Türkiyə-Azərbaycan dostluğu ancaq dəlinin ağlına gələ bilər
Türkiyə ilə Azərbaycan arasında olan soyuqluq yerli media ilə yanaşı, qardaş ölkənin də mətbuatının diqqət mərkəzindədir. Bu mövzuya bundan başqa Türkiyədə çəkilən seriallarda da müraciət olunur. Bir dövlətin digər dövlətə qarşı münasibətinin bu cür formada ifadə olunması həm Türkiyə, həm də dünya praktikasında birinci dəfə deyil ki, baş verir.
Həftədə bir dəfə Türkiyənin “ATV” telekanalında yayımlanan “Istanbulun altınları” serialında da rəsmi Bakı ilə Ankara arasındakı son gəlişmələrə toxunulub. Serialın son bölümündə diqqət çəkən məqamlardan biri dəlixanaya aparılan bir şəxsin durmadan “Azərbacan-Türkiyə qardaş ölkələrdir” cümləsini təkrar etməsidir. Son bölümdən çatdırmağa çalışılan mesaj sanki hazırkı dönəmdə Azərbaycanla Türkiyənin əlaqələrinin normal olmasının yalnız dəlinin ağlına gələ biləcəyi bir şeydir. “ATV” telekanalının Türkiyənin baş naziri Ərdoğana yaxın kanal sayılması bu məqamı daha çox maraqlı edir. Nəzərə almaq lazımdır ki, bundan əvvəl də Türkiyənin xarici siyasəti ilə bağlı bəzi məqamlar, strateji müttəfiqlərdən gözləntilər telefilmlər vasitəsilə dilə gətirilmişdi. Buna misal olaraq məşhur “Kurtlar vadisi” serialında səslənən və Türkiyənin xarici siyasət sektoruna aid bəzi məqamları göstərmək olar.
Yazıçı publisist Mehriban Vəzirin sözlərinə görə, bu cür hallar və mesajlar ilk dəfə deyil ki, səslənir. Amma M.Vəzirin fikrincə, bu cür hallar Azərbaycanla Türkiyə dostluğuna xələl gətirməməlidir. “Düşünmürəm ki, seriallarda gedən bu cür epizodları şişirtmək lazımdır. Azərbaycan Türkiyə dostluğu əbədidir. Bu dostluq və əlaqələr hətta Əliyev Ərdoğan münasibətlərindən belə asılı deyil”,- deyə M.Vəzir vurğuladı.
Hikmət