Ikihakimiyyətli Şamaxı xanlığı

Tarixi ədəbiyyatda Şirvan xanlığı

Məlum olduğu kimi, XVIII yüzilliyin ortalarında Azərbaycan xalqının həyatında yeni mərhələ başlandı: Azərbaycan tarix səhnəsinə vahid dövlət kimi deyil, bir sıra kiçik feodal dövlətlərinə – xanlıqlara və sultanlıqlara parçalanmış şəkildə çıxdı. Həmin xanlıqlardan biri də Şamaxı xanlığı olmuşdur. Azərbaycanın Arazdan şimalda yerləşən xanlıqlarının çar Rusiyası tərəfindən işğal olunmasından sonra Şamaxı xanlığı tarixi ədəbiyyatda “Şirvan xanlığı” adlanmışdır.

Şamaxı xanlığı 1747-ci ildən 1820-ci ilədək mövcudluğunu qoruyub saxlamışdır. Xanlığın paytaxtı Şamaxı şəhəri, arabir Yeni Şamaxı (Ağsu), ən sonda isə Fitdağ şəhəri olub.

Şamaxı xanlığında ikihakimiyyətlilik hökm sürmüşdür. Bir hissəsində Məhəmməd Həsən xan, digər hissəsində isə Məhəmməd Səid və Ağası qardaşlarının hakimiyyəti mövcud idi. 1763-cü ildə Məhəmməd Səid xan Şamaxı xanlığını birləşdirdi və xanlığın mərkəzi Şamaxı şəhəri oldu. 1767-ci ildə Quba və Şəki xanlıqları Şamaxıya hücum etdi və ərazisi onlar arasında bölüşdürüldü. 1790-cı ildə Şirvan xanları hakimiyyətləri bərpa etdilər.

Məlumdur ki, Şirvan coğrafi baxımdan böyük ərazini əhatə edirdi. Şirvan ərazisində bir neçə xanlığın Quba, Bakı, Şamaxı, Şəki xanlıqlarının və Salyanın mövcudluğunu nəzərə alaraq,  son dövrlərdə həmin xanlıq elmi baxımdan obyektiv adla  “Şamaxı xanlığı” adlanmışdır. Rus mənbələrində gah Şirvan, gah da Şamaxı xanlığı adlandırılan bu xanlıq Osmanlı mənbələrində Şirvan xanlığı adlandırılır. Osmanlı mənbələrində, nəinki Şamaxı xanları, hətta Quba, Şəki xanları da Şirvan xanları kimi təqdim edilmişdir. Buradan belə bir qənaətə gəlmək olar ki, Şirvan regionunda müstəqil xanlıq taxt-tacına sahib olan hər bir xan qonşu dövlətlərlə yazışmalarında özünü Şirvan hakimi kimi təqdim etmişdir. Lakin məlum həqiqətdir ki, heç bir Şamaxı xanı bütün Şirvan torpaqlarına sahib ola bilməmişdi. Baxmayaraq ki, qubalı Fətəli xanın perspektiv planlarında keçmiş Şirvanşahlar dövlətinin sərhədlərini bərpa etmək və özünü onların varisi kimi qələmə vermək arzusu olmuşdu və bu məqsədlə də o, Köhnə Şamaxını möhkəmləndirməyə, onu şimal-şərqi Azərbaycan torpaqlarının mərkəzinə çevirməyə böyük səy göstərirdi. XIX yüzillikdə yaşamış N.Zeydlis bu haqda yazırdı: “Fətəli xan Quba, Bakı, Şamaxı, Salyanı öz hakimiyyəti altında birləşdirərək, bu yolla Şirvanşahlar dövlətini bərpa edir”. Lakin qubalı Fətəli xan Azərbaycanın şimal-şərq torpaqlarını birləşdirdikdə belə özünü Şirvan hökmdarı adlandırmamışdır. 

Xanlıq tarixində Sərkərlər nəsli

Sərkərlər nəslinə mənsub olan Şamaxı xanları minillik tarixə malik olan Şirvanşahlar dövlətini bərpa etməyi qarşılarına məqsəd qoymamış və bu qüdrətə də malik ola bilməmişlər. Şamaxı xanları da Azərbaycanın əksər xanları kimi yalnız xanlığın müstəqilliyini qoruyub saxlamaq uğrunda mübarizə aparmışlar. Nadir şah Əfşarın yaratdığı imperiyanın dağılması ilə əlaqədar XVIII yüzilliyin ortalarında Köhnə Şamaxıda varlı ailədən olan Xançobanı tayfasının Sərkərlər nəslinin nümayəndəsi Allahverdi bəyin oğlanlarının, Yeni Şamaxıda isə Hacı Məhəmmədəlinin hakimiyyətə gəlməsi ilə ikihakimiyyətlilik əsasında Şamaxıda müstəqil xanlıq yaranır. Şamaxı xanlığını 1747-ci ildən Nadir şah Qırxlı-Avşar tərəfindən bu yörəyə vəkil təyin edilmiş Hacı Məhəmmədəli xan Sufi Nəbi oğlu Zərnəvai idarə edirdi.

Hacı Məhəmmədəli xan oturaq əyan-əşrəfin nümayəndəsi idi. Köçəri əmirlər onun başçılığı ilə barışa bilmirdilər. Xançobanlı elindən çıxmış Əsgər bəy Allahverdi bəy oğlu ona qarşı mübarizəyə başladı.

Sərkərlər nəsli, Şamaxı xanlığının yaranmasında, həmçinin əvvəlki dövrlərdə də Şamaxıda siyasi qüvvə kimi özünü göstərə bilmişdir. 1721-ci ildə Hacı Davud Şirvanda üsyan qaldırarkən Şamaxını ələ keçirir və burada böyük nüfuza malik olan Sərkərlərin nümayəndəsini öldürür. Çox güman ki, həmin nümayəndə Sərkərlər nəslindən olan Əsgər bəyin Allahverdi bəydən başqa digər övladlarından biri olmuşdur.

Hadisələrin sonrakı gedişi göstərir ki, Hacı Davud Şamaxıda hakimiyyəti ələ keçirmək üçün türk sultanından kömək istəyir. Şamaxı xanlığında ikihakimiyyətliliyin mövcud olması haqda tarixi mənbə və ədəbiyyatlarda müxtəlif, əsasən bir-biri ilə uyğunsuzluq təşkil edən fikirlər mövcuddur. Məlumata görə, Yeni Şamaxıda hakimiyyəti ələ alan Hacı Məhəmmədəli xan Zərnəvaini Nadir şahın vergi yığanı idi və eyni zamanda şah ordusunu ərzaqla təmin edirdi. Nadir Əfşar Köhnə Şamaxını dağıtdıqdan sonra Hacı Məhəmmədəlini Yeni Şamaxıya hakim təyin etmişdi. Digər bir məlumata görə isə Nadir şah oğlu Nəsurullah Mirzəni kiçik bir dəstə ilə burada hakimiyyətə qoymuşdu. Nadir şahın ölümündən sonra Köhnə Şamaxıda Allahverdi bəyin oğlanları – Məhəmmədsəid və Ağası xan öz hakimiyyətlərini möhkəmləndirmişdilər. Şamaxı xanlığında ikihakimiyyətliliyin mövcud olması xanlığın mübarizə qüdrətinə mənfi təsir göstərirdi. Belə ki Şamaxı ərazisinə hücum edən qonşu xanlara qarşı birgə ittifaq yaratmaq mümkün olmur, bəzən ayrı-ayrılıqda mübarizə aparılır, bəzən isə bir-birinin əksinə hərəkətlər edilirdi. Məsələn: 1755-ci ildə Hacı Çələbi çox sayda qoşunla Şirvanı almaq məqsədilə gəlib Ağsu şəhərini mühasirə etdikdə Yeni Şamaxı hakimi Hacı Məhəmmədəli xan Quba hakimi Hüseynəli xandan kömək istədi. Hacı Məhəmmədəli ilə Hüseynəli xanın birləşmiş qüvvələri Hacı Çələbini məğlub edə bilirlər. Lakin 1758-ci ildə Qubalı Hüseynəli xanın ölümü ilə əlaqədar yaranan qarışıqlıqdan istifadə edən Ağarəzi bəy dərhal gedib

Qubanın Bərmək mahalını qarət edir və 200 ailəni özü ilə götürüb gətirir. Buna cavab olaraq Fətəli xan Şamaxıya hərəkət edəndə Ağarəzi bəy onun qarşısına çıxır və şəhərin yaxınlığında məğlub edilərək öldürülür. 
Tarixşünaslıqda Şamaxı xanlığında ikihakimiyyətliliyin 1748-ci ildən 1761-ci ilə kimi, bəzi hallarda isə bu vəziyyətin 1763-cü ilə kimi davam etdiyi göstərilir. Lakin birinci variant daha həqiqətə uyğundur. Çünki 1761-ci ildən sonra Hacı Məhəmmədəlinin adına hakim kimi heç bir mənbədə rast gəlinmir.Hər zaman hakimiyyət savaşında

Hacı Məhəmmədəli xanın hakimiyyətdən devrilməsi haqda olan məlumatlar müxtəlifdir. S.Qmelin bu haqda qeyd edir ki, Məhəmmədsəid 1761-ci ildə Hacı Məhəmmədəlini məğlub edərək, təkhakimiyyətliliyə sahib olur, Köhnə Şamaxıya qayıdır və Yeni Şamaxıya isə naib təyin edir. Tədqiqatçı H.Abdullayev isə Hacı Məhəmmədəlinin hakimiyyətdən devrilməsini Kərim xan Zəndlə mübarizədə məğlub olan urmiyalı Fətəli xanın sərkərdəsi Azad xan ilə bağlı olduğunu göstərir. Belə ki, məğlub olan Azad xan öz dəstələri ilə Gürcüstana, oradan isə Şamaxıya gəlir. Hacı Məhəmmədəli xan onu böyük sevinclə qarşılayır. Şamaxıda sığınacaq tapan Azad xan çox keçmir ki, yerli əhalini təhqir edərək incitməyə başlayır. Hacı Məhəmmədəli xan isə xalqın narazılığına baxmayaraq, bütün bunlara göz yumur və nəhayət, bu onun hakimiyyətdən devrilməsinə səbəb olur .

Şamaxı  xanlığı çox güclü hərbi qüvvəyə malik idi və 10 min, bəzən isə 12 min nəfərlik qoşun toplaya bilirdi. Məhz hərbi cəhətdən güclü olmasının nəticəsi idi ki, xanlıq səkkiz il Quba xanlığının birləşdirmə siyasətinə qarşı mübarizə aparmışdı. Qubalı Fətəli xan bu məqsədlə dəfələrlə Şirvabn xanlığı üzərinə hərbi yürüş etmiş, lakin hər dəfə itki verərək geri çəkilmiş, yalnız 1768-ci ildə şəkili Hüseyn xan ilə birləşərək xanlığın ərazisini Şimal-Şərqi Azərbaycan torpaqlarına daxil edə bilmişdir. Şamaxı xanlığı Quba xanlığının tərkibində 1789-cu ilə kimi qalmasına baxmayaraq, öz müstəqilliyinə yenidən nail olmaq üçün davamlı olaraq mübarizə aparmışdır.

Nadir şah imperiyasının dağılmasından sonra Iranda taxt-tac uğrunda Qacarlarla Zəndlilər arasında qarşıdurma baş verən zaman Şamaxıda ikihakimiyyətlilik dövrü idi. Bu zaman Hacı Məhəmmədli xan Qacarlara qarşı idisə, Zəndlilər Qacarların Azərbaycanın şimal torpaqlarına olan iddiası ilə əlaqədar olaraq əks tərəflə – yəni Köhnə Şamaxıda Sərkərlərlə ittifaqa üstünlük verirdilər.

Ümumiyyətlə, 1761-cı ilə qədər davam edən ikihakimiyyətlilik şəraitində Şamaxı xanlığının Iran ilə münasibətləri xeyli ziddiyyətli olmuşdur. 1792-ci ildə Şirvan xanlığında hakimiyyətə sahib olan Mustafa xan isə Qacarlarla münasibətində diplomatik manevr edərək tabe olmaqdan həmişə imtina etmişdir.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir