşı bacaran adamdır, amma onun o narahat halı bunu da yox etmişdi. Müşahidələr göstərir ki, hətta 17 aprel mitinqindən sonra YAP-çılar və dolayısı ilə YAP-çı olanlar xeyli rahatlansa da, onların narahatlığı davam edir. Onlar xalqın narazılığını hiss etməyə bilməzlər, bu narazılıqlar hər an nəzarətdən çıxa bilər – bunu təsəvvür etməyə nə var. “Əşi, bura Azərbaycandır”“” deməklə rahatlıq tapmaq olmur. Ərəblərə də elə deyirdilər. Amma heç kimin gözləmədiyi halda nələr baş vermədi?!

Istənilən YAP-çı görür ki, müstəqilliyin 20 ili tamam olur, amma bu xalq müstəqilliyin zülmünü çəkir və buna görə kimin məsuliyyət daşıdığını, hər halda, bilirlər.

Istənilən YAP-çı bilir ki, onların ətrafında hər kəs pula, qazanca görə hərlənir, onlardan qorxurlar, amma sevmirlər. Yeni nəsil isə onların hakimiyyətinə nifrət edir. Gəncliyin qəzəbli olduğunu yaxşı bilirlər.Avropanın, ABŞ-ın, beynəlxalq təşkilatların qınaqlarını YAP-çılar da görür. Narahat olmaya bilməzlər. Türkiyənin narazılığını görürlər. Deməli, narahatdırlar.

Dünyada yeni demokratiya dalğasını görürlər, qayğılanmaya bilməzlər.Nəhayət, görürlər ki, Ilham Əliyev onları aydın və rahat bir dövrə aparmır, onların taleyi müəmmaya bürünür. Təşviş keçirməyə bilməzlər…