“Mən dost ile dost olayım, canımı fəda kılayım…”

Türkiyə tərəfi yenə bizi utandıracaq addım atdı. Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq.

Bu, qardaş ölkənin hər zamankı kimi yenə bizim yanımızda, müstəqilliyimizin tərəfində və müdafiəsində olduğuna dair verdiyi incə bir mesajdır. Əslində, Türkiyə tərəfinin səmimiyyətini sübut etməyə nə ehtiyac var ki?
Axı bu ölkə uzun illərdir var olduğu dostluğun arxasında mərd-mərdanə dayanmaqda davam edir. Türkiyə yüz il əvvəl bizim üçün kimdisə, yenə öz mövqeyində eləcə qalır. O, keçən əsrin əvvəllərində bu ölkə üçün nələr etdisə, indi də o işləri təmənnasız şəkildə davam etdirməkdədir. Azərbaycan tarixi ilə bağlı son yüz ilin ən böyük uğurlarının altında mütləq mənada qardaş ölkənin də imzası var. Şübhəsiz, Türkiyə bizimkilər kimi qardaşlıqdan, dostluqdan boş-boş danışmağı sevmir, sadəcə, bu sevgini əməldə sərgiləyir, yeri gələndə o doğmalıq uğruna gəncəcik övladlarını qurban  verməyi belə çəkinmədən gözə alır. 
Bakının mərkəzindəki Türk Şəhidliyində gördüyünüz tablodan heç duyğulandığınız oldumu? Heç diqqətinizi çəkdimi, Türkiyənin ayrı-ayrı məmləkətlərindən uzaq yol qət edib burada şəhid olmağa gələnlərin hansı yaşda olduğuna? Burada məzar daşlarındakı adlara nəzər salarkən bir döyüşdə eyni məmləkətdən 10 nəfər gəncin şəhid düşdüyünə diqqət etdinizmi?
Yaxşı ki, bu torpağı sevən insanların qəlbinin dərinliklərində o sevgi, o bağlılıq, o minnətdarlıq duyğusu heç vaxt itmədi. Amma qədirbilməz üçün birin qiyməti nə, minin qiyməti nə… Türk Şəhidliyindəki bayraq xəcaləti xatirələrdən silindimi ki?.. Hələ buradakı Türk camesinin qapısından asılmış qıfıl da hökumətin başqa bir üzqarası. Onsuz da bu hökumətin bərbad siyasəti sayəsində Türkiyə-Azərbaycan arasındakı münasibətlər gündən-günə acınacaqlı duruma düşərək gedir. Hələ bu rüsvayçı mənzərənin yaranmasında vecsiz hakimiyyətin yanında yer alan bir sürü yalançı millətçi də var. Türkiyə sərhədini keçən kimi millət fədaisi donuna girib coşub-çağlayan bu buqələmunların Bakıda niyə səsi çıxmır görəsən? Bu adamların səsi nə bayraqlar endiriləndə, nə Türk iş adamları ölkədən qovulanda, nə qardaş ölkəyə qarşı kampaniya başlananda çıxdı. O zaman qardaş ölkənin bütün mötəbər məclislərində sinəsi qabara-qabara bizi təmsil edən bu adamlar nəyin millətçisidir, belə? Əlbət ki, insanda bir utanan üz olmalıdır, olmazsa, deyilənin faydası nə…
Həqiqətən, bu qədər sevgi müqabilində Azərbaycan hökumətinin Türkiyəyə qarşı ögeyliyi nədən doğur? Nədən Azərbaycan hökuməti PKK məsələsində qardaş ölkəni qətiyyətlə dəstəkləmir? Nədən bu qardaş ölkəyə gələndə Azərbaycanın sağa-sola paylanan neft və qazının hesabı çəkilməyə başlayır? Nədən Türk iş adamları ölkəmizdəki dözülməz münasibətdən fəryad qoparıb, başını alıb gedir? Hələ Nuru Paşanın emalatxanada qalan heykəli, Türkiyə seriallarına qoyulan qadağa, cin düyününə düşən viza problemi, Israil-Türkiyə qarşıdurmasında sərgilənən utandırıcı mövqe… Saymaqla bitirmi ki…
Hər şeydən öncə, Türkiyə ilə bizi bağlayan milli köklər və dəyərlərdir. Heç şübhəsiz, burada da yeri gələndə qardaş ölkə üçün “uf” demədən canını fəda edəcək minlərcə insan var. Amma böyük işlər görmək üçün o dəyərlərin dəyərini biləcək bir milli hökumət olmalıdır ortada. Real həqiqət isə odur ki, indiki Azərbaycan hökuməti bu dəyərlər haqqında nəinki düşünmür, Böyük Pyotrun vəsiyyətləri üzərində siyasət yürüdən şimal tərəfin barmağının işarəti ilə əyilib-qalxır. O zaman məsələ gün kimi aydındır, Rusiya sevgisi ilə Türkiyə sevgisi bir qəlbə necə sığa bilər ki?..