Qadağan olunmuş yubiley

Müsavat Partiyası özünün 100 illik yubileyini qeyd etməyə başlayıb. Hələlik Liberal Forum adı ilə. Bunun heç bir əhəmiyyəti yoxdur, bu partiyanın əzəl tarixi Azərbaycanın istiqlalına bağlı olduğu üçün onun 100-cü ili sol forumla da keçirilsə, mahiyyət dəyişməyəcəkdi. Zatən bir çox tarixçilər təşkilatın “bərabərlik” mənası verən adını onun sol təmayüllü siyasi təşkilat kimi yaranması ilə izah edir. Nəticə etibarilə, hər bir partiya yalnız Azadlıq dəyərlərinə bağlılığı ilə öyünə bilər, elə Müsavat da 100 ilini belə qeyd edir. Onun üzvləri öz partiyalarını heç vaxt bu dəyərlərdən qıraqda təsəvvür etməyiblər.

Dünən Müsavat partiyasının qərargahında keçirilən tədbirdə zal dolu olduğu üçün binanın ətrafında gözləməli olduq. Azərbaycan hakimiyyəti bu dəfə də zalları, klubları, restoranları, hotelləri müstəqil qurumların üzünə bağlasa da, ovqat dəyişməmişdi. Binadan kənarda da insanlar bir-birini təbrik edirdilər. Müsavatçıların, cəbhəçilərin, indi heç bir təşkilatda olmayan köhnə hərəkatçıların bir-biri ilə görüşməsi çox maraqlı idi. Onlar bir-birinin bayramını təbrik edirdi. Bunu müşahidə etmək isə çox təsirli idi.
Yaşlı, cəmiyyətdə o qədər də tanınmayan (mən özüm onları tanıyırdım) sıravi müsavatçıların necə şux geyinib yubileyə gəldiklərini görüb, xeyli ruhlandım. Özümün idman üslubunda geyimlə adi gəlişimdən narahat da oldum, amma fikirləşdim ki, nə yaxşı bu adamların qarşısında alnımız açıqdır…
Mənim illərdir dediyim bir söz var. Əgər sıravi müxalifətçilərin (müsavatçı, cəbhəçi və s.) üzünə dik baxa biliriksə, hələ başımız dik gəzə bilərik. Bu adamların gözünə utanmadan baxa biliriksə, deməli, Məhəmməd Əminin, onun silahdaşlarının, Əbülfəz Elçibəyin gözünə dik baxa bilərik. Bu adamların gözünə dik baxa bildikcə, övladlarımızın qarşısında üzü ağ olacağıq. Onların fədakarlığı əsl qəhrəmanlıqdır. Onlar ən çətin şəraitdə siyasi fəaliyyətlərini saxlayır, ən mətin hərəkətlərə imza atırlar. Əsasən də bölgələrdə onların fəaliyyəti xüsusi diqqətə layiqdir.
Əslində, Müsavatın 100 ili bu ölkədə hamının bayramıdır. Bu, Istiqlalımızla bağlıdır, Məhəmməd Əminlə bağlıdır. Bu prinsiplə dövlət özü bu yubileyə sahib çıxmalı idi. Amma görünür ki, indi dövlətə başqaları sahib çıxıb…
Lap tutaq ki, 100 illik yubiley olmasın, normalda Azərbaycanda xalq hərəkatının nəticəsi kimi ortada qalan və bu gün də fəaliyyət göstərən Müsavat, AXCP kimi təşkilatların 20 ili çox ciddi siyasi hadisədir. Milyonlarla vəsait xərcləyib qondarma gül bayramı keçirən Azərbaycan hakimiyyəti bu 20 ili görməməklə özlərini korluğa vururlar. Ötənlərdə AXCP-nin yaranma günü ilə bağlı restoranda yeyib-içmək məclisinə əngəl yaratmışdılar. Belə biabırçılıqlarla,  görəsən, tarixdə YAP-ın hansı yubileyi qalacaq?!
Nəhayət, deyilməlidir: hansısa təşkilatın – istənilən partiyanın qanuni fəaliyyətinə, tədbirinə əngəl yaratmaq, qadağa qoymaq, siyasi repressiyadır, siyasi azadlıqların pozulmasıdır və konkret olaraq, qanun pozuntusudur, cinayətdir. Cinayətlər isə tarixi dəyişdirməyəcək. Müsavat partiyası nə vaxtsa qadağan olunmuşdu, amma on illər sonra onun adı həqiqət kimi ortaya çıxdı. Odur ki, tarix azadlıqlar gələnədək davam edəcək.
Belə yubileylərdən Azadlıq uğrunda ən xırda bir iş gördüyünə də sevinən hər kəsə təbriklər düşür.