Nuşirəvanla telekanalların söhbəti

80-ci illərin əvvəllərində “Kirpi” satirik jurnalı, hazırda xalq artisti fəxri adını daşıyan Ağadadaş Ağayevin “altmış min ördəyim, altmış min qazım, altmış min incəbel qulum olaydı” segahı (!) ilə başlayan mahnısına görə tənqid edərək, “kaş ki, altmışca qram ağlın olaydı” kimi ifadəni işlətməkdən çəkinməmişdi…

Və taleyin ironiyasına baxın ki, xalq artistinin müəllifi olduğu şou, bu gün sadə bir Azərbaycan ailəsinin rahatlıqla baxa biləcəyi yeganə verilişdir. Burada nə sponsor axtaran, nə müntəzəm olaraq (!) birbaşa efirdə saçyoldusuna çıxan gözəlçələrə, nə də Səməd Səmədovun, Ədalət Şükürovun, Elariz Məmmədoğlunun it-pişiklərinə həsr olunmuş üzdəniraq kadrlara rast gəlmək olur. Bir neçə veriliş istisna olmaqla, digərlərinə özünə hörmət edən sənətkarlarımız, sadəcə çıxmır. Sənəti olanlar abrına qısılaraq ya ölkəni tərk edir, ya da  Məhəbbət Kazımov kimi el şənlikləri ilə kifayətlənərək, ildə bir-iki dəfə efirə çıxmağa üstünlük verirlər…

…Mənəviyyat korlandıqca, zövqlər bayağılaşdıqca, iqtidar daha ağıllı görünürmü? Əlbəttə yox, çünki hər gün telekanallarda ikrah hissi ilə seyr etdiyimiz səhnələri birbaşa məmurların çətirləri altında olanlar törədirlər. Fəxri adların verilmə kriteriyaları artıq məmur şıltaqlığı kimi qəbul edilir. Səsi olmayan, gözəl görünüşü olan, cavan qıza vəsait xərcləyib, onun telekanallara hər gün çıxışını təmin edən məmurun əvəzində ondan “sənət tələb etməsi”, gülünc görünür, deyilmi?..

“Mırta” yaradılan MRTŞ…

Bəli, nə qədər təəccüblü görünsə də, Azərbaycanda belə bir qurum var. Kağız üzərində kifayət qədər səlahiyyətləri var, hətta lisenziya da verir(!). Bircə şeyə səlahiyyəti çatmır; şərəf və ləyaqətin qorunması haqda şikayətlərə baxmaq. Guya o da olsaydı nə edəcəkdilər ki…
Ölkədə vətəndaşların ödədikləri vergilər hesabına Ictimai Televiziya yaranıb. Yəni, onların toplumun istənilən nümayəndələrinə, o cümlədən müxalifətə də efir haqqı tanıması qanuni öhdəlikdir və buna nəzarət etmək sizin səlahiyyətinizdə olan bir şeydir. Bunu təmin etmək də bilavasitə sizin vəzifə borcunuzdu. Bütün demokratik ölkələrdə hər kəsin, barəsində deyilənlərə münasibət bildirmək haqqı var. Buna da nəzarət MRTŞ adlanan qurumun səlahiyyətindədir. Daha nə istəyirsiniz, işləyin baxaq, necə işləyirsiniz?..

…Hazırda telekanallar iqtidar üçün “yeni millət” formalaşdırması ilə məşğul olur, demək, bizi daha heyrətamiz sürprizlər gözləyir. Artıq xarici kanalları sıxışdırmaq istiqamətində “dekoder” əməliyyatı başlanıb. Demək, yuxarıda bəhs etdiyimiz biabırçılıqları, zorla sadə vətəndaşlara sırıyacaqlar. Düzdür, dövlətin bəzi qoca, ağsaqqal məmurları görüntü xatirinə, hərdən telekanalları tənqid edəcəklər, “guya bizim bunlardan xəbərimiz yoxdur, yığışdırın bunları!” deyəcəklər… Yeri gəlmişkən, xatırlatmaq yerinə düşərdi ki, dövlətin baş ideoloqu, PA rəhbəri Ramiz Mehdiyev bir neçə ay əvvəl bu mövzuda olduqca sərt çıxış etdi. Və “nəticə” nə oldu? Dərhal qayəsi şəhvət olan, “Qızıl pillə” adlı erotik veriliş bütün “reytinq”ləri “alt-üst” etdi, aparıcı xanım intim pozalarda tamaşaçılara birbaşa yataqdan səslənməyə başladı, digər kanal isə qadın və kişi manısları üçbucağa doldurub, necə xoruldamaqlarını və mazaqlaşmalarını (ifadəyə görə oxuculardan üzr istəyirəm – X.Ə) birbaşa yayınlayır…

Hərdən telekanalları da qınamaq olmur, axı yaxşı nə var ki, xalqa göstərsinlər, evlənmə verilişləri zamanı məlum oldu ki, cavanların nə işi, nə də evi var, amma evlənmək istəyirlər. Hazırda evi olmayan cavanları bu tip verilişlərdən birtəhər uzaqlaşdırdılar…

…Zavallı MRTŞ! Hərdən dilimizi rus, türk (?!) ünsürlərindən təmizlədiyinizi qürurla söyləyirsiniz, razıyam, amma sizdən kiçik bir xahişim var, mümkünsə “şamplena” sözünü xalqa izah edin… Yəni, buna da gücünüz çatmayacaq?..