Elşad Abdullayevin ittiham etdiyi şəxs «Azadlıq»a danışdı

“Mahir Abdullayevin tapılması ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır”

 

Arzu Kazımov: «Elşad Abdullayevin xahişini Zahid müəllimə dedikdə, o, «özü bilir qardaşı haradadır. Zəhmət çəksin, gedib gətirsin!» demişdi»

 

Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin ittiham etdiyi şəxslərdən biri – Arzu Kazımov “Azadlıq”ın suallarına cavab verib.

Elşad Abdullayevi çoxdan tanıyıram

– Elşad Abdullayev sizi ağır cinayətdə ittiham edir. Ən azı, sizi onda ittiham edir ki, siz onun qardaşı Mahir Abdullayevi oğurlayanları tanıyaraq onu geri qaytarmaq üçün vasitəçilik etmisiniz və ya vasitəçilik barədə təklifi qəbul etmisiniz. Belə bir hadisə baş veribmi? Yəni, siz Mahir Abdullayevi oğurlayanları tanıyırsınızmı?
– Elşad Abdullayev məni ağır cinayətdə ittiham edə bilməz. Çünki mənim onun qaranlıq işlərindən heç vaxt xəbərim olmayıb və kimin kimi oğurlamasından da xəbərim yoxdur. Eyni ölkədə yaşadığımız üçün bu xəbəri hamı necə eşidibsə, mən də elə eşitmişəm. O ki qaldı Mahir Abdullayevin tapılması ilə bağlı məsələlərə, bu işlərlə hüquq-mühafizə orqanları məşğul olmalıdır.

– Siz Elşad Abdullayevi nə vaxtdan tanıyırsınız, onunla tanışlığınız hansı zəmində olub? Sizin aranızdakı biznes əməkdaşlığı nədən ibarət olub?
– Mən Elşad Abdullayevi çoxdan tanıyıram, San-Marino Institutu fəaliyyət göstərən vaxtdan. Ancaq biz uzun müddət görüşməmişdik. Sonradan bəzi biznes əlaqələrilə bağlı görüşdük.

Hüquq-mühafizə orqanlarında çalışan insanlarla heç bir xüsusi münasibətim yoxdur

– Elşad Abdullayevin prezident Ilham Əliyevə ünvanladığı (2009-cu il) müraciətdə sizin adınız hallanıb və bu təfərrüat artıq, sizə məlumdur. Bu müraciətin prezidentə göndərildiyi zamandan sonra inzibati qurumların, hüquq-mühafizə orqanlarının hər hansı nümayəndələri bu məsələlər barədə sizinlə söhbət ediblərmi? Əgər söhbət ediblərsə, bu barədə məlumat verməyinizi xahiş edirik. Əgər heç bir söhbət olmayıbsa bunu necə qiymətləndirirsiniz?
– Elşad Abdullayevin mənim haqqımda dedikləri şər-böhtandır. Elşad Abdullayevin prezidentə ünvanladığı məktubda Azərbaycanda tanınan bütün vəzifə sahiblərinin adları çəkilir. Ona görə də hesab edirəm ki, Elşad Abdullayev özünü təmizə çıxarmaq üçün çox çirkin oyunlar qurub. Bir yoldaş kimi ona tövsiyə edərdim ki, bu yoldan çəkilsin. Əgər kimə qarşı hansısa bir narazılığı vardısa, yeddi il bundan öncə deputat seçkiləri ərəfəsində, hər ayda bir elmi dərəcə aldığı vaxtlarda ABU-da keçirdiyi müşavirələrdə o vaxtlar səsləndirəydi bu fikirləri, indi yox. Gedib xaricdə oturub ona-buna şər-böhtan yağdırmaqla heç nəyə nail olmaq olmaz, cənab professor.

– Həmin müraciətdən belə çıxır ki, hüquq-mühafizə orqanlarının, o cümlədən MTN əməkdaşlarının sizinlə xüsusi münasibətləri var. Bunu necə izah edirsiz: bu, sadəcə böhtandır, ya hər hansı əsası var? MTN və DIN-də yaxın münasibətlərdə olduğunuz şəxslər varmı? Adlarını çəkməyə də bilərsiniz…
– Məktubda adları çəkilən şəxslərlə, yəni hüquq-mühafizə orqanlarında çalışan insanlarla heç bir xüsusi münasibətim yoxdur. Bu, Elşad Abdullayevin növbəti uydurmasıdır.

Mən çox adamlar tanıya bilərəm, o cümlədən Zahid Dünyamalıyevi də

– Mərhum general Zahid Dünyamalıyevlə münasibətlərinizin tarixçəsi haqqında nə deyə bilərsiniz?
– Rəhmətlik Zahid Dünyamalıyevi bütün Azərbaycan vətəndaşları tanıdığı kimi, mən də tanımışam. Xatırladım ki, mən Naxçıvan MR Milli Məclisinin deputatı olmuşam. Mən çox adamlar tanıya bilərəm, o cümlədən Zahid Dünyamalıyevi də.

– Həqiqətən də Zahid Dünyamalıyevlə Mahir Abdullayevin axtarılıb tapılması haqqında söhbətiniz olubmu?
– Elşad Abdullayev mənə Zahid Dünyamalıyevlə görüşmək istədiyini dəfələrlə bildirmişdir. Mən də Elşad Abdullayevin  xahişini Zahid müəllimə dedikdə, o, “özü bilir qardaşı haradadır? Zəhmət çəksin, gedib gətirsin!” demişdi. Bununla da söhbətə son qoyuldu.

– Elşad Abdullayevin MTN-ə təqdim etdiyi audio-video yazılarda sizin səsiniz və görüntüləriniz var. Bunlara əsasən sizin Mahir Abdullayevin axtarılması, üzə çıxarılması ilə bağlı hansısa tədbirlərdə iştirakınız olduğu ehtimalı yaranır. Bu kasetlərdəki qeydləri tam inkar edirsiz, ya hansısa izahınız var?
– Münasibətlərim Elşad Abdullayevlə həmişə yaxşı olub. Əgər mənim tanıdığım hər hansı şəxsin, dostumun, tanışımın, əsgər yoldaşımın hər hansısa bir problemi olursa, biz onun yanında olub, dərdinə şərik çıxmışıqsa, bunun nəyi pisdir? O vaxtlar əlimdən gələn yaxşılığı ondan əsirgəməmişəm. Onunsa Elşad Abdullayev tərəfindən necə qiymətləndirilməsi öz işidir.

Elşad Abdullayev hər şeyi bizdən yaxşı bilir

– Bəzi çevrələrdə belə şayiələr var ki, Mahir Abdullayev müxalifət partiyalarından birinə xüsusilə yaxın olduğu üçün aradan götürülüb. Belə söhbətlər haqqında sizə nəsə məlumdurmu?
– Bu haqda heç bir məlumatım yoxdur və heç vaxt da maraqlanmamışam.

– Bir başqa versiyaya görə Mahir Abdullayev Elşad Abdullayevin külli miqdarda pulunu götürərək qaçıb. Bu barədə nəsə eşitmisinizmi?
– Elşad Abdullayevlə həmişə söhbətimiz zamanı bildirirdi ki, nəyimiz var Mahir aparıb. Bundan başqa, o haqda heç nə deyə bilmərəm. Çünki bu, onların ailədaxili problemləridir.

– Mahir Abdullayevi oğurlayan şəxslərin kimliyini və hətta indi onun harada olduğunu da Elşad Abdullayevin bildiyi barədə danışırlar…
– Elşad Abdullayev bunların hamısını bizdən yaxşı bilir.

– DIN polkovniki Telman kimdir? Onunla sizin tanışlığınız nə zamandan başlanır?
– Telman adlı adam tanımıram.

Mehri Hüseynova

HƏMÇİNİN BAX:

Elşad Abdullayevin qardaşı oğlu da oğurlanıbmış

Generalın oğlunu kimlər oğurlayıb?

Elşad Abdullayev fırtınası davam edir

***

Elşad Abdullayevdən İlham Əliyevə şok müraciət

Elşad Abdullayevdən yeni sensasiyalar

“Qohumlarım MTN-in «podvallarından» tapılırdılar”

Mahir Abdullayevin oğurlandığı maşın Bakıdadır

Elşad Abdullayevin MTN-ə təqdim etdiyi dəlillər «Azadlıq»da

Elşad Abdullayev kimə borclu olub?