Mehman Əliyev: «Birinci özlərinə baxsınlar, sonra başqalarını mühakimə etsinlər»
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Mətbuat Şurasının səlahiyyətlərinin artırılmasını istəyir. Şuranın növbəti qurultayında bu məsələni qaldıracaqlarını deyən B.Sadıqov bildirib ki, Azərbaycanda qəzetlərin bağlanması üçün məhkəməyə müraciət etmək səlahiyyətində olan qurum yoxdur. Bu səbəbdən də Mətbuat Şurasına belə bir səlahiyyət verilməlidir: “Biz qurultayda jurnalistlərdən xahiş edəcəyik ki, Şuraya həddini aşan, jurnalistika prinsiplərinə əməl etməyən qəzetlərin bağlanması ilə bağlı məhkəməyə müraciət etmək hüququ versinlər”. Baş redaktor bu səlahiyyəti “reket” qəzetlərə qarşı mübarizə baxımından vacib sayır.
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev isə hesab edir ki, Mətbuat Şurasına belə səlahiyyətin verilməsi yolverilməzdir: “Dünya təcrübəsində qəzeti bağlamaq anlayışı yoxdur. Kimisə cərimələmək və ya başqa formada cəzalandırmaq olar. Amma redaksiyanı bağlatdırmaq ancaq totalitar rejimlərdə ola bilər. Bu, cəfəngiyyatdır. Əgər peşə etikasından söhbət gedirsə, qoy, Bəxtiyar Sadıqov Jurnalistlərin Pəşə Əxlaqı Kodeksini qabağına qoysun və baxsın ”Azərbaycan” qəzeti həmin kodeksə əməl edirmi? Qoy, əvvəlcə güzgüdə özünə baxsın. Özü KIV haqqında qanuna riayət edirmi? Düzgünlük, həqiqətə xidmət – bunlar hamısı prinsiplərdir. Bunlar “Azərbaycan” qəzetində varmı? Birinci növbədə Mətbuat Şurasının üzvləri öz KIV-lərini qarşılarına qoyub baxsınlar, sonra başqalarını mühakimə etsinlər”.
M.Əliyev deyir ki, belədirsə, təklifin müəllifləri beynəlxalq jurnalistika standartlarını qəbul etmədiklərini bəyan etsinlər: “Ona qalsa, mən də belə hesab edirəm ki, büdcədən maliyyələşən qəzetlər olmamalıdır. Mən niyə ”Azərbaycan” qəzetini maliyyələşdirməliyəm? “Azərbaycan” qəzetinin maliyyələşdirilməsi dayandırılsın, mən də görüm Bəxtiyar Sadıqov haradan pul qazanacaq? Kim o qəzeti oxuyacaq? Özlərinə baxsınlar sonra danışsınlar. Danışmağa da haqqın olmalıdır da. Belə olmaz. Sən öz zəhməti ilə pul qazanan qəzetlərə dərs keçmək istəyirsən? Get, dövlət büdcəsindən imtina elə, başla müstəqil fəaliyyət göstərməyə. Biz də baxaq görək necə işləyirsən”.
Gültəkin