“Atalar-oğullar” romanı ünlü rus-türk yazarı I.S.Turgenevin yaradıcılığında ayrıca yer tutur. Çağında yazara böyük ad-san qazandıran bu roman bizdə indi necə də aktuallıq qazanıb! Romanda keçmiş gələnək-görənəklərə bağlı atalarla yenilikçi, ölkənin, millətin uğurlu gələcəyinə çalışan oğullar arasında gedən çarpışmadan danışılır. Indilər – Əliyevlər dönəminin Azərbaycanında – atalar-oğullar çarpışması başqa səpkidə, başqa axarda gedir. Bizdə oğullar atalara qarşı çıxmırlar. Bizdə oğullar ataların yolunu gedirlər. Bu da bir Azərbaycan fenomenidir.
2 aprel aksiyası ilə bağlı tutulmuş adamlar, başlıcası da gənclər, demək olar, standart suçlamalar, eləcə də standart qanun pozuntuları ilə 2-3 ilin dustaqlarına çevrilirlər. Onlara “2 aprel dustaqları” deyirlər, ancaq “Ilham Əliyev dustaqları – əliyevçi rejim dustaqları” deyilsəydi, daha düzgün olardı: işdə qanunlar deyil, Ilham Əliyevin siyasi maraqları – korrupsioner rejim maraqları QANUNDAN üstün tutulduğuna görə!
2 aprel aksiyası ilə bağlı tutulmuş Məhəmməd Məcidliyə 2 il 6 ay iş verildi. Lap məhkəmənin sonuna yaxın bildim: Məhəmməd bəy Mərcanlı Çərkəz müəllimin oğludur. Məhəmməd bəyin 2 il yarım iş almasında önəmli rol oynayanlardan biri… atası “37” qırğınlarında önəmli rol oynayanlardan birinin oğludur! Demək, Məhəmməd bəyə iş verdirən Heydər oğlu Ilham, repressiya-tutulma işində önəmli rol oynayansa qanlı NKVD dönəminin aktivlərindən birinin oğlu. Heydər Əliyev özü kimdir? Bəlli olduğu kimi, NKVD-KQB yetirməsi! Görün, hara gəlib çıxmışıq. Daha doğrusu, əliyevçi rejim bizi görün hara, hansı keçmişə aparıb çıxarıb!
Keçmiş MTN polkovniki R.Nağıyevin, iş adamı N.Zülfüqarlının, keçmiş Beynəlxalq Universitetin keçmiş rektoru, özü demiş, “30 ilin hüquq professoru” Elşad Abdullayevin açıqlamalarından da göründüyü kimi, biz, Azərbaycan ölkəsi olaraq, stalinçi repressiya dönəminə döndərilən dönəmdə yaşayırıq. Qısaca, bu, NKVD-çi atalar-oğullar dönəmi, başqa cür desək, bizim 21-ci yüzildə NKVD-KQB hakimiyyəti ilə üzləşməyimiz deməkdir. SSRI prokurorluğunun önəmli işlər üzrə müstəntiqi Koliniçenko yazır: “Respublika rəhbəri təyin olunan Əliyev vicdanlı və namuslu adamlardan qisas alırdı”. Indiki məhkəmə prosesləri yalnız 2 aprel aksiyası ilə bağlı tutulanlarla qapanıb qalmır; bunlar Azərbaycanın bütün VICDANLI, NAMUSLU adamlarına yönəlmiş proseslərdir. Bunu hamının bilməsi gərəkdir!
Ötən yüzilin 80-ci illəriydi. Azərbaycan radiosunda işləyirdim. Bizim redaksiyaya Cəbrayılın Mərcanlı köyündən tez-tez bir müəllim gələrdi – Çərkəz müəllim. Hər gəlişindən redaksiya işıqlanardı. Onun üzündə ayrı bir işıq – Tanrı işığı vardı. Redaksiyaya gələnlər çox olurdu.
Yazını yaza-yaza istər-istəməz özümü redaksiyada görürəm. Qapı astaca açılır, Çərkəz müəllim güləş üzlə içəri girir, bizim beşinci qatdakı o böyük otağımız birdən işıqlığa bürünür, birdən hamının üzü gülür.
Mən onda gəncdim. Çərkəz müəllimin redaksiyamızda ən yaxın dostu onunla yaşdaş olan şair Qaçay Köçərli idi. Çərkəz müəllim çox Qaçay müəllimin yanına gəlirdi. Onlar dost idilər – ideya dostu. Qaçay müəllim antisovet baxışları ilə tanınırdı. Görünür, onların dostluğu buna bağlı idi. Çərkəz müəllimdən danışanda Qaçay müəllim deyərdi: “Bilirsən o necə təmiz, necə gözəl, necə milləti sevəndi?!”. Çərkəz müəllimdən danışanda, xeyli qarayanız olan Qaçay müəllimin özünün də üzü işıqlanardı. Qaçay müəllimin oğlu Elcan Qarabağ döyüşlərində şəhid oldu. Çərkəz müəllimin oğlu Məhəmməd Qarabağ savaşından qəlpə yaraları ilə qurtulsa da, əliyevçi rejim məhkəməsindən qurtula bilmədi…