“Gücümüzlə hər kəs hesablaşacaq”

“İran hakimiyyətinə real alternativ Güney Azərbaycandakı hərəkatdır”

Gizli fəaliyyət göstərən partiyanın sözçüsü «Azadlıq»ın qonağı oldu

Güney Azərbaycan Demokrat Partiyasının (GADP) xarici məsələlər üzrə təmsilçisi, Isveçdə yaşayan Mahmud Bilgin ötən gün “Azadlıq” qəzetinin redaksiyasında olub. Cənab Bilgin 15 ildən çoxdur ki, Güneydə Azərbaycan türklərinin milli mübarizəsində fəallıq edənlərdəndir. O, GAMOH-un yaradıcılarındandır. Xaricdən Güney Azərbaycan problemləri üçün yayımlanan bir çox radioların fəaliyyətində mühüm rol oynayıb.
2008-ci ilin mayından o, GADP-nin sözçüsü seçilib. GADP-in əsas lideri isə Irandadır. Bu partiya gizli fəaliyyət göstərdiyindən onun rəhbərliyi və təşkilati strukturu açıqlanmır.

“Bütün haqlarımızı tapdaladılar, indi də torpağımıza göz dikiblər”

Mahmud Bilginlə Güney Azərbaycanda cərəyan edən hazırkı proseslər ətrafında söhbətimiz oldu. Urmiya gölü ilə başlanan yeni dalğanı şərh edən müsahibimiz bildirir ki, şovinist Iran rejimi milyondan artıq insanın milli haqlarına qənim kəsildiyi kimi, indi də bu millətin torpağına düşmənçilik edir. Ekoloji problemə görə küçələrə axışanlardan indiyədək 2-3 min nəfərin saxlanıldığını, onlardan təxminən 400-500 insanın hələ də zindanda olduğunu, Elman Nuri, Fəran Fərid, Abbas Lisani kimi milli fəalların aclıq aksiyasına başladığını deyən partiya sədri bildirir ki, Urmiya gölünün məhv edilməsinə hələ Haşimi Rəfsancani prezident olarkən qərar verilib. Müsahibimiz bəyan edir ki, gölün quruması təbii proses deyil və orda sirr-filan da yoxdur: gölü 80 faiz qidalandıran çayların önünə bənd vurulub, yağıntı da az olduğuna görə quruma baş verir. Fars rejimi niyyətinə çatsa, bu, bir milyondan artıq güneylinin öz evindən-yurdundan didərgin düşməsi deməkdir. Ekoloqlar da xəbərdarlıq edib ki, gölün quruması orada yığılan duzun sonradan atmosferə qalxaraq, duzlu yağışa dönə bilər və bu cür yağıntı bütün təsərrüfatı məhv etmək gücündədir.

Ikili siyasət

GADP sözçüsü təəssüflə bildirir ki, Iranın mühacirətdə olan sağçı-solçu müxalifləri Güney Azərbaycan məsələsinə laqeyd münasibət göstərirlər: “Onların çoxu insan haqları, demokratiya kimi məsələlərdən danışsalar da, nədənsə, söz Güneyin üzərinə gələndə susqunluq nümayiş etdirirlər. Iranın daxilində də eyni haldır. Məsələn, Yaşıllar Hərəkatının lideri Musəvi özü mənşəcə türk olmasına, islahat vədləri verməsinə baxmayaraq, bir dəfə də olsun, Azərbaycan türklərinin heç olmasa, mədəni haqlarının bərpası üçün nəsə edəcəyini deməyib”.
GADP-nin Güney Azərbaycan məsələsinə baxışı istiqlalçılardan fərqlənir. Onlar hələ ki, muxtariyyət tələb edirlər. Partiya yetkilisi deyir ki, bu, ayrı-ayrı təşkilatların yox, millətin istəyilə müəyyən edilən məsələdir: “Xalqımız indi siyasi oyanış mərhələsindədir. Bu mərhələnin sonunda o, öz müqəddəratını təyin etmə hüququnu əldə edəcək və qərarı da özü verəcək”.

Gücümüzlə hər kəs hesablaşacaq

Müsahibimiz dünya birliyinin, beynəlxalq güc mərkəzlərinin Güneydəki mübarizəyə münasibəti haqda danışarkən deyir ki, bu qüvvələri nə qınamaq olur, nə də alqışlamaq: “Hər ölkənin özünün maraqları var. Biz bunu Ərəb inqilabları vaxtı da gördük. Inqilablar təzə-təzə vüsət alanda qüdrətli ölkələr oradakı hərəkatlara ehtiyatla yanaşırdılar, status-kvonun saxlanılmasını istəyirdilər. Lakin millətin gücünü gördükdən sonra hər kəs öz dəstəyini ifadə etdi. Biz də əminik ki, totalitar Iran rejiminə real və yeganə alternativ olan milli oyanış öz gücü ilə tərəfdarlarını tapacaq. Bunu biz son aksiyalarda da gördük, bir sıra beynəlxalq təşkilatlar bu hadisələrə görə səslərini ucaltdılar”.

Natiq