“Fövqəlnazir”dən “Azadlıq”a absurd cavab

Kəmaləddin Heydərov korrupsiyanı Qarabağ probleminin arxasında gizlədir?

“Son günlər Azərbaycan dünyanın nəhəng media quruluşlarının diqqətindədir. Ölkənin adını müxtəlif məsələlərdə gündəmə gətirən transmilli medianın yazdıqları fərqli interpretasiyalarda yerli mətbuatda da əksini tapır. BBC telekanalının AIBA və Azərbaycan Boks Federasiyası ilə bağlı yaydığı məlumatlar hələ də dünya mətbuatının gündəmindədir”.
Belə bir girişi, sizcə, kim yazdıra bilər? Təbii ki, bu yazılardan ağır zərbə almışlar. Adamdan soruşmazlar ki, BBC-nin araşdırma təklifini niyə qəbul etmirsiz? Dünyanı və yerli mətbuatı ittiham etməkdənsə, çıxın gün işığına hamı görsün ki, əyri nədir, doğru nə. Söhbət təkcə bundan da getmir. Hələ üstəlik təzə bir “ÇP” də ortaya çıxıb.
“Guardian” qəzeti isə britaniyalı parlamentar Mark Fildin baş ofisi Londonda yerləşən Avropa Azərbaycan Cəmiyyətindən maliyyələşməsi barədə məlumat yayıb. Maliyyələşmənin forması haqqında məlumat verilməsə də, Mark Fildin Britaniya parlamentinin kəşfiyyat komissiyasının üzvü olduğu yazılıb.  Amma o yazılmayıb ki, Mark Fild 2010-cu ildən etibarən həm də Böyük Britaniya-Azərbaycan dostluq qrupunun sədridir. Parlamentin Azərbaycan dostluq qrupunun sədri olan şəxsin Azərbaycana səfər etməsində, bu ölkənin Britaniyadakı diasporunun tədbirlərinə qatılıb, çıxış eləməsində heç bir qeyri-adilik yoxdu. Əksinə, 2010-cu ilə kimi Britaniya-Azərbaycan dostluq qrupunun sədri olmuş Brüss Corcun, ümumiyyətlə, bir dəfə də Azərbaycana səfər etməməsi, bu ölkə ilə bağlı parlamentdə heç vaxt danışmaması anormal idi”.
Bəs adama deməzlərmi ki, anormal olan Britaniya-Azərbaycan dostluq qrupu sədrinin hansısa çıxışlar edib, debat açması deyil?! Anormal olan, bu işlərin maliyyəsini hansısa məmurun oğluna bağlı təşkilatdan almasıdır. Üstəlik, həmin təşkilatın özünün maliyyələşməsinin forması hamıya bəllidir. Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovun göyə sovurduğu pulları “Qarabağ problemi” adı altında “yumağın” özü mənəviyyatın hansı səviyyədə təmiz olmasının göstəricisi deyilmi?  Adamların Qarabağa getməsi böyük fəaliyyətdirsə, Anjel Kasprşik hamıdan çox gedib-gəlir. Ona da cibxərcliyi verin. Amma məsələ heç bu da deyil. Ingilisləri narahat edən odur ki, ölkəsinin mühüm adamlarından biri çirkli pulla maliyyələşən təşkilatdan pul alıb, ən avtoritar rejimlərdən birinə lobbiçilik edir. Azərbaycanlıları isə narahat edən odur ki, guya, maaşa işləyən nazirin oğlu milyonları haradan alır ki, beləcə hamıya paylayır. O ki qaldı belə qonaqların Azərbaycana verdiyi faydaya, inanın ki, ən hörmətli qonağınızı Ilham Əliyev qəbul etmişdi, onu da “persona-non-qrata” elan etdiniz.
Erməni məsələsinə gəlincə, belə yüksək səviyyədə axtarış sistemlərindən başınız çıxırsa, niyə Ilham Əliyevin qəbul etdiyi erməni əsilli ABŞ parlamentarisinin keçmişini araşdırmadınız? Qarabağ münaqişəsinin arxasında gizlənməyin. Çıxın ortaya, taladığınız pulların haqq-hesabını verin. Qarabağda qazi olanlara, şəhid olanlara münasibətiniz ortadadır. Yəni, elə Qarabağa olan münasibət kimidir. Nəhayət, niyə özünüzü oda-közə vurursunuz? Hara baxır sizin Britaniyadakı səfiriniz? Suçunuz yoxdursa, tapşırıq verin, sizi təmizə çıxarsın.

Analitik şöbə

MÖVZU İLƏ ƏLAQƏDAR YAZILAR:

Heydərovların adı daha bir beynəlxalq qalmaqalda

Heydərova qarşı 10 milyonluq rüşvət ittihamı