Polislər, hətta qadınları da yumruq- təpiklə döydülər
Fəramiz Abbasov: «Gör, Azərbaycan hakimiyyəti nə qədər acizdir ki, mənim evimdə tapılan iki silahla devrilir…»
Islam Partiyasının sədri Mövsüm Səmədov, müavini Vaqif Abdullayev, partiyanın Astara təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qaynı Firdovsi Məmmədrzayev, qohumu Dəyanət Səmədov, Masallı ruhanisi Fəramiz Abbasov və ilahiyyatçı alim Zülfüqar Mikayılzadənin məhkəməsi başa çatmaq üzrədir. Artıq məhkəmə istintaqı yekunlaşıb, prokuror da çıxış edərək Islamçılara müxtəlif müddətli həbs cəzası istəyib. Dünən isə təqsirləndirilən şəxslərin vəkilləri və özləri çıxış ediblər.
Amma bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında polislərlə məhkəməni izləməyə gəlmiş dindarlar arasında toqquşma baş verib. Ümumiyyətlə, dünən məhkəmənin binası polislər tərəfindən mühasirəyə alınmışdı. Binanın yerləşdiyi küçələrdə maşınların hərəkəti dayandırılmış, polis postları qurulmuş, hətta vətəndaşların gediş-gəlişinə də imkan verilmirdi. Polislərlə yüzlərlə dindar arasında ilk qarşıdurma məhkəmə binasının yaxınlığındakı parkda baş verdi. Dindarlar zorakılıqla ərazidən uzaqlaşdırıldı. Yeri gəlmişkən, ərazidəki polislər, xüsusi mülki geyimlilər təkcə dindarlara qarşı deyil, məhkəməni izləməyə gəlmiş qadınlara qarşı da zorakılığa yol verdilər. Onların xüsusən qadınlara qarşı yumruq-təpik metodundan istifadə etməsi qarşıdurmanı bir az da şiddətləndirdi. Son nəticədə dindarlardan bir neçəsi, o cümlədən Ramiz, Abbas, Mirrəşad adlı şəxslər, hazırda məhkəməsi gedən masallılı ruhani Fəramiz Abbasovun böyük oğlu Kamran və bacısı da polislər tərəfindən saxlanıldı.
Məhkəmə iclasında təqsirləndirilən dindarlar binanın qarşısında polislərin insanları vəhşicəsinə döyməsinə etirazlarını bildiriblər. Hakim Eldar Ismayılov deyib ki, onların məhkəmə binasından kənarda baş verənlərdən xəbərləri yoxdur: “Əgər belə bir hal olubsa, bu qanunsuzdur”.
Daha sonra Mövsüm Səmədov son sözlə çıxış edib:
– 3 aya yaxındır ki, davam edən məhkəmədə 20-dən çox iclas keçirilib. Bu iclaslarda biz haqq görmədik, nahaqlarla qarşılaşdıq. Məhkəmədə şahidlərin yalan danışdığı ifşa olundu. Çünki onlar polislərin ştatdankənar işçiləridir. Dindar olduqlarını iddia edirlər, amma məscidin qapısını, quruluşunu bilmirlər.
Ekspertlər məhkəməyə gətirilmədi. Mənim onlara sözüm vardı. Nə haqla mənim “müdafiə” sözümü “cihad” sözü ilə əvəz ediblər?
Mən 1992-ci ildə Islam partiyasına gələndə David Sidneyin partiyanın o vaxtkı sədri Əlikram Əliyevə məktubu əlimə keçdi. O, Əlikram Əliyevi evinə qonaq çağırmışdı. Lakin Əlikram Əliyev bu dəvətdən imtina etmişdi. Dedi ki, “mən insanlara zülm edən dövlətin işçisinin evinə getmərəm”. Biz belə bir partiyanın üzvüyük. Bizim partiyamız şəhid verib. Kəbilağa Quliyev MTN-də öldürüldü. Gətirdilər evinə ki, guya xəstə olub.
Bizi silah-sursat saxlamaqda ittiham edirlər. Bilirəm ki, onsuz da bu məhkəmə sifarişlə iş görür və hamımıza da iş kəsiləcək. Xahiş edirəm, mənə ikiqat cəza verilsin, amma başqalarına iş kəsilməsin. Bir gün azad yaşamaq bir ömür boyu qul kimi yaşamaqdan daha üstündür.
Daha sonra digər təqsirləndirilən Vaqif Abdullayev son sözünü dedi:
– Məhkəmə zamanı mənə qarşı bir nəfər də şahid, bir dənə də sübut tapılmadı.
Təqsirləndirilən Fəramiz Abbasov da son sözündə günahsız olduqlarını, sifarişlə həbs edildiklərini vurğuladı:
– Mənim bir sözümlə camaat qan davasına son qoyur, amma siz məni görün nədə ittiham edirsiniz. Gör, Azərbaycan hakimiyyəti nə qədər acizdir ki, mənim evimdə tapılan iki silahla devrilir… Hakimiyyəti devirənlər güc sturukturları olur, ətək-ətək pul yığanlar olur, hərbi nazirlər, generallar olur. Mənə qarşı ittihamları sübuta yetirəcək heç bir dəlil yoxdur. Gətirilən 4 şahiddən biri ruhi xəstə olub. Prorkurorun ölü dediyi adam isə sonradan diri çıxdı.
Təqsirləndirilən dindarların son sözündən sonra məhkəmə hökm çıxarmaq üçün müşavirəyə getdi. Hökm oktyabrın 7-də hökm elan olunacaq.
Aytən Məmmədova