Əhəd Məmmədlinin vəkilinin çıxışı

Nəsimi rayon Məhkəməsinə, mövcud iş üzrə hakim Şahin Abdullayevə

110206028 №li cinayət işi üzrə təqsirləndirilən şəxs Məmmədli Əhəd Fərhad oğlunun müdafiəçisi İmanov Yalçın Cəmil oğlu tərəfindən

Bəraət hökmü çıxarılmasına dair – CPM-in 42-ci maddəsi üzrə

MÜDAFİƏ ÇIXIŞI

(İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 7-ci maddəsinə əsasən)

I. FAKTLARIN TƏSVİRİ

Məmmədli Əhəd Fərhad oğlu İctimai Palatanın təşkil etdiyi 2 aprel  aksiyasında dinc şüarlar səsləndirmiş, heç bir hüquq pozuntusuna yol verməmişdir. Mitinq qurtarıb, evə getdiyi zaman bir qrup polis əməkdaşı və bir nəfər mülki geyimli şəxs tərəfindən Heydər Əliyev sarayının yaxınlığında zor tətbiq edilməklə saxlanılmış, döyülərək Nəsimi rayon Polis İdarəsinə aparılmışdır. Müdafiə etdiyim şəxsin döyülməsi polis idarəsinin həyətində davam etmişdir. Daha sonra o, Nəsimi RPİ-nin rəisi Məmməd Mikayılov tərəfindən şəxsən hədələnmiş, psixoloji basqı və təzyiqlərə məruz qalmışdır.
9 aprel 2011-ci il tarixində Ə.Məmmədliyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 233 və 315.1-ci maddələri ilə ittiham elan edilmiş və elə həmin gün Səbail rayon Məhkəməsinin hakimi Elnur Həsənovun qərarı (iş №4 (009)-204\2011 tarixli) ilə barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilmişdir.
Aprelin 14-də Səbail rayon Məhkəməsinin həbs qərarından verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən V.Mursaqulov) şikayəti təmin etməmişdir. 
Ə.Məmmədli barəsində aprelin 9-da seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair mayın 23-də Səbail rayon Məhkəməsinə məhkəmə nəzarəti qaydasında vəsatət verilmişdir. Mayın 24-də vəsatətə baxan Səbail rayon Məhkəməsinin hakimi Nurəddin Bağırov həbs qətimkan tədbirinin ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilməsindən imtina olunmasına dair  qərar (İş №4 (009)-319/2011 saylı) vermişdir. Mayın 31-də bu qərardan verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Əmir Bayramov) Səbail rayon Məhkəməsinin qərarını qüvvədə saxlamışdır.
31 may 2011-ci il tarixində istintaq qrupunun rəhbəri istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora ƏMəmmədlinin həbsdə saxlanma müddətinin uzadılması barədə vəsatətlə müraciət etmişdir. 01 iyun 2011-ci il tarixdə Səbail rayon Məhkəməsinin hakimi Fuad Hüseynov həbsdə saxlanma müddətinin uzadılmasına dair vəsatəti və təqdimatı əsas götürərək Ə.Məmmədlinin həbsdə saxlanılma müddətinin 2 (iki) ay, yəni 09 avqust 2011-ci il tarixinədək uzadılmasına dair qərar (01 iyun 2011-ci il tarixli İş №4 (009)-338/11 saylı) vermişdir.
İyunun 10-da bu qərardan verilən apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Rizvan Cəfərov) şikayəti təmin etməmişdir.
28 iyul 2011-ci il tarixində təqsirləndirilən 4 şəxsin cinayət işi üzrə Nəsimi rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə cinayət işi üzrə hazırlıq iclası keçirilmişdir. Həmin vaxtdan 29 sentyabr 2011-ci il tarixə qədər çoxsaylı məhkəmə iclasları keçirilmiş, 29 sentyabr 2011-ci il tarixdə məhkəmə istintaqı başa çatmışdır. Aşağıdakılara əsasən hesab edirəm ki, müdafiə etdiyim şəxs Məmmədli Əhəd Fərhad oğlu barəsində bəraət hökmü çıxarılmalıdır.

II. TƏLƏBİN HÜQUQİ ƏSASLARI
Məhkəmə araşdırması zamanı tam şəkildə müəyyən olundu ki, İbtidai araşdırma zamanı istintaq tərəfindən CPM-nin 8.0.3, 8.0.4, 125, 126, 139, 145 və 146-cı maddələrinin tələbləri kobud şəkildə pozulmuş, cinayət təqibi ilə bağlı bütün hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış, cinayətin törədilməsinə kömək edən səbəb və şəraiti müəyyən edilməmiş, cinayət törətmiş şəxslər ifşa və cinayət məsuliyyətinə cəlb edilməmiş, istintaq tamamilə birtərəfli aparılmış Əhəd Məmmədliyə qanunsuz və əsassız ittiham verilmişdir.
İstintaq CPM-nin 8.0.3 və 8.0.4-cü maddələrinə əsasən istintaqın əsas vəzifələrindən biri də cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək, eləcə də cinayətin törədilməsinə kömək edən səbəb və şəraiti müəyyən etməkdir.
Hər şeydən əvvəl, istintaq, keçirilən aksiyanın qanunun tələblərinə uyğun olub olmaması halı üzrə obyektiv araşdırma aparmamış, məsələyə birtərəfli münasibət göstərmiş, həmin hal üzrə düzgün nəticəyə gəlməmişdir.
Məmmədli Əhəd Fərhad oğlu tərəfindən ona istinad edilən cinayət əməlinin törədilməsini təsdiqləyən heç bir sübut mövcud deyil. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233 və 315.1-ci maddələri ilə təqsirləndirilir.
a) Bakı Şəhər İcra Hakimiyyətinin sərbəst toplaşmaq azadlığını qeyri-qanuni olaraq məhdudlaşdırması 02 aprel 2011-ci il tarixində baş vermiş qanuna zidd hadisələrin əsas səbəbidir
Məmmədli Əhəd Fərhad oğlunun təqsirləndirildiyi CM-nin hər iki maddəsinə nəzər yetirək. Əvvəlcə, CM-nin 233-cü maddəsi:
Maddə 233. İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə
İctimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə —
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində sərbəst toplaşmaq azadlığı nəzərdə tutulur. Həmin maddəyə əsasən hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır. Bu hüquq Azərbaycan Respublikasının yurisdiksiyasında olduğu İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 11-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ vardır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur.
Sərbəst toplaşmaq azadlığı İnsan Hüquqları Haqqında Bəyannamənin (1948) 20-ci və Vətəndaş və Siyasi Hüquqlar Haqqında Paktın (1966) 21-ci maddələrində də nəzərdə tutulmuşdur.
Avropa İnsan Hüquqları Məhkəməsi presedent qərarlarında bildirir ki, toplaşmaq azadlığı təbii hüquq olmaqla mahiyyətcə siyasi hüquqdur. Legitim olmayan hökumətlər bu hüququ xeyli şəkildə məhdudlaşdırır və ya ümumiyyətlə aradan qaldırır. Nəticədə isə bu hüquq xəyali hüquqa çevrilir. 
Azərbaycan Respublikasının “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanununda sərbəst toplaşma azadlığının həyata keçirilməsi ilə bağlı müvafiq orqanı yalnız xəbərdar etmək vəzifəsi nəzərdə tutulmuşdur. Lakin uzun illərdir ki, Bakı Şəhər İcra Hakimiyyəti bu hüququn həyata keçirilməsi ilə bağlı məsələni öz mülahizəsindən asılı bir vəziyyətə gətirməklə faktiki olaraq Azərbaycanda sərbəst toplaşmaq azadlığının formal bir hüquqa çevrilməsinə səbəb olmuşdur. Sözügedən Qanunun 7-ci maddəsində və İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 11-ci maddəsində sərbəst toplaşmaq azadlığının yalnız milli təhlükəsizlik və ictimai asayiş maraqları, cinayət və iğtişaşın qarşısının alınması, sağlamlığın və mənəviyyatın mühafizəsi və başqa şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla biləcəyi nəzərdə tutmuşdur.
“Xristianlar irqçiliyə və faşizmə qarşı təşkilatı” Birləşmiş Krallığa qarşı (1980) işdə Avropa Komissiyası (1998-ci ilə qədər Avropa İnsan Hüquqları Məhkəməsi belə adlanırdı) qeyd etdi ki, dinc toplaşmaq azadlığı hüququ dinc nümayiş təşkil etmək niyyətində olan hər kəs üçün təmin olunur. Zor tətbiqi ilə əks-nümayiş ehtimalı və ya bu nümayişi təşkil edən assosiasiyanın üzvləri olmayan və zor tətbiq etmək niyyətində olan ekstremistlərin nümayişə qoşulacağı mümkünlüyü öz-özlüyündə bu hüququ ləğv edə bilməz.
İctimai Palatanın 02 aprel aksiyası ilə bağlı mitinqin təşkilat komitəsinin üzvləri aksiyadan əvvəl yerli mətbuata verdikləri çoxsaylı müsahibələrində İctimai Palatanın təşkil etdiyi aksiyanın dinc xarakterli olduğunu dəfələrlə vurğulamış və tərəfdarlarına heç bir zorakılığa yol verməməyə dair çağırışlar etmişdir. Bu isə 2 aprel aksiyasının təşkilatçılarının dinc aksiya keçirmək niyyətində olduğunu bir daha nümayiş etdirir.
Bakı Şəhər İcra Hakimiyyəti sərbəst toplaşma hüququnu məhdudlaşdırarkən Avropa Konvensiyasının 11-ci maddəsinin 2-ci bəndinə əsasən onu əsaslandırmalı idi. Lakin icra hakimiyyəti nəinki bu məhdudlaşdırmanı əsaslandırmış, hətta sərbəst toplaşmaq hüququnu özünün diskresiya (vəzifəli şəxsin və ya dövlət orqanının şəxsi mülahizəsinə əsasən hər hansı məsələni həll etməsi) səlahiyyətindən asılı vəziyyətə salmışdır.
Avropa Məhkəməsinin presedent qərarlarında deyilir ki, dövlət hətta sanksiyalaşdırılmamış aksiya iştirakçılarının əks-nümayişçilərin hücumundan  müdafiəsini təmin edən pozitiv öhdəlik daşıyır. “Həkimlər həyat uğrunda” (1988) işində Avropa Komissiyası qeyd etmişdir ki, dövlət öz dinc toplantılar hüququnu həyata keçirən əhali qrupunun müdafiəsini təmin etmək üçün cavabdehlik daşıyır: “Bu və ya digər nümayiş öz məqsədlərinin yönəldiyi təşviqatın ideya və tələblərinə qarşı çıxan insanlar üçün narazılıq yarada və ya onlar üçün təhqiredici ola bilər. Bununla belə, iştirakçılar bu nümayişi onların rəqibləri tərəfindən fiziki zora məruz qalmaq qorxusu olmadan keçirmək imkanına malik olmalıdırlar; belə təhlükələr cəmiyyətə aid bir sıra müqayisəli məsələlərdə ümumi ideya və maraqlarını bölüşən assosiasiya və digər qruplar üçün maneə ola bilər. Demokratiya şəraitində əks-nümayiş keçirmək hüququ nümayiş keçirmək hüququna qadağan qoyulmasına əsas verə bilməz”.
02 aprel aksiyası zamanı avtomobillərə, obyektlərə və polis maşınlarına zərərin məhz əks-nümayişçilər tərəfindən vurulmasını təsdiq edən, yerli mətbuatda səslənmiş iddialar və videogörüntülər istintaq tərəfindən araşdırılmamış, nəticədə istintaq birtərəfli, əsassız və qanunsuz aparılmışdır.  
Avropa Komissiyası “Sandi Tayms” Birləşmiş Krallığa qarşı (1979) işində dövlətin sərbəst toplaşmaq azadlığı ilə bağlı qiymətləndirmə sərbəstliyinin hüdudları ilə bağlı məsələyə toxunarkən qeyd etmişdir ki, hüquqi standart hər hansı şübhəli, mənafelərin sərhəddə yerləşdiyi hallarda üstünlük dövlətin daha mühüm mənafeləri müdafiə etməsi dəlilinə deyil, fərdi azadlığına verilməlidir.
Azərbaycan Respublikasının “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanununun 5-ci maddəsinin tələbinə görə də, toplantı, yəni yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və piketlə bağlı icazə (yalnız xəbərdarlıqdan söhbət gedə bilər) nəzərdə tutulmadığından, hakimiyyət nümayəndəsinin dinc aksiyanın keçirilməsinin dayandırılması ilə bağlı tələbi də qanuni xarakter daşıya bilməzdi. Digər tərəfdən, yuxarıda da qeyd edildiyi kimi, Məmmədli Əhəd Fərhad oğlu 2 aprel aksiyasının sıravi iştirakçısı olmuşdur və onun əməllərində ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə tərkibi olmamışdır. Yəni, iki və ya daha çox icraçını toplamağa, onları bu maddədə nəzərdə tutulan ictimai təhlükəli hərəkətləri törətməyə cəlb edilmiş yönəldilmiş hərəkətlərə yol vermə, yaxud bir qrup şəxsə rəhbərlik etmə, onlara sərəncam vermə, hərəkətlərini istiqamətləndirmə eləcə də maddədə təsvir edilən hərəkətlərdə fəal iştirak etmə olmamışdır.
CM-nin 233-cü maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməl subyektiv cəhətdən yalnız birbaşa qəsdlə törədilir. Təqsirkar şəxs maddənin dispozisiyasında qeyd olunan ictimai təhlükəli nəticələrə səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etdiyini və ya bu cür hərəkətlərdə fəal iştirak etdiyini şüurlu surətdə dərk edir və bunu arzu edir. Ancaq Məmmədli Əhəd Fərhad oğlunun hərəkətlərində bunu müşahidə etmək mümkün deyil.

b) Məmmədli Əhəd Fərhad oğlunun əməlində 315.1-ci maddənin tərkibi yoxdur
Onun təqsirləndirildiyi digər maddə CM-nin 315.1-ci maddəsidir. Həmin maddəyə əsasən:
Maddə 315. Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə
315.1. Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə —
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
315.2. Bu Məcəllənin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə —
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İstintaq hesab edir ki, Məmmədli Əhəd Fərhad oğlu 2 aprel aksiyası zamanı saxlanarkən polis əməkdaşları – Nizami RPİ-nin PPXB-nin manqa komandiri, polis serjantı Qasımov İbrahim Mirzə oğlu və Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Zamanov İlham İmran oğluna qarşı müqavimət göstərmiş və zor tətbiq etmiş, həmçinin FİAT-DOBLO markalı 90 AE 625 dövlət qeydiyyat nişanlı avtomobilin yan qapılarını təpilkləmişdir.. Halbuki, aksiya zamanı Əhəd Məmmədlinin özü polis əməkdaşları və bir nəfər mülki geyimli şəxs tərəfindən xüsusi amansızlıqla döyülmüş, fiziki təzyiqə və zorakılığa məruz qalmış və daha sonra Nəsimi rayon Polis İdarəsinə aparılmışdır. Polis İdarəsinin həyətində onun döyülməsi, qeyri-insani rəftara məruz qalması və işgəncə verilməsi prosesi davam etmişdir. Nəsimi RPİ-nin r4əisi özü şəxsən Məmmədlıi Əhəd Fərhad oğlunun döyülərək ona raport verilməsini əməkdaşlarına tapşırmışdır. Cinayət işinin materiallarında olan (cild 10, səh.11-12) Ekspert rəyinin nəticə hissəsində Məmmədli Əhəd Fərhad oğlunda alın nahiyəsinin iki ədəd sıyrığı və sağ budun qançırının aşkar edildiyi göstərilmiş, bu xəsarətlərin küt əşya (əşyalar) təsirindən törəndiyi, törənmə müddətlərinin 02.04.2011-ci il tarixi inkar etmədiyi qeyd edilmişdir. Bununla bağlı 09.04.2011-ci il tarixində Ə.Məmmədli barəsində həbs qətimkan tədbiri seçilərkən təqdim etdiyimiz Vəsatətə formal münasibət göstərilmiş və 25.04.2011-ci il tarixli Qərarla həmin şikayət üzrə cinayət işinin başlanması rədd edilmişdir.
Digər tərəfdən, polis işçilərinin ifadələri nəinki mötəbər sayıla bilməz, həmin sübutlar hüquqi qüvvəsi olmayan hesab edilməli və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilməməlidir.
Beynəlxalq qanunvericiliyin ümumi prinsiplərindən biri də “polis şahid deyildir” prinsipidir.
Eyni zamanda CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir.
Hazırkı iş üzrə istintaq tərəfindən təqdim edilən sübut mənbəyi Bakı şəhərində keçirilmiş mitinqi əks etdirən 5 ədəd videodisklərdir ki, həmin videodisklərdə Məmmədlinin hər hansı ictimai qaydanı pozduğu və yaxud da hakimiyyət nümayəndəsinə müqavimət göstərdiyi və ya zor tətbiq etdiyi müəyyən edilmir.
Son illərin təcrübəsi göstərir ki, CM-nin 315.1-ci maddəsi bir qayda olaraq siyasi fəal şəxsləri cinayət təqibinə məruz qoymaq üçün bir alətə çevrilmiş və bu praktikada çox geniş şəkildə yayılmışdır. İstintaq bu üsuldan yararlanaraq, əslində baş verənləri obyektiv, tam və hərtərəfli araşdırmağa maraq göstərməmiş,  nə yolla olursa-olsun Ə.Məmmədlinin həbsdə saxlanmasına çalışmışdır.  
Müdafiə tərəfi əminliklə bildirir ki, Məmmədli Əhəd Fərhad oğlunun əməllərində CM-nin 233 və 315.1-ci maddələrinin tərkibi yoxdur. Həmçinin onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə aidiyyəti və təqsirliliyi də sübut olunmamışdır. Azərbaycan Respublikası CPM-in 157.1-ci maddəsində deyilir: “Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə aidiyyəti sübut olunmadıqda, o, həbs oluna və ya zərurət olmadıqda həbsdə saxlanıla bilməz”.

c) Mülki iddia ilə bağlı

İctimai Palatanın keçirdiyi 02 aprel aksiyasına təxribat və zorakılıq xarakteri verən, mağazaların və obyektlərin şüşələrini qıran, polis maşınlarına xəsarətlər yetirən əks-nümayişçilərin mövcudluğu ilə bağlı yerli və beynəlxalq mətbuatda səsləndirilmiş iddialar və videolentə alınaraq internet saytlarında yayımlanan görüntülər ibtidai istintaq tərəfindən araşdırılmamışdır. Həmin iddialarda və görüntülərdə aksiya zamanı sındırılmış şüşələrin, zərər yetirilmiş polis maşınları və avtomobillərin əks-nümayişçilərin qanunazidd hərəkətlərinin nəticəsində baş verdiyi bildirilir. Məhkəmə baxışında Məmmədli Əhəd Fərhad oğlu da daxil olmaqla təqsirləndirilən şəxslərin mağazaların və obyektlərin şüşələrini qırması, pois maşınlarına xəsarət yetirməsini təsdiqləyən hər  hansı sübut ortaya qoyulmamışdır. Əksinə həm zərərçəkmiş şəxslər, həm iş üzrə şahidlər təqsirləndirilən şəxslərin onlara hər hansı zərər yetrimədiyini və bu zərər yetirdiyini görmədiklərini bildirmişdirlər. Bu baxımdan da təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş 6.028 manat maddi ziyan (“Transqeyt” MMC 1.650 manat, Məmmədova Şahnisə Nəsrəddin qızı 850 manat, “3 №-li Avtonəqliyyat Müəssisəsi” MMC 2.255 manat, “EN Trans Çinar” MMC 480 manat, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Avtomobil Təsərrüfatı 658 manat və fiziki şəxs Əliyeva Fəridə Elman qızı 1.000 manat (ekspertiza rəyinə görə dəymiş ziyan 135 manatdır)) da öz təsdiqini tapmır.

Qeyd etmək lazımdır ki, cinayət işində mülki iddia AR CPM-in 179-cu maddəsinə əsasən mülki prosessual qanunvericiliklə tənzim edilir. Hər şeydən əvvəl bildirmək lazımdır ki, bu işdə mülki iddiaçıların iddia ərizələri Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 149-151-ci maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə olan halda isə qanunvericiliyin tələbinə uyğun olaraq həmin iddia ərizələri ən yaxşı halda baxılmamış saxlanıla bilər. Digər tərəfdən isə məhkəmə araşdırması zamanı mülki iddiaçılar sübutetmə vəzifəsi onların üzərinə düşməsinə baxmayaraq, öz iddia tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilməmiş, təqsirləndirilən şəxslərin hansı qanunazidd hərəkətləri nəticəsində onlara zərər dəydiyini göstərə bilməmişdirlər. Bəzi zərərçəkmiş şəxslər – məsələn, Məmmədova Şahnisə Nəsrəddin qızı isə öz iddiasını müdafiə etmək üçün məhkəmə iclasına gəlməmişdir.
Bütün bunlara görə də müdafiə tərəfi hesab edir ki, Məmmədli Əhəd Fərhad oğlunun əməlində nə 233-cü, nə də 315.1-ci maddənin tərkibi vardır. Həmçinin onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə aidiyyəti də sübut olunmamışdır. Azərbaycan Respublikası CPM-in 157.1-ci maddəsində deyilir: “Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə aidiyyəti sübut olunmadıqda, o, həbs oluna və ya zərurət olmadıqda həbsdə saxlanıla bilməz”.
Azərbaycan Respublikasının da yurisdiksiyasında olduğu İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 7-ci maddəsində qanunsuz cəzalandırılmamaq hüququ nəzərdə tutulmuşdur. Həmin maddənin 1-ci bəndində deyilir ki, heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 42-ci maddəsində bəraətin əsasları sadalanır. Həmin Məcəlləyə əsasən:
Maddə 42. Bəraətin əsasları
42.1. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır:
42.1.1. cinayət hadisəsi olmadıqda;
42.1.2. əməldə cinayət tərkibi olmadıqda;
42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda;
42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə;
42.1.5. andlı iclasçılar kollegiyası şəxsin təqsirsizliyi barədə verdikt çıxardıqda.
42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır:
42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda;
42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda;
42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə;
42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə.\
CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələri sırasına daxildir.
CPM-in 55.1. –ci maddəsində deyilir ki, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.
Həmin Məcəllənin 91.5.41.–cü bəndində ittiham sübut olunmadığı halda təqsirləndirilən şəxsin bəraət almaq hüququ nəzərdə tutulmuşdur.
CPM-in 349.3.-cu maddəsində deyilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır.
CPM-in 349.5.1. –ci maddəsində isə göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir.
CPM-in 350.1.-ci maddəsində deyilir ki, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.
350.2. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır.

III. TƏLƏB

Göstərilənləri nəzərə alaraq və CPM-in 42.1.2. –ci maddəsini rəhbər tutaraq Məhkəmədən

XAHİŞ EDİRƏM:

1. Məmmədli Əhəd Fərhad oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə cinayətin törədilməsinə aidiyyəti olmadığından CPM-nin 42.1.3-cü maddəsinə əsasən, 233-cü maddəsi  ilə onun əməlində cinayət tərkibi olmadığından CPM-in 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində ona qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılsın.
2. Əhəd Məmmədlinin tutulan zaman və Nəsimi rayon Polis İdarəsinin həyətində polis və mülki geyimli şəxslər tərəfindən döyülməsi və qeyri-insani rəftara məruz qalması ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə 25.04.2011-ci il tarixli Qərar ləğv edilsin. Ə.Məmmədlinin döyülməsi və qeyri-insani rəftara məruz qalması prosesinə rəhbərlik edən Nəsimi rayon Polis İdarəsinin rəisi Məmməd Mikayılovun və Nəsimi RPİ-nin digər polis əməkdaşlarının törətdiyi cinayət haqqında məlumatlar dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin.
3. İstintaqı birtərəfli və qanunsuz apardığına görə Bakı şəhər Prokurorluğunda yaradılmış İstintaq qrupunun rəhbəri Fazil Həsənəliyev, sərbəst toplaşmaq azadlığını heç bir qanuni əsas gətirmədən məhdudlaşdıran Bakı Şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov barəsində xüsusi qərar çıxarılsın.