Moldova hadisəsi – 1

(İlham Əliyevin bütün özünəbəraətlərini puça çıxaran daha bir postsovet ölkəsi haqqında)

Ilham Əliyev və onun ətrafı tez-tez təkrarlayır ki, Azərbaycan yeni müstəqillik qazanmış ölkədir, ona görə də ondan ciddi demokratik uğurlar gözləmək tezdir. Guya xalq demokratik dəyərləri qəbul etməyə hazır deyil, üstəlik, 70 illik Sovet imperiyasının vurduğu yaraların sağalması üçün zaman lazımdır. Hələ başqa arqumentləri də var: “ABŞ indiki səviyyəyə 200 ilə çatıb, amma biz cəmi 20 ildir müstəqilik”.

Bunların hamısı əlbəttə, çürük, heç bir elmi izahı olmayan arqumentlərdir, özünəbəraət cəhdləridir. Sovetlər Birliyinin vurduğu yaraların sağalmasını hakimiyyətin ən yüksək iyerarxiyasına köhnə, iy verib iylənən partokratları doldurmaqlamı sağaltmaq istəyirsiniz? Ramiz Mehdiyevlə də Sovetin vurduğu yaralarmı sağalar?

Ya da ABŞ-ın indiki səviyyəyə 200 ilə çatması “arqument”i. Niyə siz bu qədər var-dövlətə, sərvətə, mülklərə, dəbdəbəyə, ərəb şeyxlərinin belə, gözünü qamaşdıracaq təntənəyə cəmi 18 ilə çatırsınız, amma bir dənə azad seçki keçirmək üçün sizə 200 il lazım olur? Tarix paralelləri sevir, amma baxır necə. 200 il söhbətinə qalsa, vaxt vardı Avropadan ABŞ-a iki ilə gedirdilər, amma indi yarım günə.

Ümumiyyətlə, okeanın o tayında nə itiniz azıb, burnunuzun ucunda, qulağınızın dibində Gürcüstanı niyə demirsiniz? Niyə onlar böyük bir sürətlə Avropanın bir parçasına çevrilə bildilər, amma siz yox? Nəyiniz əskikdir Gürcüstandan? Lütfən “bizim Qarabağ kimi dərdimiz var” deməyin, ona qalsa Gürcüstanın Qarabağ kimi iki dərdi var – Abxaziya və Cənubi Osetiya.

Oxucular bəlkə də bizim tez-tez Gürcüstanı örnək gətirməyimizdən yorulublar. Bəlkə də kimsə fikirləşəcək ki, istisnalar qaydanı dəyişmir. Amma Ukrayna nümunəsi də var axı. Düzdür, onların qət etdikləri məsafə Gürcüstan qədər deyil, amma bu ölkədəki son prezident seçkisini gördünüz. Az qala hər səsin davası gedirdi.

Başqa bir nümunə də var – Moldova. Biz onun haqqında az eşitmişik. Amma mən son vaxtlar bu ölkədəki siyasi proseslər haqqında oxuyanda başda Ilham Əliyev olmaqla, hələ də başında despotizm küləkləri əsən bəzi postsovet ölkələri rəhbərlərinin 70 illik Sovet imperiyasını əsas gətirib demokratikləşməyə qarşı dirənmələrinin necə filfilo söhbət olduğunu bir daha anladım. Postsovet ölkələrinin modernləşməsi, çağdaşlaşması üçün hələ uzun zaman lazım olduğuna dair miflərə bir daha tüpürdüm. Moldova bizə müasir dünyada kiçik bir zaman çərçivəsində belə, demokratikləşmə yolunda necə iri addımlar atmağın mümkün olduğunun yeni, parlaq nümunələrindən biridir.

Heç bir zəngin dövlətçilik tarixi olmayan, bir zamanlar, sadəcə, Rumıniyanın əyaləti kimi tanınan bu ölkədə artıq azad seçki, ədalətli məhkəmə və müstəqil mətbuat yuxu deyil. Üstəlik, Ilham Əliyev və əshabələrinin ürəyi rahat olsun deyə, xatırladım ki, Moldovanın da bizim kimi öz “Qarabağ dərdi” var – ölkənin Dnestr çayından şərqdəki əraziləri 1991-ci ildən tanınmamış Dnestryanı Moldova Respublikasının nəzarətindədir.

Amma nə bizim kimi bir vaxtlar Sovet müstəmləkəsi olması, nə də bizim kimi onun da öz “Qarabağ dərdi” Moldovada hüquqi-demokratik dövlət qurulmasına mane olub. Məsələn, 2009-cu ildə ölkədə parlament seçkiləri keçirildi (bu, Moldova tarixinin sonuncu problemli seçkisi sayılır), kommunistlər qalib gəldi. Ölkə qanunlarına görə, Moldovada prezidenti parlament seçir. Amma kommunistlərin deputat yerləri prezidenti seçməyə kifayət etmədi – 1 səs çatmırdı.
Kommunistlər nə qədər çalışsalar da, ikinci yeri tutan liberal-demokratlar bir səs güzəştə getmədilər. Ki, ölkənin prezidentini seçmək mümkün olsun.
Belədə məcbur olub parlamenti buraxdılar. Təkrar seçkilərdə bu dəfə liberal-demokratlar qalib gəldilər. Amma onlara da prezidenti seçmək üçün daha 2 deputat səsi lazım idi. Bu dəfə liberal-demokratlar kommunistlərə elçi düşsə də, indi onlar iki ayaqlarını bir başmağa dirəyib bundan imtina edir. Belə getsə, bu dəfə də parlament buraxılacaq, yeni seçkilər təyin olunacaq. Və proses yalnız prezidenti seçə biləcək parlament formalaşanadək davam edəcək! Adam bilmir nə desin, nə yazsın. Bütün bunların Azərbaycanla eyni şineldən çıxmış, Azərbaycan kimi eyni ümummilli dərdi olan, ən əsası isə Azərbaycandan fərqli olaraq ümumiyyətlə, dövlətçilik keçmişi olmayan bir ölkədə yaşanmasına inana bilmir. Bir daha aydın görünür ki, 18 ildir Əliyevçi rejim hansı gülməli arqumentlərin arxasında gizlənərək ölkəni geri atmaqla məşğul olub, onu 18 ildə 18 millimetr də qabağa aparmayıblar.

Üstəlik, məlum olur ki, bunların ölkədə azad sözün, ədalətli məhkəmənin, demokratik seçkinin başına yekə bir daş salıb, respublikaçılığı dibindən qaşıyıb, monarxiyaya qaz verib hər şeyi də “biz olmasaq, Azərbaycan dağılar” məntiqsiz məntiqi ilə əsaslandırmağa çalışmaları nə qədər gülünc, nə qədər komik, komik olduğu qədər də iyrənc, idbar imiş. Moldovada 2 ildir yerli-dibli prezident yoxdur, amma görün, heç ora dağılır?

Əksinə, Moldovada elə bir siyasi sistem qurulub, hakimiyyət qollarının müstəqilliyi və ədalətliliyi elə bir şəkildə təmin edilib ki, ölkə 2 ildir prezidentsiz olsa belə, (onun səlahiyyətlərini parlamentin sədri icra edir), heç bir ciddi sarsıntı yaşamayıb. Yoluna uğurla davam edir. Bizdə isə Allah qoymasa, guya prezident var, amma uğurlu heç nə yoxdur.

Bu kiçik müqayisə bir yandan demokratiyanın gücünü, əvəzedilməzliyini, o biri yandan da bir adamın iradəsinə, onun iki dodağının arasından çıxan sözə tabe olan rejimlərinsə zəifliyini, xalqa fəlakətdən, məhrumiyyətdən başqa heç nə vəd etmədiyini göstərir.