Məktəbli paltarından “torba” tikmək istəyənlər

YAP-çı deputat Siyavuş Novruzovun saxta məktəbli forması tikən işbazlarla hansı əlaqəsi var?

 

Yeni dərs ili, həmişəki kimi, qovğasız başlamadı. Bir tərəfdən yaşı ötmüş müəllimlər təqaüdə göndərildi, digər tərəfdən yüksək vəzifəli təhsil işçiləri öz postlarını təhvil verməli oldular. Amma valideyn qayğıları bununla bağlı deyildi. Onları daha çox dərs vəsaitləri və məktəbli forması maraqlandırırdı. Lakin bu da problemsiz keçmədi. Dərsliklərin bir qismi bazarlarda satıldı, forma üstündə isə tikiş fabrikinin qarşısı əsl mitinq meydanına çevrildi. Iş o yerə çatdı ki, məktəbli forması ilə bağlı dartışmalar hətta parlamentdə özünə yer aldı. Yenə də korrektə olunmamış fikirləri ilə Səyavuş Novruzov fərqləndi. O qəzəblə bildirdi ki, məktəbli formasını biznesə çeviriblər. Görünür, biznes  barədə hüquq elmləri doktorunun elementar bilgisi yoxdur. Əgər Səyavuş müəllim doktorluq diplomunu YAP funksioneri olduğuna görə deyil, zehni əməyin nəticəsi olaraq qazansaydı, bilərdi ki, istənilən istehsalçının məqsədi gəlir əldə etməkdir və bu əsl biznesdir. Çox təəssüf doğuran haldır ki, hələ də  sosialist təfəkkürlü hüquq doktorlarımız  var.

 

Qara biznesi kim himayə edir?

Bakı Tikiş Evi ASC-nin sədri də əsəbiləşərək açıb sandığı, töküb pambığı. Deyib ki, bəzi adamlar qara biznesə himayədarlıq edirlər, çünki Çindən gətirilmiş saxta paltarları şagirdlərə sırımaq niyyəti güdürlər. Fədai müəllimin sözlərinə inanıb- inanmamaq hər kəsin şəxsi işidir, amma burada təəccüblü heç nə yoxdur, çünki hamı çox gözəl bilir ki, bu ölkədə hakimiyyətlə biznesin cibləri eynidir. Deyilənlərin nə qədər həqiqət olduğunu müəyyən etmək üçün kiçik bir araşdırma apardıq. Bəri başdan deyim ki, bu sahədə istehsalçı tərəfindən manipulyasiya etmək mümkündür. Belə ki, bu gün Azərbaycanda məktəbli forması  sintetik və yarımsintetik parçalardan hazırlanır və sintetik parçanı yarımsintetik əvəzinə təqdim etmək çətin deyil, çünki nəzarət mexanizmi yox səviyyəsindədir. Daha keyfiyyətli olan yun parçalardan  isə bizdə forma hazırlanmır. Müqayisələr üçün ilk növbədə Risiya və Ukrayna təcrübəsinə müraciət etdik.

Məktəbli geyimi neçəyə başa gəlir?

Kiçik ölçülü məktəbli pencəyinin parçası (bizdəki parçaya uyğun gələn) Ukraynada 3.5 manatdır. Əlavə materiallar və istehsal xərcləri isə 9 man. təşkil edir. Beləliklə, pencəyin maya dəyəri 13,1 manata başa gəlir. Istehsalçı isə maya dəyərinin 40%- həcmində gəlir götürür. Alınan rəqəmin üzərinə 50% pərakəndə satış qiyməti qoyulur. Beləliklə, bir məktəbli pencəyi 35,5, kostyum isə 50 manata satılır.
Bakı tikiş fabrikinin 40 manata satdığı kostyum bu  kateqoriyaya uyğundur. Bizdə isə pərakəndə satış yoxdur. Istehsalçı məktəbli formalarını birbaşa alıcılara satır. Anoloji formanın bizim fabrikdə maya dəyərini öyrənməyə nail oldum. Bu 31, 5 manat təşkil edir. Qiymət də məlum- 40 manatdır. Gəliri hesablamaq çətin deyil. Fabrikin xeyrinə olan fərq də birbaşa satışla əlaqədardır. Onu da öyrənə bildim ki, fabrik forma sifarişinə görə dövlətdən heç bir dotasiya almır. Vergi güzəştləri də yoxdur. Yəni digər digər müəssisələr kimi 18% əlavə dəyər vergisi ödəyir.

Forma tikən işbazların himayəçisi kimdir?

Bəs Siyavuş müəllim bu fabrikə nə verib, ala bilmir? Məsələ burasındadır ki, onun himayə etdiyi işbazlar buradakı parçanın nümunəsini Çinə aparmış və malın saxta variantını hazırlatdıraraq Bakıya gətirmişlər. Bu təkcə forma biznesi sahəsində deyil. 8-ci km adlanan bazrda istənilən orijinal malın çin variantı var və istehlakçılar bu böyük şəbəkənin qurbanına çevrilirlər. Azad istehlakçılar birliyinin sədri E.Hüseynov bu barədə dönə- dönə həyəcan təbili çalıb, lakin heç bir müsbət nəticə əldə edə bilməyib, çünki bu böyük bir şəbəkədir. Həmin şəbəkənin parlament bossları olduğu kimi, gömrük havadarları da vardır. Deyilənlərə görə, həmin saxta parçadan Bakıxanov qəsəbəsində forma tikərək bazarlara daşıyırlar. Nəinki forma tikirlər, hətta Bakı tikiş evinin  tanınma nişanını da həmin formaya əlavə edirlər. Deyilənlərin doğruluğunu isbatlayan daha bir arqument: bazarlarda bu qədər forma olmasına baxmayaraq, tikiş fabrikinin qabağında qalmaqallı bir növbə olub; deməli, valideynlərin çoxu saxta formanı tanıya bilib. S.Novruzovun sözlərinə qüvvət verən partiyadaşı Məlahət Həsənova da deyir ki, formanı süni parçadan tikirlər və bu uşaqların sağlamlığına təhlükədir. Indi anlamaq olmur, Məlahət xanım nə üçün və kimi ittiham edir. 
Təəccüb doğuran məqamlardan biri də Bakı Tikiş Evi AS-nin  sədri Fədai müəllimin gəlir barədə söylədiyi rəqəmdir. Onun dediyinə görə, fabrikin gəliri cəmi 5% təşkil edir. Inana bilmirsən, yəni doğrudanmı Azərbaycanda yuxarıların payını vermədən biznes fəaliyyətilə məşğul olmaq mümkündür? Belə olan halda 5% gəlirdən kimə və nə qədər verəsən? Bəlkə bütün dava- dalaş da elə bunun üstündədir?  Amma formanın qiyməti ilə onun maya dəyəri arasındakı fərq göstərir ki, xalis gəlir sədrin dediyi faizə yaxındır.

Rəqiblərə kim torba tikir?

Bakı tikiş fabriki Bakı şəhərində təhsil alan məktəblilər üçün forma hazırlayan yeganə müəssisədir. O da sirr deyil ki, monopolist müəssisələr, nə qədər nəzarət edilsə də,  istədikləri qiyməti diqtə edə bilir. Belə olan halda niyə oxşar tikiş fabrikləri yoxdur? Heç olmasa, anoloji müəssisələri regionlarda yaratmaq olardı. Bəs bu kimin günahıdır? Deməli, ya normal biznes mühiti yoxdur, ya da bilərəkdən bu müəssisəni monopolist edənlər var.    
Bizdə bahalıqdan giley etmək bir qaydaya çevrilib. Araşdıranda görürsən ki, məktəbli forması heç də baha deyil. Sadəcə, vətəndaş hər bir məhsulun qiymətini öz cibi ilə müqayisə edir və narazılıq etməyə haqqı var. Yenə də məsuliyyət dövlətin üzərinə düşür, yəni dövlətin borcudur ki, normal əmək haqqı əldə etmək üçün mühit yaratsın. Bu nöqteyi- nəzərdən belə qənaətə gəlmək olar ki, şagird formalarından tikiş fabriki  əlahiddə gəlir qazanmır. Lakin YAP-çı deputatların gəliri göz qabağındadır. Hansı gəlirdən söhbət getdiyini siz yaxşı bilirsiniz. Onlar öz məkrli   məqsədlərini həyata keçirmək üçün biznes rəqiblərinə məktəbli formasından torba tikmək istəyirlər.

Nabatəli Qulamoğlu