Müsavatın 100 yaşı qeyd olundu (FOTOLAR)

«Klinton çıxışında Rəsulzadənin «millətlərə istiqlal, insanlara hürriyyət» ifadəsindən yararlanmışdı»

İsa Qəmbər: «Bütün problemlərin həlli azadlıqdan keçir»

Dik Roşe: «Siz tək deyilsiniz, biz sizi dəstəkləyirik, biz sizinləyik!»

Dünən Müsavat partiyasının qərargahında Azadlıq naminə Fridrix Nauman Fondunun (FNF) Cənubi Qafqaz ofisinin təşkilatçılığıyla 1-ci Azərbaycan Liberal Forumu keçirilib. Forumun əsas müzakirə mövzusu isə “Müsavat Partiyası – Müstəqilliyin və Azadlığın 100 ili” olub. Ölkənin tanınmış ictimai-siyasi xadimlərinin, ziyalıların qatıldığı tədbirdə diplomatik korpusun nümayəndələri, Avropa Liberal institutlarının təmsilçiləri də iştirak edirdi.
Qeyd edək ki, Müsavatın 100 illiyilə bağlı tədbirlərin “Hyatt Regency”, “Ambassador” kimi otellərin konfrans zallarında keçirilməsi nəzərdə tutulsa da, hakimiyyət buna mane oldu. Sözügedən otellər tədbirin həmin məkanlarda keçirilməsinə razılıq vermədilər.

Təbii sərvətlər parlaq gələcək demək deyil

Forumu giriş sözü ilə açan FNF-nin Azərbaycan ofisinin rəhbəri Ərəstun Oruclu bildirdi ki, 100 yaşı olan Müsavat dövlətçiliyimizin qurulmasının, onun prinsiplərinin formalaşmasının kökündə dayanan bir təşkilatdır. Ə.Oruclu vurğuladı ki, bu tarixi günün daha geniş zalda keçirilməsinə hakimiyyətin mane olmasına baxmayaraq, Azərbaycanda Avropa dəyərlərinin təsbitinin günü kimi tarixdə məhz Müsavatın yaradıldığı gün qalacaq.

FNF-nin Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ofisinin rəhbəri Rene Klaff isə bildirdi ki, forumda 3 əsas mövzu müzakirəyə çıxarılacaq: Azərbaycanda liberalizmin gələcəyi; Cənubi Qafqazda iqtisadi əməkdaşlığın perspektivləri, bunda Azərbaycanın rolu; Avropanın siyasəti – regional əməkdaşlıq üçün strategiya axtarışı.
Azərbaycana Tanrı tərəfindən xeyli təbii sərvətin bəxş olunduğunu deyən FNF təmsilçisi bununla belə onu da qeyd etdi ki, təbii sərvətlər heç də parlaq gələcək demək deyil: “Azərbaycan Avropa Şurasının üzvüdür, amma ölkə siyasi və iqtisadi cəhətdən də Avropanın bir parçası olmalıdır”.

“Siz tək deyilsiniz, biz sizi dəstəkləyirik”

ELDR-in vitse-prezidenti Dik Roşenin çıxışını isə tədbir iştirakçıları xüsusi çoşqu ilə qarşıladılar. Buna səbəb D.Roşenin ölkə reallıqlarından bəhs etməsi oldu:
– Hazırda Azərbaycan Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramının üzvüdür. Bu əməkdaşlıq Azərbaycana Avropa dəyərlərinə yaxınlaşmaq üçün vacibdir. Amma biz görürük ki, qəbul olunan sənədlə Azərbaycan reallığı bir-birinə uyğun deyil. Azərbaycanda hazırda siyasi məhbus problemi var. Bu gün Müsavat Partiyasının rəhbərliyindən Arif Hacılı, Tural Abbaslı siyasi məhbuslardır. Biz ölkədə belə bir problemin olmasını qınayırıq. “Şərq Tərəfdaşlığı” layihəsi o zaman işləyəcək ki, bu proqrama qoşulan ölkələr öhdəlikləri olduğu kimi yerinə yetirəcəklər. Bu baxımdan söz və mətbuat, sərbəst toplaşmaq azadlığının təmini, siyasi məhbus probleminin çözülməsi mühümdür.

Çıxışının bu məqamında Dik Roşe üzünü tədbirin keçirildiyi otağın divarında şəkilləri yapışdırılan “2 aprelçilər”ə tutaraq dedi:
– Siz tək deyilsiniz, biz sizi dəstəkləyirik, biz sizinləyik!
Dik Roşenin çıxışını məhz bu cür yekunlaşdırması tədbir iştirakçılarının gurultulu alqışına səbəb oldu.

Azərbaycan – paradokslar ölkəsi

Müsavat başqanı Isa Qəmbər bildirdi ki, bu partiya 100 il əvvəl yarananda qarşısına Azərbaycanın müstəqilliyini, vətəndaşının azadlığını, ölkəmizin Avropanın bir hissəsi olmasını məqsəd qoymuşdu. Bu hədəfə – Azərbaycanın müstəqilliyinə xalqımız 90-cı illərin əvvəllərində Əbülfəz Elçibəyin rəhbərliyi altında nail oldu:

– Azərbaycan paradokslar ölkəsidir. Azərbaycan müstəqil ölkə olsa da, çağdaş dünyada mövqeyini müəyyənləşdirə bilməyib. Azərbaycan Vaşinqtonla Brüssel, Moskva ilə Tehran arasında var-gəl etmək siyasətinə son qoymalı və dövlətçilik maraqlarına uyğun olan Avroatlantik məkana inteqrasiya kursunu seçməlidir. Ilham Əliyev Avropa Birliyinin Varşavadakı sammitindən dönən kimi orada öhdəliklər götürməsinə baxmayaraq, siyasi təzyiqləri daha da artırdı, siyasi məhbus problemini dərinləşdirir.

Rəsulzadə olmasaydı, Azərbaycan indi Rusiyanın əyaləti idi


Müsavat Divanının üzvü Nəsiman Yaqublu “Müsavat – azadlıq və müstəqilliyə bağlı 100 il” mövzusunda çıxış etdi. N.Yaqublu bildirdi ki, hazırda dünyada yaşı 100-dən yuxarı olan siyasi təşkilat olduqca azdır. Bugünkü tədbirin Almaniyadan olan bir qurum tərəfindən təşkil olunmasının təsadüfi olmadığını deyən N.Yaqublu vurğuladı ki, 1950-ci ildə ABŞ-ın dəstəyi ilə Münhendə yaradılan və SSRI-ni öyrənməklə məşğul olan institutun əsas fəalları müsavatçılar idi. Bundan başqa, Münhendən yayımlanan “Azadlıq” radiosunun çalışanları da müsavatçılar olublar:
– Müsavatın yaradıcısı Məmməd Əmin Rəsulzadə Qərbdə böyük mütəfəkkir kimi tanınır. Təsadüfi deyil ki, ABŞ-ın eks-prezidenti Bill Klinton çıxışlarının birində məhz Rəsulzadənin çıxışlarına istinad edib. Klinton çıxışında Rəsulzadənin “millətlərə istiqlal, insanlara hürriyyət” ifadəsindən yararlanmışdı.

N.Yaqublu, həmçinin tarixçilərin Müsavat və onun yaradıcısı Rəsulzadə barədə gəldiyi daha bir mühüm fikri tədbirdə səsləndirdi. O bildirdi ki, əgər Rəsulzadə başda olmaqla, Müsavat Partiyası vaxtilə Azərbaycanın müstəqilliyi üçün çalışmasaydı, ölkəmiz hazırda Rusiyanın 44-cü subyekti rolunda çıxış edəcəkdi.
Daha sonra tədbir Müsavatın 100 illik tarixini özündə əks etdirən, Polşa və Türkiyə arxivlərindən toplanmış sənədlərin vizual şəkildə nümayiş etdirilməsilə davam etdi.

Azərbaycanda bu günün qəhrəmanları həbsxanalardadır


Demokratiya və Azadlıq Uğrunda Xalq Partiyasının təmsilçisi Yan Drik Blaau “Azərbaycanda liberalizmin gələcəyi” mövzusunda çıxış edərkən bildirdi ki, Cənubi Qafqaz və Mərkəzi Asiyadakı ölkələrdə kiçik bir zümrə dövlət gəlirlərinin böyük hissəsini əlində toplayıb. Liberalizm məhz bu cür hallara qarşı mübarizə aparır.
Gürcüstan Respublikaçılar Partiyasının sədri David Usupaşvili isə bildirdi ki, Azərbaycanda bu günün qəhrəmanları məhz hazırda həbsxanada yatan şəxslərdir. Ölkəsində baş verənlərə də toxunan GRP lideri vurğuladı ki, Gürcüstan heç də ilk baxışdan göründüyü kimi tam demokratik deyil:
– Bunu sübut edən məqamlardan biri də Belarusda insan haqlarının pozulmasına görə Avropa Birliyinin Lukaşenkoya qarşı qəbul etdiyi qətnaməyə Azərbaycan və Gürcüstan prezidentlərinin etiraz əlaməti olaraq imza atmamasıdır.

Yetər ki, istək olsun…

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, tez-tez hakimiyyət düşərgəsindən Azərbaycanın demokratiyaya hazır olmadığı barədə fikirlər səslənir. Amma ekspert hesab edir ki, bu istiqamətdə səslənən fikirlər əsassızdır:
– 1990-cı ildə bəzi vətəndaşlarda demokratiyanın anarxiya olduğu təəssüratı yaranmışdı. Bəli, Azərbaycanın demokratik təcrübəsi azdır. Amma Gürcüstanın da demokratik təcrübəsi azdır. Lakin orada demokratiya uğrunda addımlar atılır. Yetər ki, istək olsun.

Görünür, Əliyev Saakaşviliyə pis təsir elədi…

Daha sonra tədbir iştirakçıları mövzu ilə bağlı çıxışçılara suallarını ünvanladılar. Pənah Hüseynin sualı Gürcüstandakı vəziyyətlə bağlı oldu. Dedi ki, Azərbaycanda Gürcüstandakı demokratiya ilə bağlı uğurlar bir nümunə kimi götürülür. Və bildirdi ki, bu fikirlərin əksinə olaraq, Gürcüstan təmsilçisi ölkədə demokratiya ilə bağlı vəziyyətin elə də yaxşı olmadığını söyləyir.
D.Usupaşvili həqiqətən də Gürcüstanda hazırda demokratiya ilə bağlı bir sıra problemlərin yaşandığını söylədi:
– Görünür, sizin dövlət başçısı Saakaşviliyə pis təsir etdi. Çünki o, hakimiyyətinin əvvəllərində olduğu kimi demokratik dəyərlərə sadiq deyil.
Gürcüstandan olan başqa bir təmsilçi Pata Sisilidze də müzakirəyə qoşularaq bildirdi ki, ölkədə islahatlar çox sürətlə başlasa da, daha sonra bu proses sanki dayandı.
Müzakirələrə qatılan I.Qəmbər bildirdi ki, Müsavat üçün ən böyük dəyər həmişə azadlıq olub. Liberalizm də elə azadlıq deməkdir. Məhz buna görə Rəsulzadə “millətlərə istiqlal, insanlara hürriyyət” deyib:
– Dünyada azadlıqdan yüksək dəyər yoxdur. Bütün problemlərin həlli də azadlıqdan keçir.

Azərbaycan iqtisadiyyatı 5-6 məmur-oliqarxın əlində cəmləşib

Tədbirin növbəti hissəsində Müsavat Partiyasının Divan üzvü, Iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad Ibadoğlu, Iqtisadi Təşəbüslər Mərkəzinin sədri Azər Mehdiyev və Dik Roşe məruzə ilə çıxış etdiilər. Ekspertlər bildirdilər ki, Azərbaycanda iqtisadiyyat azad deyil. Iqtisadiyyatın böyük hissəsi beş-altı məmur-oliqarxın əlində cəmləşib. Q.Ibadoğlu bildirdi ki, “Ambassador” və “Hyatt Regency” otellərində forumun keçirilməsinə razılıq verilməməsi bunu sübut edən faktlardan biridir.
Sonuncu müzakirə mövzusu “Avropanın siyasəti – Regional əməkdaşlıq üçün strategiya axtarışı” oldu. Avropa Parlamentinin, eyni zamanda ALDE qrupunun üzvü Anneli Yaateemaki mövzu ətrafında çıxış etdi.
Ondan sonra Ərəstun Oruclu da mövzu ətrafında danışaraq bildirdi ki, “Şərq Tərəfdaşlığı” prroqramında iştirak edən post-sovet ölkələrinə qarşı güclü təsir var:
– Ölkədə avtoritarizmin qalması Qarabağ problemindən də təhlükəlidir. Kriminal rejimlər dünyanı Islam radikalizmi ilə təhdid etdi. Bu rejimlər çökdü. Amma Islam radikalizmi görünmür. Sən demə, bu, heç yox imiş. Bölgədə demokratikləşmə paralel getməlidir ki, rejimlər bir-birini qoruya bilməsinlər, bölgənin müqəddəratı bir-iki avantüristin hakimiyyəti qorumaq cəhdindən asılı qalmasın.

Öhdəliklərin kağız üzərində qalmasından yorulmuşuq

Müsavat Partiyasını yubiley münasibətilə təbrik edən AXCP  sədri Əli Kərimli bildirdi ki, Müsavat və AXCP ortaq baxışları olan partiyalardır. Ə.Kərimli vurğuladı ki, hər iki partiya birlikdə Azərbaycanı müstəqilliyə qovuşduraraq iqtidar olublar. Hazırda da AXCP və Müsavatın birlikdə avtoritarizmə qarşı cəmiyyətin müqavimətini təşkil etdiyini deyən Ə.Kərimli bu siyasi qüvvələrin yenidən birlikdə iqtidara gələcəyinə əminliyini vurğuladı:
– Cənubi Qafqazın Avropaya inteqrasiyası artıq başlayıb. Bunda Avropa Birliyinin özü də maraqlıdır. Region ölkələri 93 il əvvəl Avropa seçimini ediblər. Avropaya inteqrasiyanı şərtləndirən daha bir faktor Xəzərin və Orta Asiyanın böyük enerji mənbələrinə olan ehtiyacla bağlıdır.
Hazırda Azərbaycanda Avropa strukturlarına inamın müəyyən dərəcədə sarsıldığını deyən Ə.Kərimli AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi olmuş isveçrəli Andreas Qrossun fikirlərindən sitat gətirdi. Söhbət Qrossun Azərbaycandakı çirkli pulların Avropa Şurasının dəhlizlərinə ayaq açdığı barədə fikirlərindən gedir. Azərbaycanın demokratiyaya təzə-təzə qədəm qoymadığını deyən Ə.Kərimli bildirdi ki, əksinə, ölkəmiz bir müddət əvvəl demokratiyadan avtoritarizmə qədəm qoyub:
– Bu gün azadlıq naminə on səkkiz nəfər həbsdədir. Müxalifət partiyalarında o cür insanların sayı minlərlədir. Aydın məsələdir ki, heç də hər şey Azərbaycanın daxilində həll edilmir. Beynəlxalq təşkilatlar, Avropa ortaya konkret mövqe qoymalıdır. Üç-dörd gün əvvəl Avropa Birliyində öhdəliklər götürən Ilham Əliyev ölkəyə dönən kimi siyasi rəqiblərini zindana göndərir. Biz müqavilə və öhdəliklərin ağ kağız üzərində qalmasından yorulmuşuq.

***

Qeyd edək ki, bu gün Müsavat Partiyasının qərargahında partiyanın 100 illik yubileyi ilə bağlı daha bir tədbir keçiriləcək.

Xəyal Şahinoğlu