Vahid Ələkbərovla İsgəndər Xəlilovun bankı komitə sədrinin qardaşını məhkəməyə verib
“Nikoyl” kommersiya bankı Diaspora Məsələləri üzrə Komitənin sədri Nazim Ibrahimovun qardaşı Sahib Ibrahimovu məhkəməyə verib.
Bu barədə “Reytinq” qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, Sahib Ibrahimov rəhbəri olduğu “Galaxy Palace” MMC-yə həmin bankdan iri məbləğdə kredit alıb. Lakin kreditin nə əsas, nə də faiz borcu ödənilib. Bu səbəbdən “Nikoyl” kommersiya bankının rəhbərliyi məhkəməyə müraciət etməli olub. Nazim Ibrahimov məsələyə müdaxilə edərək bankın iddiasının qəbul edilməməsinə nail olub. Bununla belə, “Nikoyl” kommersiya bankı geri çəkilmək niyyətində deyil.
Oxucuların diqqətinə çatdıraq ki, “Nikoyl” kommersiya bankı “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovla iş adamı Isgəndər Xəlilova məxsusdur. Heç şübhəsiz ki, bankın rəhbərliyi Vahid Ələkbərovla Isgəndər Xəlilovdan xəbərsiz Nazim Ibrahimovla hər hansı konfliktə getməz. Deməli, komitə sədri əslində Azərbaycan hakimiyyətinə təsir imkanları olan iki oliqarxla üz-üzə dayanıb. Və bu proses Nazim Ibrahimov üçün mənfi sonluqla nəticələnə bilər.
Informasiya şöbəsi