Kəmaləddin Heydərovla bağlı məsələ dünya mətbuatının gündəmindən düşmür
“Foreign Policy Association” Internet nəşri qarşıdakı London olimpiadasında iki qızıl medal qazanmaq məqsədilə Azərbaycanın rəsmi şəxslərinin Beynəlxalq Boks Federasiyasını ələ almaq cəhdləri ilə bağlı BBC-nin materialının ətrafında yaranmış qalmaqal barədə Karl Raderin məqaləsini dərc edib. Bu reportaj böyük qalmaqala və bu işin araşdırılması üzrə xüsusi komitənin yaradılmasına səbəb olub. Belə ki, BBC-nin “Newsnight” proqramı sentyabrın 22-də göstərib ki, Beynəlxalq Həvəskar Boks Federasiyası iki azərbaycanlı boksçunun Olimpiya qızıl medalı ilə təmin olunmasının müqabilində Isveçrə bankının vasitəsilə Azərbaycanda gizli mənbədən, ən azı 9 milyon dollar alıb.
“Newsnight” adları çəkilməyən iki nəfərə, həmçinin Assosiasiyanın direktoru Ivan Xodabaxşla Azərbaycan hökumətindəki məmur arasında elektron yazışmaya istinad edib. Reportajda FHN əməkdaşının nazir Kəmaləddin Heydərovun adından Xodabaxşa göndərdiyi məlumat yer alıb. K.Heydərov Boks Federasiyasının rəhbəridir, Azərbaycanda üç və ya dörd ən nüfuzlu şəxsdən biridir. Onun ailəsi isə “Azərbaycanda ikinci ən güclü kommersiya ailəsi” kimi qiymətləndirilir.
Öz növbəsində Boks Assosiasiyası bildirib ki, nazir naməlum azərbaycanlı investorun adından hərəkət edib və onun bu işə şəxsən bağlılığı barədə heç bir sübut yoxdur.
Odur ki, pulların şəxsən Heydərovdan və ya Azərbaycan hökumətindən daxil olduğunu söyləmək çətindir.
Lakin Assosiasiyasının nümayəndələri bildiriblər ki, informasiya mənbəyi keçmiş narazı əməkdaşdır və o, işdən çıxarılıb. Əsasən Ceff Bens nəzərdə tutulur.
O, əvvəllər ABŞ Olimpiya Komitəsinin baş hüquq məsləhətçisi olub. Işdən çıxarılmasına marketinq strategiyası və xərclərlə bağlı Xodabaxşla münaqişəsi səbəb olub.
Lakin araşdırma müəllifi bu qədər böyük məbləğin yalnız qızıl medallar haqda vədlərin müqabilində olması ehtimalını şübhə altına alır. Bununla belə, BBC-nin ən güclü sübutları iki anonim mənbədir. Belə ki, onlar bildiriblər ki, pulun müqabilində olimpiya medalları azərbaycanlı boksçulara veriləcək. Assosiasiya ittihamları rədd edərək bildirib ki, bu, xarici investorla qanuni sövdələşmə olub, onun əksini söyləyənlər isə vaxtilə Assosiasiyadan kənar ediliblər.
Məqalə müəllifi qeyd edir ki, belə olan vəziyyətdə ən yaxşı variant müstəqil araşdırmanın aparılmasıdır. Çünki Assosiasiyanın daxilində aparılan yoxlama çətin ki obyektiv olsun. Qeyd edək ki, bu ilin aprelində Boks Assosiasiyasının ABŞ bölməsinin işçilərindən biri Erik Parten Assosiasiya rəhbərliyinə qarşı iddia qaldıraraq onu 2010-2011-ci illərdə hər biri 5 milyon dollar olmaqla üç tranşda 15 mln. dolların idmançılara verilməməsində ittiham edib.
Bu, dolayısı ilə göstərə bilər ki, Assosiasiya naməlum azərbaycanlı investorun vəsaitindən öz problemlərinin həllində istifadə edə bilər(Turan).