Anons: əhali bunu bağışlamayacaq!

Hakimiyyət əhalinin tikdiyi evləri başına uçuracağının növbəti anonsunu verdi. Rövnəq Abdullayev Neft Şirkətinin balansında olan torpaqlardakı evlərin söküləcəyini bildirdi, çünki bu evlərin altında “milyonlarla ton neft var”mış!Daha demirəm ki, icra başçısının, polisin, bələdiyyənin icazəsi olmadan bu xarabada daşı-daş üstünə qoymaq mümkün deyil. Hamı o evlərə görə pul verib. Rüşvət alanlar həmin torpaqları sənədləşdirməyiblərsə və “gözlərini yummaqla” şərait yaradıblarsa, bunun günahı sakinlərdə deyil, dövlətdədir!

Daha demirəm ki, Azərbaycan mülkiyyət hüquqları ilə bağlı Avropa Xartiyasına qoşulub. Əgər vətəndaş sənədsiz ev tikə bilibsə və məskunlaşıbsa, onun evini sökmək qanunla qadağandır. Fövqəladə vəziyyət yaranarsa, hətta sənədsiz evə də yüksək kompensasiya ödənilməlidir.

Daha demirəm ki, Ilham Əliyev bu ilin əvvəlində Bakı şəhər Icra Hakimiyyətində müşavirə keçirdi, sənədsiz evlərin qeydiyyata alınacağı ilə bağlı tapşırıq verdiyini, Bakı merinin 3 ay müddətində layihə hazırlayacağını söylədi və yalan dedi, üzü-üzümüzə, gözü-gözümüzə bizi aldatdı, bu boyda milləti barmağına sarıdı.

Daha demirəm ki, iş adamlarının varını, sərvətini, illərlə qazandıqlarını zorla, əhalinin əlindəkini rüşvətlə, şərləməklə, aldatmaqla qoparıb alan hakimiyyət artıq şəxsi mülklərə keçib, sənədli-sənədsiz, millətin evini dağıtmaqla, mənisəməklə məşğuldur.

Demirəm. Çünki Rövnəq Abdullayev söküntülərin, dağıntıların mahiyyətini açıb göstərdi. Bu hakimiyyətə yalnız və yalnız təbii sərvət lazımdır. Harda pul çıxan yer varsa, oranı dağıdır, talayır, söküb aparırlar.

Rövnəq Abdullayev milyonlarla sərvət yatan torpaqları əhalinin zəbt etdiyini deyir. Ona görə də əhalini kürüyürlər, çölə tökürlər, oturduğu yeri sovururlar. Ancaq bir kimsənin ağlına gəlmir ki, “zəbt edilən” saydığınız torpaq bu xarabaya çevirdiyiniz məmləkətin vətəndaşlarınındır. Elədirsə, bəs, ölkənin 20 faizini işğal edən ermənilərə qarşı niyə çıxmırsınız?

Məgər Qarabağda azmı sərvət var? Məgər oranın torpağı qızıl deyilmi? Niyə gedib almırsınız o torpaqları, niyə ermənilərin taladığı sərvətlərə sahib çıxmırsınız?Torpaq zəbt edən ermənilərdir, işğalçı da onlardır – öz vətənində balasına 2 otaqlı ev tikən insanlar deyil. Erməniləri zəbt etdiyi evlərdən qovmaqdansa, Azərbaycan əhalisinin sığındığı, sizlərə rüşvət verib qurduğu mülklərinə hücum çəkirsiniz. Daha soruşmuram ki, bu ölkəyə niyə qənim kəsilmisiniz? Bilirəm ki, bu millətin qənimisiniz, artıq buna heç bir şübhə ola bilməz. Amma…

Amma yürütdüyünüz Makiavelli siyasətinin əsas düsturunu xatırlatmalıyam sizlərə. Makiavelli diktatorlara ciddi şəkildə tapşırırdı: hər şey edə bilərsiniz, yalnız millətin malına və izzəti-nəfsinə toxunmayın. Dünyanın harasında olmasından və necəliyindən asılı olmayaraq, insan yalanı, malını əlindən alanları və izzəti-nəfsini aşağılayanları heç bir halda unutmur və bağışlamır.

Iş adamlarının var-dövlətini alıb ölkədən sürgün edirsiniz; Əhalinin mülkünü başına uçurub küçələrə tökürsünüz; Azad fikirli insanları türmələrə doldurursunuz; Hər bir dövlət idarəsində insanların ləyaqətini aşağılayırsınız; Ən yüksək kürsüdən əhaliyə yalan deyirsiniz…

Rövnəq Abdullayevin anonsuna mən də anonsla cavab verirəm: şübhəniz olmasın, xalq bunların heç birini unutmayacaq!