“Birlik-inşaat”ın qurbanları ayağa qalxdı

Şirkət yüzlərlə müştərisinin pulunu qaytarmamaqda israrlıdır

“Birlik-inşaat” MMC- nin qurbanları ötən gün Xətai rayonu, Rahib Məmmədov küçəsi, 20 ünvanındakı 15 mərtəbəli yaşayış binasının önünə toplaşdılar. Haqlarını tələb edən zərərçəkənlərlə görüşə polislər də gəlmişdi. Tikinti şirkətində səlahiyyətli olmayan şəxslər isə yenə ön cərgədə durub insanları siyahıya alırdı. Bu isə haqlı narazılığa səbəb oldu.
Sakinlər “Birlik-inşaat”ın rəhbəri Elman Tağıyevin gəlməsini tələb edirlər. Onlar deyirdilər ki, şirkət siyahı tərtib etməklə vaxtı yubadır. Düşünürlər ki, bu siyahı başaldadıcıdır: “Məqsəd insanların başını qatmaqdır. Halbuki oktyabrın 5-də Elmanın əmisi oğlu Arif bizə dedi ki, siyahı hazır olandan sonra mənzillər birinci sahibinə veriləcək. Digər şəxslərin isə pulu qaytarılacaq. Bilirik ki, bu deyilənlər yalandır. Onların məqsədi aradan çıxmaqdır”.
Zərərçəkənlər Tağıyev qardaşlarının Zərifə Əliyeva adına göz klinikasının yaxınlığında üç villası, Xırdalanda yaşayış binası, 6 minə yaxın mal-qarasının olduğunu deyirlər: “Əgər hökumət bu problemi həll etməkdə maraqlıdırsa, o mülkləri müsadirə edib camaatın pulunu qaytarmalıdır”.
Sakinlər deyirlər ki, Elman Tağıyev onları Bakıda bu il keçirilməsi planlaşdırılan “Eurovision” yarışması ilə aldadıb: “Hamımızdan pul istəyirdi. Deyirdi ki, ”Eurovision”a qədər bina tam hazır olacaq. Indi anlayırıq ki, o bizi aldadıb. Öz məqsədi üçün istifadə edib, bu qədər insanı çöldə qoyub”.
“Burda elə adam var ki, evini, maşınını, ya da qızıllarını satıb ”Birlik-inşaat”dan mənzil alıb. Indi bu adamlar nə etməlidir? Hara üz tutsunlar? Kimə müraciət edək? Bu problemlə kimsə maraqlanacaqmı?” – deyə zərərçəkənlər sual edir.
“Birlik-inşaat”a məxsus binanın girişində siyahı asılıb. Siyahıda 210 nəfərin adı var. Onlar da mənzillərin birinci sahibləridir. Digər vətəndaşların taleyi isə sual altındadır.
Binanın qapıları önündə maraqlı elanlar da vurulub. Elanların birində “Bu, mənim nömrəmdi. Özüm də polisəm. Binanın 4-cü mərtəbəsində mənzil mənə məxsusdur. Kimin etirazı olsa, zəng edə bilər” cümlələri yazılıb.

Ramin DEKO