Ziyalılar həbsləri lənətlədi

«Bu siyasət Azərbaycanı məhvə aparır»

Avropa Şurasının növbəti sessiyası ərəfəsində, Avropa Birliyinin “Şərq tərəfdaşlığı” sammitindən sonra Azərbaycanda insan haqları ilə bağlı vəziyyət daha da acınacaqlı duruma düşüb. “2 aprel” mitinqinin iştirakçılarının bəzilərinə artıq hökm oxunub. Bundan başqa, qondarma ittihamlarla həbs olunan AXCP funksioneri Şahin Həsənlinin həbsi ilə bağlı qərarı Apelyasiya Məhkəməsi qüvvədə saxlayıb, Islamçıların işi ilə bağlı isə absurd ittihamlar… Bütün bunlar ölkədə insan hüquqlarının, azad toplaşmağın hansı səviyyədə olduğunu göstərir. Hakimiyyət açıq şəkildə yürütdüyü siyasətlə nə Qarabağ müharibəsi iştirakçılarına, nə ölkənin istiqlaliyyəti uğrunda mübarizə aparanlara qiymət verir. Baş verənlərlə bağlı ictimaiyyət nümayəndələrinin mövqeyini öyrəndik.

Qurban Məmmədov: “Cəmiyyət hazırda baş verən özbaşınalığa son qoymaq istəyirsə, ayağa qalxmalıdır”

Hüquqşünas Qurban Məmmədovun fikrincə, bu hakimiyyətin mahiyyətini heç bir islahat, tövsiyə dəyişə bilməz. Bu baxımdan Q.Məmmədov hesab edir ki, Azərbaycan cəmiyyəti hazırda baş verən özbaşınalığa son qoymaq istəyirsə, ayağa qalxmalı və iqtidara yerini göstərməlidir: “Heyvanxanada qəfəsə salınmış şir və canavarların mahiyyətini dəmir barmaqlıqlar dəyişə bilmədiyi kimi, Azərbaycan iqtidarının da mahiyyətini heç nə dəyişə bilməz. Heç bir islahat, tövsiyə bu hakimiyyəti islah edə bilməz. Ona görə beynəlxalq aləmdə baş verənlərin Azərbaycan hakimiyyətinə təsir göstərəcəyinə o qədər də ümid bəsləməyə dəyməz. Xalq özü iradəsini ortaya qoymalıdır. Xalq dərk etməlidir ki, ölkə cinayətkar qrupun əlinə keçib və bu hakimiyyət qaldıqca özbaşınalıqlar davam edəcək. Ona görə mən baş verənlərdə, çıxarılan hökmlərdə təəccüblü heç nə görmürəm”.

Aslan Ismayılov: “Baş verənlər Azərbaycan dövlətinə və dövlətçiliyinə meydan oxumaqdır”

Tanınmış vəkil Aslan Ismayılov isə hesab edir ki, kənardan prosesləri müşahidə edən zaman elə təəssürat yaranır ki, sanki kimsə ölkədə vətəndaş qarşıdurması yaratmaq istəyir. A.Ismayılovun sözlərinə görə, “Azadlıq” şüarı səsləndirənləri, mitinq keçirmək istəyənləri, istiqlaliyyət uğrunda mübarizə aparanları həbs etmək, Zülfüqarlı qardaşlarına qarşı özbaşnalıqlar, bütün bunlar ölkədə vəziyyəti qəlizləşdirir: “Baş verənlər Azərbaycan dövlətinə və dövlətçiliyinə meydan oxumaqdır. Bu siyasət Azərbaycanı məhvə aparır. Sanki bu rejimi məhkəmə prosesləri ilə içdən çökdürməyə çalışırlar. Bu ya situasiyanı qəlizləşdirmək, ya da hakimiyyətə son qoymaq məqsədi daşıyır”.

Osman Kazımov: “Hakimiyyət demokratikləşmə istiqamətində real siyasət yürütmək niyyətində deyil”

Hüquqşünas Osman Kazımov da vurğuladı ki, baş verənlər hakimiyyətin bütün dəyərlərə hörmətsizliyinin nəticəsidir. O.Kazımovun fikrincə, atdığı addımlarla hakimiyyət sübut edir ki, o, demokratikləşmə istiqamətində real siyasət yürütmək niyyətində deyil: “Azərbaycan hakimiyyəti insan haqlarını kobud şəkildə tapdalayır, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir. Demokratiya istiqamətində təqdim olunan işlər, əslində, imitasiya xarakteri daşıyır. Hakimiyyətin bu siyasəti Azərbaycana və onun beynəlxalq nüfuzuna yaxşı heç nə vəd etmir. Bu gün üçün hakimiyyət keçirdiyi məhkəmələr, apardığı repressiv siyasətlə qəribə siyasi xətt tutub. Hər şeyi inkar yaxşı heç nə vəd etmir”.

Eldəniz Quliyev: “Azərbaycan dövləti müstəqil olsa da, təəssüf ki, azad deyil”

Azərbaycan Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyev bildirdi ki, baş verənlər sadə bir məntiqi təsdiqləyir. Əvvəli olmayan siyasətin sonu da yoxdur: “Azərbaycan dövləti müstəqil olsa da, təəssüf ki, azad deyil. Tədricən isə bu azad olmayan məmləkət sərt diktaturaya çevrilir. Bu qədər günahsız həbslər, insanların hüquqlarının tapdanması heç bir əndazəyə sığmır. Məgər bu insanlar ərəb dünyasında baş verənləri görmürlərmi? Əgər hakimiyyət təmsilçilərinin elan etdiyi kimi Azərbaycan demokratik ölkədirsə, nəyə görə sözə, aksiya keçirməyə görə insanlar həbsə atılırlar?”.

Xəyal