Ölkənin «varlı şəxsləri» Herat yaxınlığında neft emalı zavodu alıblar
Mirvari Qəhrəmanlı: «Mülkiyyətə heç bir təminat verilmədiyindən məmurlar korrupsiya yolu ilə əldə etdiklərini xaricə çıxarırlar»
WikiLeaks-də Azərbaycanın hakimiyyət yetkililəri haqqında növbəti maraqlı informasiya yayılıb. Söhbət ABŞ-ın Azərbacandakı keçmiş səfiri Enn Dersinin 2009-cu il 12 mart tarixli məktubunda xarici işlər nazirinin müavini Araz Əzimovla görüşü barədə qeydlərindən gedir. Dersi vurğulayır ki, nazir müavini diplomata hansısa imkanlı azərbaycanlıların Əfqanıstanda, Herat yaxınlığında neft emalı zavodu aldıqlarını deyib. Nazir müavini bildirib ki, ölkənin “varlı şəxsləri” Əfqanıstanın enerji sektoruna investisiyalar qoyub, Herat yaxınlığında neft emalı zavodu alıblar.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirdi ki, bu cür informasiyaların yayılması təəccüblü deyil. Çünki Azərbaycan məmurlarının sahib olduqları maliyyə vəsaitlərini ölkədəki vəziyyəti nəzərə alaraq xaricə çıxarmağa çalışmaları heç kimə sirr deyil: “Azərbaycanda mülkiyyətə, maliyyəyə heç bir təminat verilmədiyindən məmurlar korrupsiya yolu ilə əldə etdikləri vəsaitləri xaricə çıxarırlar. Bunun üçün onlar müxtəlif ofşor zonalarda şirkətlər yaradaraq maliyyəni həmin şirkətlərin vasitəsilə ya ölkədə, ya da ölkədən kənarda leqallaşdırmağa çalışırlar”.
Bundan başqa, Azərbaycanda da iqtisadiyyatın bir sıra sektorlarına tamamilə kənar şəxslərin müdaxilə etdiyini deyən M.Qəhrəmanlı vurğuladı ki, hazırda neft sektoru bu tip müdaxilələrdən əziyyət çəkir. M.Qəhrəmanlının sözlərinə görə, həmin şirkətlərdən biri nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsus “Bahar Enerji”dir.
Hikmət


