Sarkozinin Bakıya səfəri «sel qaçqını»na düşərli oldu
Imişli rayonunun Murquzallı kəndində yaşayan, əslən Fransadan olan xanım Ivonna Botto Can bir müddət qabaq “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına müraciət edərək 2010-cu ilin yazında baş verən daşqınlar zamanı qəzalı vəziyyətə düşən evinin tikilməsi və doğma vətəninə getmək arzusunu ölkə prezidentinə və Fövqaladə Hallar nazirinə çatdırılmasını xahiş etmişdi.
1941-45-ci illər Böyük Vətən müharibəsindən sonra azərbaycanlı cəsur partizan Səməd Şirməmmədovla ailə həyatı quraraq Azərbaycana pənah gətirmiş 83 yaşlı fransız xanımın məktubunu aidiyyəti orqanlara çatdıran və problemi ictimailəşdirən “Kür” Qərargahının bu addımından sonra Ivonna xanımın ailə həyatı, keçdiyi ömür yolu təkcə yerli qəzet və televiziyaların deyil, beynəlxalq mətbuatın da diqqət mərkəzində oldu. Imişli RIH-in və FHN-in məsul şəxsləri onunla görüşərək problemi ilə maraqlanmış və həllinə köməklik edəcəklərini söz vermişdilər.
Bir neçə gün öncə fransız Ivonna xanımın övladlarının “Kür” Qərargahına verdiyi məlumata görə, aidiyyəti qurumlar onun müraciətinə müsbət reaksiya verərək qəzalı evinin tikintisinə başlayıblar. Imişli rayonunun Murquzallı kəndinə səfər edən Qərargah üzvləri tikintinin gedişi ilə tanış olublar. Tikintini Fövqaladə Hallar Nazirliyi aparır. Bu şad xəbərə başqa bir şad xəbər də əlavə olunub. Fransız xanımın 60 il qəlbində gəzdirdiyi arzu reallaşmaq üzrədir. Onun yaxın günlərdə Fransaya aparılacağı gözlənilir. Qeyd edək ki, bir neçə gün öncə Fransanın dövlət televiziyasının əməkdaşları da Imişli rayonunun Murquzallı kəndinə səfər edərək Ivonna xanımdan müsahibə alıblar. TV jurnalistlərinin Fransaya səfər zamanı onu müşayiət edəcəkləri gözlənilir.
Bəziləri fransız xanıma bu diqqəti Fransa prezidentinin 7 oktyabrda Bakıya gerçəkləşəcək səfəri ilə əlaqələndirir.


