naxcivan04

Polis zabiti təcridxanadan silah götürüb qaçdı

Naxçıvan DİN-də fövqəladə vəziyyət

Təcridxanadan qaçan baş leytenantın daxili işlər nazirinə məxsus qızıl dükanından oğurluqda ittiham olunduğu deyilir

Naxçıvanda polis baş leytenantı Zaur Əliyevoktyabrın 2-də saxlandığı Naxçıvan Daxili İşlər Nazirliyinin müvəqqəti saxlanma təcridxanasından qaçıb. Bu barədə “Azadlıq”a Naxçıvandakı mənbələrdən məlum olub. Xəbərə görə, Zaur Əliyev təcridxanadan qaçarkən özü ilə silah da aparıb. Polis zabitinin yenidən tutulması üçün hüquq-mühafizə orqanları səfərbər edilib, amma hələlik heç bir nəticə yoxdur.
Məlumata görə, Zaur Əliyev DİN-də baş leytenant vəzifəsində çalışırmış. Onun oğurluqla məşğul olan mütəşəkkil dəstəyə başçılıq etməkdə ittiham edildiyi və hətta bu dəstə barədə Naxçıvan daxili işlər naziri Əhməd Əhmədovun məlumatlı olduğu deyilir. Bildirildiyinə görə, baş leytenantın həbsinə səbəb Əhməd Əhmədovun obyekti kimi tanınan qızıl dükanından oğurluq edilməsi olub.
Zaur Əliyevin yaxınları  iddia edirlər ki, təcridxanada ona ağır işgəncələr verilib.
Məlumatlara görə Zauru 2-3 gün möhkəm döyüblər. O da dözə bilməyib, ifadə verərkən cinayət axtarış şöbəsinin rəisi  Qulu Rüstəmovu zərərsizləşdirərək, onun silahını da götürüb qaçıb. Zaur qaçandan sonra onun bütün ailə üzvlərini, yaxın qohumlarını da həbs ediblər.
Əməkdaşlarımız məlumatda deyilənləri rəsmi qurumlarla dəqiqləşdirə bilməyiblər. Lakin “Azadlıq” radiosu xəbərdə adı hallanan cinayət axtarış şöbəsinin rəisi  Qulu Rüstəmovla əlaqə yaradıb. Qulu Rüstəmov saxlanan zabitin onun otağından qaçması barədə deyilənlərə aydınlıq gətirməkdən imtina edib