Eks-prezidentlərin statusu haqqında qanun layihəsinin əsas detalları açıqlanıb. Layihəyə əsasən, “keçmiş prezident” Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutmuş, prezident vəzifəsini tutmuş və vəfat etmiş, həmçinin Konstitusiyanın 104-cü maddəsinə uyğun olaraq səlahiyyətlərinə xitam verilmiş şəxslər hesab olunur. Qanunda keçmiş prezidentin həyat yoldaşı və öhdəsində olan uşaq anlayışları da verilib. Konstitusiyanın 107-ci maddəsinə uyğun olaraq impiçment qaydasında vəzifəsindən uzaqlaşdırılmış prezident bu qanunda nəzərdə tutulmuş pensiyanı almaq hüququna malik deyil.
Qanunda diqqət çəkən başqa bir məqam isə eks-prezidentin cinayət məsuliyyətinə cəlb edilməməsidir. Belə ki, keçmiş prezident seçilməmişdən əvvəl və ya prezident səlahiyyətlərini icra edərkən etdiyi hərəkətlərə görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilməz. Onun həyat yoldaşı da keçmiş prezidentin səlahiyyətlərini icra etdiyi və ondan əvvəlki dövrlərdə etdiyi hərəkətlərə görə inzibati və cinayət məsuliyyətinə cəlb olunmayacaq. Yalnız cinayət başında yaxalanacağı təqdirdə eks-prezident və onun xanımı cinayət məsuliyyətinə cəlb edilə bilər.
Layihə bu şəkildə qəbul olunsa, onda eks-prezidentlər haqqında qanun yalnız Heydər Əliyevə və gələcəkdə Ilham Əliyevə şamil oluna bilər. Çünki digər iki prezident səlahiyyət müddəti başa çatmadan vəzifələrini tərk edib. Ə.Elçibəy isə referendum nəticəsində səlahiyyətlərindən məhrum edilib. Hakimiyyəti təmsil edən deputatlar da məhz bu fakta istinad edərək qanunun Əbülfəz Elçibəy və Ayaz Mütəllibova şamil olunmamasına çalışır. Belə olan halda, bu qanun necə qiymətləndirilə bilər?
«Bizdə heç bir prezident impiçment qaydasında məsuliyyətə cəlb edilməyib»
Məsələyə münasibət bildirən hüquqşünas Müzəffər Baxışın sözlərinə görə, indiyə qədər Azərbaycanda heç bir prezidentə impiçment tətbiq edilməyib. Referendum isə impiçmentə bərabər ola bilməz: “Impiçment yüksək vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi prosedurudur. Bizdə heç bir vəzifəli şəxs impiçment qaydasında məsuliyyətə cəlb olunmayıb. Amma referendum keçirilib kiminsə səlahiyyətinə xitam verilibsə, onun impiçmentə heç bir aidiyyəti yoxdur. Bizdə heç bir prezident impiçment qaydasında məsuliyyətə cəlb edilməyib”.
«Gələcəkdə hər hansı şəxs prezident olduqdan sonra bu qanuna əsaslanıb çox rahatlıqla cinayətlər törədə bilər»
Əbülfəz Elçibəyin ailə üzvü Aqil Səmədbəyli isə qanun layihəsi ilə tanış olarkən onun üçün müəyyən sualların yarandığını deyir. Lakin layihənin müzakirəsində iştirak etmiş bir neçə millət vəkili ilə söhbətdən sonra bəzi şübhələr aradan qalxdı.
Bununla belə A.Səmədbəyli qanun layihəsində bir neçə qaranlıq qalan məqamın olduğunu qeyd etdi: “Qanun layihəsindəki bir bənd dünyanın heç bir yerində eks-prezidentlər haqqında qanunda yoxdur. Orda deyilir ki, ”eks-prezidentin prezident seçilməzdən əvvəlki dövrdə və prezident səlahiyyətlərini icra etdiyi müddətdə işlədiyi cinayətlərə görə məsuliyyət daşımır. Eyni zamanda bu məsələ onun xanımına da şamil olunur”. Bu, bir az başa düşülən deyil. Prezident səlahiyyətlərini icra etdiyi müddətdən əvvəlki müddətdə etdiyi cinayətə görə niyə məsuliyyət daşımamalıdır? Ilk növbədə məsuliyyəti prezident daşımalıdır. Çünki ölkənin birinci şəxsidir və o, bütün ölkə əhalisi üçün nümunədir. Əgər o cinayət törədirsə, cəmiyyətdə də cinayətkarlıq baş alıb gedəcək. Eyni zamanda prezidentin xanımı niyə cinayətə görə məsuliyyət daşımamalıdır? Bu da başadüşülən deyil”.
A.Səmədbəylinin sözlərinə görə, gələcəkdə hər hansı şəxs prezident olduqdan sonra bu maddəyə əsaslanıb çox rahatlıqla cinayətlər törədə bilər. Eyni zamanda onun xanımı da bu addımı atar: “Orda qeyd olunur ki, yalnız prezident cinayət başında yaxalanarsa, o zaman məsuliyyətə cəlb olunur. Amma Azərbaycan reallıqlarını nəzərə alsaq, bu, real deyil. Çünki prezident səlahiyyətlərini icra etdiyi müddətdə cinayət etsə, onu cinayət məsuliyyətinə cəlb etməyə heç kimin cəsarəti çatmaz. Bu baxımdan həmin maddə başa düşülən deyil. Gözləyirəm ki, müzakirə olunan zaman bu maddənin üzərində, xüsusilə dayanılacaq və müəyyən dəyişikliklər olacaq”.
Fizzə