«Eurovision» korrupsiyasına rəsmən start verildi

Mingəçevirdə şıdırğı alver gedir

Bəzi büdcə təşkilatlarında bu məqsədlə smeta tutulub

Mingəçevirdə “Eurovision” korrupsiyasına rəsmən start verilib. Şəhərin bəzi büdcə təşkilatlarının rəhbərləri iclas keçirərək tabeliklərində olan işçilərə çalışdıqları idarə və müəssisənin abadlaşdırılması üçün smeta tutulduğunu bəyan ediblər. Bura inzibati binaların ətrafına üzlük daşlar çəkməkdən tutmuş divarların ağardılması, səkilərə asfalt örtüyü və tamet plitələrin döşənməsi daxildir.
Qeyd edək ki, müxtəlif idarələrdə bu məqsədlə tutulmuş smetalar da fərqlidir. “Abadlıq əməliyyatı”na pulun əsas hissəsinin işçilərin onsuz da cüzi əmək haqlarından tutulması planlaşdırılır. Işçilərə bu kampaniyanın səbəbi 2012-ci ildə ölkəmizdə keçiriləcək “Eurovision” mahnı müsabiqəsinə hazırlıqla izah olunub. O da bildirilib ki, ölkə başçısının turizm mərkəzi kimi diqqətdə saxladığı Mingəçevirin turizm potensialının və mövcud infrastrukturunu nümayiş etdirmək üçün bu müsabiqə göydəndüşmə fürsətdir. Odur ki, hər bir kəs müsabiqənin keçiriləcəyi dövrdə şəhərimizə təşrif buyuracaq turistlərin Mingəçevirdən xoş təəssüratlarla ayrılmasına öz töhfəsini verməlidir.
Ən orijinal üsula isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi Idarəsinin Mingəçevir şəhər şöbəsi əl atıb. Mənzil alqı-satqısı zamanı vətəndaşları onsuz da lüzumsuz süründürməçiliklərlə bezdirməkdə ad qazanmış şöbədə “Eurovision”dan da bəhrələnməyin yolunu tapıblar. “Azadlıq”a üz tutan bir qrup şəhər sakini burada onlardan tələb olunan sənədlərə görə rüsum haqqının birdən-birə artırılmasından gileyləniblər. Sakinlərin sözlərinə görə, rüşvətin və süründürməçiliyin baş alıb getdiyi şöbənin əməkdaşlarından biri rüsum haqqının birdən-birə artırılmasını “Eurovision-2012″ mahnı müsabiqəsinə hazırlıqla izah edib.
“Azadlıq”a daxil olan məlumatlara görə, yeni dərs ilinin başlanmasıyla əlaqədar yaxın vaxtlarda bu kampaniyaya şəhərdə fəaliyyət göstərən bütün orta ümumtəhsil məktəblərinin, o cümlədən ali və orta ixtisas təhsil müəssisələrinin da cəlb edilməsi planlaşdırılır.

Azər