kiv-df

“Ağalar bilmədi birdir bu torpaq…”

Təbriz də, Bakı da Azərbaycandır…

Azərbaycan tarixinin bütün qanlı səhifələri 1725-1726-cı illərdə I Pyotrun öz əli ilə yazdığı 12 bənddən ibarət vəsiyyətnamənin həyata keçirilməsindən başlayır. Həmin vəsiyyətnamədən bir neçə cümlə bu işğalçılıq siyasətinin mahiyyətini tamamilə ortaya qoyur: “…Müsəlmanların Avropa xalqları ilə bir-birinə qarışmasına icazə verməyin. Yoxsa islamlar göz açıb quyu ilə açıq yolu taparlar. Bu iki amil islam adının tezliklə Asiyadan silinməsinə və xaçpərəstliyin yayılmasına imkan yaradacaq… Türkiyəni məhv etmədən Iranın canını almağınız məsləhət deyil. Gürcüstan və Qafqaziyyə sahəsi Iranın şah damarıdır. Rusiyanın istila neştəri bu damara yetişərsə, ürəyindən zəif qan açılacaq. Bundan sonra dünyanın min əflatunu gələ, onu sağaltmaq mümkün olmayacaqdır. Türkiyəni axırıncı şöləsi sönənə qədər məhv edin. Iran və Türkiyənin işi qurtardıqdan sonra Cənubi Qafqazı zəbt edin…”.
Məqsəd bütövlükdə türk dünyasını, islam amilini məhv etmək, Irana, Türkiyəyə və Cənubi Qafqaza sahib olmaq idi. Vəsiyyətnaməni yazmazdan bir neçə il əvvəl – 1722-ci ildə Qarabağda yaşayan erməni məliklər I Pyotru Qafqaza çağırırlar. Bu çağırışdan sonra Pyotr Xəzərsahili torpaqlara işğalçı yürüş edir və həmin əraziləri ələ keçirir. 1724-cü il noyabrın 10-da verdiyi fərmana əsasən, ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında yerləşməyə başlayırlar. Ermənilər Rusiyanın, eləcə də Asiyada maraqları kəsişən Böyük Britaniyanın və Fransanın əlində təkcə Osmanlıya deyil, bütövlükdə türk dünyasına təsir göstərmək üçün alətə çevrildilər. Buna baxmayaraq, Şərqlə Qərbin qovuşduğu və bütün zamanlarda müxtəlif geosiyasi maraqların kəsişdiyi bir məkanda tarix boyu müstəqillik əzmini qorumağa çalışan Azərbaycan yaşadığı bütün faciələrə rəğmən qədim dövlətçilik ənənəsi olan yetkin dövlət kimi formalaşaraq millətə çevrilə bilib…
Ağaməhəmməd Xan Qacar 1781-ci ildə Iranda mərkəzi hakimiyyəti ələ alaraq 1785-ci ildə Tehranı paytaxt elan etdi. Onun Azərbaycana ilk yürüşü 1795-ci ildə oldu. II yürüş isə Ağaməhəmməd Xan Qacar Şah elan edildikdən sonra 1797-ci ildə baş verdi. Şuşanı ələ keçirən Qacar həmin il iyulun 4-də sui-qəsd nəticəsində öldürüldü və onun yerinə Fətəli Şah Qacar hakimiyyətə gəldi.
1801-ci ildə Rusiya imperatoru I Aleksandr Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqında manifest verdi. Bu zaman Azərbaycanın Qazax, Borçalı, Şəmşəddil və Pəmbək torpaqları da Rusiyaya qatıldı. Bununla da, Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalının əsası qoyuldu.
1803-cü ildə Balakəni, 1804-cü ildə Car və Gəncəni Rusiya işğal etdi. Gəncə xanı Cavad xan və oğlu Hüseynqulu xan öldürüldü. Gəncənin adı dəyişdirilib Yelizavetpol qoyuldu. 1805-ci ildə Şamaxı, Qarabağ, 1806-ci ildə Bakı, Quba, Şəki və Dərbənd Rusiyanın hakimiyyəti altına düşdü. 1806-07-ci illərdə Osmanlı və rus ordusu arasındakı müharibə rusların qələbəsi ilə başa çatdı. 1812-ci ildə Rusiya ilə Iran arasında həlledici döyüş oldu. Bu müharibədə ruslar qələbə çaldı və bundan qorxuya düşən şah sülh bağlamağa razı oldu.

Işğalçı “Gülüstan” müqaviləsi

Ümumiyyətlə, çar Rusiyasının Azərbaycan torpaqlarındakı irticaçı siyasəti rəsmi olaraq 1804-1813-cü illərdə – Rus-Iran müharibəsinin başa çatdığı dövrdən başladı. Iranın Rusiya ilə müqavilə bağlaması reallaşır, artıq sülh danışıqları başlayırdı. 1813-cü ildə Qarabağda Zeyvə çayı yaxınlığında Gülüstan kəndində rus ordugahında məşhur “Gülüstan” müqaviləsi bağlanır. Bu o vaxt idi ki, rus çarı I Aleksandr Napoleon Bonaparta qarşı Leypsiqdə müharibə cəbhəsində idi. Ancaq Iranla sülh müqaviləsi ona Fransadan daha vacib idi. Müqavilənin bir bəndinə əsasən Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı, Talış xanlığı, Şərqi Gürcüstan və Dağıstan Rusiyaya təslim edildi. Xəzər dənizində yalnız Rusiyaya hərbi donanma saxlamaq hüququ verilirdi. Həmin müqavilə sərhədlərin dəyişdirilməsinə əsas verirdi.
Çar Rusiyasının Osmanlı Imperiyası ilə 1812-ci ilin yayında imzaladığı Buxarest müqaviləsinə əsasən Osmanlı Imperiyası rusların Qafqazı işğalını tanıyır, bu torpaqlara iddiasından əl çəkir. 1812-ci ildə Napaleonun Rusiya hücumundan dəyərlənməyə çalışan Iran vəliəhdi Abbas Mirzə Rusiyanın işğal etdiyi Azərbaycan xanlıqlarına hücum etsə də general P.Kotlyarevski bu hücumları dəf edir və bölgədə hərbi-siyasi üstünlük qazanır. Bu hallar Ingiltərəni bərk narahat edir və onların təkidi ilə Iran Rusiya ilə müqavilə imzalamaq qərarına gəlir. 1813-cü ilin 12 oktyabrında Gülüstan kəndində birinci Rusiya-Iran müharibəsinin qurtarmasını bildirən müqavilə imzalanır. Bu müqavilə tarixə imzalandığı yerin adıyla – Gülüstan müqaviləsi kimi daxil olur. Müqaviləni Iran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə Ratişev imzalayır. Bu sülh müqaviləsinin şərtlərinə əsasən Şimali Azərbaycan xanlıqlarından Irəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verilir.
Müqavilədə əslində tarix boyu Azərbaycan torpaqlarına sahiblikdən ötrü bir-birini parçalamağa hazır olan iki düşmən dövlətin dırnaqarası “dostluq” qanunlarına sadiqlikdən danışılırdı. Həmçinin, Azərbaycan torpaqları üzərində iki dövlətin sərhəddi müəyyən olunurdu. Iran şahının Azərbaycan torpaqlarının müəyyən qisminin Rusiyaya aidliyini qəbul etdiyini əks etdirən, iki dövlət arasındakı dostluqdan bəhs olunan razılaşma sənədində göstərilirdi ki, Iran Xəzər dənizində yalnız Rusiya bayrağı ilə üzən hərbi gəmiləri tanıyır. Müqavilə müharibələr zamanı əsir alınan insanların xilasını, sonrakı isə hər iki dövlətin elçilərinin o biri tərəfindən layiqincə qarşılanmasını təmin edirdi. Hər iki dövlət arasındakı, təbii ki, Azərbaycan torpaqları üzərində ticari əlaqələrdən, bu əlaqənin təhlükəsizliyindən və gömrük rüsumunun müəyyənləşməsindən danışılırdı. Gülüstan müqaviləsində bircə dəfə də olsun Azərbaycan adına rast gəlinmir…

Sonu görünməyən faciələr

Beləlikə, Gülüstan müqaviləsi Azərbaycan tarixinə daha bir acı gerçəklik kimi yazıldı. 11 maddədən ibarət olan Gülüstan müqaviləsi Naxçıvan, Irəvan xanlığı, Ordubad mahalı istisna olmaqla, Araz çayı sərhəd olaraq Azərbaycan xalqını iki yerə böldü…
Abbasqulu Ağa Bakıxanov “Gülüstani-Irəm” də faciəni belə xatırlayır: “Həmin ilin baharında (1813-cü il) Iran dövləti ruslar tərəfindən alınan ölkələri geri qaytarmaqdan naümid oldu. Rum (Osmanlı) barışığı və Xorasanda baş verən iğtişaş nəticəsində şah barışığa meyl göstərdi. Mirzə Əbülhəsən xan Şirazi Iran dövləti tərəfindən vəkil edildi. Sərdar Ratişşev də gəldi. Qarabağın Gülüstan adlı yerində, hicri 1228-ci (1813) ildə, təşrin-əvvəl (oktyabr) ayının 12-də Rusiya ilə Iran dövlətləri arasında əhdnamə bağlandı. Bu əhdnaməyə görə Iran dövləti Gəncə, Qarabağ, Talış, Şəki, Şirvan, Bakı,  Quba, Dərbənd xanlıqlarını, bütün Dağıstanı, Gürcüstanı və ona həmhüdud olan ölkələri Rusiya dövlətinə verdi. Onlar haqqında hər cür iddiadan əl çəkdi. Rusiya imperatoru da öhdəsinə aldı ki, şah hansı bir övladını vəliəhd təyin etsə, ona yardım göstərsin və hüququnu müdafiə etsin…”.
1813-1828-ci illərə qədər Azərbaycan dövlətinin sahəsi 410 min kv. km olub. 1813-1828-ci illərdə işğal edilmiş Azərbaycan əraziləri: Iran əsarəti altındakı Güney Azərbaycanın sahəsi 280 min kv. km, Rusiya əsarəti altındakı Şimali Azərbaycanın sahəsi 130 min kv. km, 1918-ci ildə Rusiyanın təzyiqi ilə ermənilərə verilmiş Irəvan xanlığı – 9 min kv. km, Rusiya əsarəti altındakı Dərbənd xanlığı – 7 min kv. km, 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ərazisi – 114 min kv. km, 1920-ci ildə ADR-i işğal edən Rus Sovet Imperiyasının bölüşdürdüyü Azərbaycan əraziləri: Ermənistan Sovet Sosialist Respublikasına verilən Zəngəzur, Göyçə, Şərur, Dərələyəz, Dilican və Gürcüstan Sovet Sosialist Respublikasına verilən Borçalının birlikdə sahəsi – 27,4 min kv. km, 1920-1991-ci illərdə SSRI əsarətində qalmış Azərbaycan Sovet Sosialist Respublikasının ərazisi – 86,6 min kv. km, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 1988-1994-cü illərdə işğal olunmuş əraziləri – 13.210 kv. km, Dağlıq Qarabağın (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə) işğal tarixi: 1988-1994, sahəsi 4400 kv km, Laçın – 1835 kv. km, Kəlbəcər – 1936 kv.km, Ağdam – 1094 kv.km, Cəbrayıl – 1054 kv. km, Füzuli – 1386 kv.km, Qubadlı – 802 kv.km, Zəngilan – 707 kv. km. “Gülüstan” sülhündən sonra 198 il ərzində Azərbaycan 80 faiz ərazisini itirib…

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir