“Tarix təkrarlanır” – bu fikir bir deyimdirmi, ya hansısa bilgin kişinin tarixin dərslərindən çıxardığı müşahidələrə əsaslanan qənatədirmi – bilmirəm. Bircə onu bilirəm ki, tarix təkrarlanır.
Bəli, deyəsən gerçəkdən belədir. XVI əsrdə və ya ondan üzü bəri orda-burda icra edilən diktatura inşaatı gəlib XX əsrdə tam fərqli bir məkanda, deyək ki, Azərbaycanda az qala nöqtə-vergülünəcən təkrarlanır. Xalq tərəfindən eyni, yəni əsrlər öncə buraxılmış yanlış baş verir, kütlə eyni səhvi buraxaraq az qala yalvararaq başına gətirdiyi Dəccalla öz başına iş açır. Səhvini anlayana qədərsə özgür düşüncəsini itirərək köləyə və başına gətirdiyinin əsirinə çevrilir. Uzun müddət öz başına çıxardığından qurtulmanın artıq mümkün olmaması kimi ümidsiz fikrə düşür. (Yəqin kimsə unutmuş olmaz (halbuki, bu yazı elə unutqanlıq mərəzi haqdadı), Heydər Əliyevin hakimiyyətə gətirilməsinə qədərki və ondan sonra baş verən proseslər, onun hakimiyyətini möhkəmlətməsi, minlərlə insanın sonradan səhvini anlaması, ama gec olduğundan əlinin heç yerə çatmaması, bir çoxunun isə elə Əliyev tərəfindən məhv edilməsi ona “ölməz və məğlubedilməz” adını qazandırmışdı. Hətta həyatın əbədi olmadığını bilə-bilə də adamlar düşünürdü ki, dünya durduqca Əliyev və onun hakimiyyəti uzanacaq, kimsə öz ömrü boyu onun taxtdan düşməsini görməyəcək.)
Beləliklə, diktatura quruculuğu eyni qaydada və eyni uğurla inşasını başa çatdırır, qüdrətlənir, sonra eyni çöküş mərhələsinə qədəm qoyur. Bu zaman məsafəsində ümidsizləşmiş, sarsılmış, bütün ixtiyarını, özgürlüyünü itirmiş xalq o qədər əsarət və köləlik əzabı çəkər ki, mənliyini belə unudar, hətta Dəccalı başına özünün çıxardığını da unudar, bəzən başına gələn bəla üçün günahkar kimsələr də tapar. Bir nəsil yerini o birinə, özündən gəncinə verəndə isə iş daha da müşkülə düşər. Diktaturanın, diktatorun gücü də bir yandan günü-gündən artmaqda.Sanki qarşısıalınmaz yanlışın hər yeni təkrarlanmasında qəribə bir təzad meydana çıxır və sual doğur: nədən xalqlar tarixin dərslərindən, haçansa özünün və ya başqasının yanlışından ibrət götürmür, əks tərəf – Dəccalsa, əsrlər öncənin dərsini bu qədər gözəl təkrarlaya və təkrarlatdıra bilir? Birinci eyni yolu bir də getməməyi bacarmır, biri isə onu olduğu kimi icra edir, hazır yoldan necə lazımdı yararlanır.
…Dədəm rəhmətlik danışırdı ki, bir dəfə Muğanın şoran düzlərindən biri ilə gedirmiş, bir arxı keçəndə at palçığa quylanır, onu oradan zülüm-billahla çıxarır. Deyir, üç il sonra yolum bir də həmin yerdən düşdü, bu dəfə yay idi, çöllər qupquru, cadar-cadardı. At gəlib həmin yerə çatanda qəfildən dayandı, sürmək istədim, ayaqlarını yerə dayayıb dirəndi. Özüm də xoflandım, o yan-bu yana baxdım ki, bəlkə nəsə görüb. Birdən, – deyir, – yadıma düşdü ki, o vaxt at burda palçığa batmışdı…
Heyvan üç il qabaqkı hadisəni xatırlayır, dirənir, şüurlu insan isə…Məncə burada şüur əsas deyil. Əsas olan şüurun verdiyi oxumaq, öyrənmək, savadlanmaq imkanından yararlanmamaqdı. Xalq kitab oxumur, ona görə nə vaxt, nəyin, necə baş verdiyini bilmir. Fürsətcil diktatorlar isə əksinə, adətən savadlı olurlar və ya ən azı hər gələcək diktatorun yanında onun məqsədini həyata keçirmək üçün tarixin fəndlərindən istifadə edən biri olur. Bu üzdəndi bütün avtoritar-totalitar-diktatura rejimlərində xalqın kitabdan uzaq salınması, hər cür şou və masqaradların tiryakisi edilməsi. Elə tiryəkin özünün də.
Mən inşaatın “Və çökür” adlı hissəsini yazmadım, çünki hələ bunu öz təcrübəmizdə müşahidə eləməmişik, ama elə həmin tarix göstərir ki, bunun o yanı-bu yanı yoxdu – o da baş verəcək. Bu hissəni isə tarixdən ən pis öyrənən diktatorlar olur. Daha doğrusu, heç bir diktator tarixi o hissəsinə qədər oxumur. Tarix isə oxundu, oxunmadı – həmin tarixdi. Təkrarlanan tarix…