Baş prokuror onları leysan yağışda Fəxri Xiyabana aparıb
Azərbaycan prokurorları bu il peşə bayramlarını qeyd etdiklərinə görə, peşman olublar. “Azadlıq”a daxil olan məlumatlara görə, baş prokuror Zakir Qaralov bayramdan bir neçə gün əvvəl tapşırıq verib ki, hamı bir nəfər kimi oktyabrın 1-də (bu gün Prokurorların Peşə Bayramı kimi qeyd olunur) Fəxri Xiyabanda olmalı və eks-dövlət başçısı Heydər Əliyevin qəbrini ziyarət etməlidir.
Prokurorlar həmin günlə bağlı hava proqnozunun ürəkaçan olmadığını Zakir Qaralovun nəzərinə çatdıraraq ziyarəti başqa vaxta keçirməyi tövsiyə etsələr də, baş prokuror razılaşmayıb. Beləliklə, oktyabrın 1-də bütün prokurorlar səhər saatlarında Fəxri Xiyabanda olub. Həmin gün şıdırğı yağış yağsa da, onlar Heydərizmin ən ali “ritualı”nı icra etmək məcburiyyətində qalıblar. Səhəri gün bəlli olub ki, prokurorların əksəriyyəti bərk xəstələnib. Məlumatlarda bildirilir ki, bəzi prokurorlar hələ də özünə gəlməyib.
Informasiya şöbəsi